PDF Oxu

Araşdırma

  • 14

Azərbaycan və İtaliya səhiyyə sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və İtaliya səhiyyə sahəsində əməkdaşlıq edəcək
Azərbaycan Milli Onkologiya Mərkəzi İtaliyanın "Beynəlxalq Onkoloji Yardım" qeyri-kommersiya İctimai Təşkilatı (C.A.İ. Onlus) ilə səmərəli əməkdaşlıq edəcək. Bununla əlaqədar hər iki qurum arasında Memorandum imzalanıb. C.A.İ. Onlusun ölkəmizdə səfərdə olan mütəxəssisləri Milli Onkologiya Mərkəzində olublar. Mərkəzin baş direktoru, akademik Cəmil Əliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat veribdir. İtaliyalı mütəxəssislər Milli Onkologiya Mərkəzinin fəaliyyətini, burada xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər. Sonra Milli Onkologiya Mərkəzi ilə "Beynəlxalq Onkoloji Yardım" təşkilatı arasında Memorandum imzalanıb. Sənədi Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və təşkilat adından İtaliyanın Cuddi Klinikasının baş həkimi M.Kastodi imzalayıblar. Sənədə əsasən C.A.İ Onlus onkoloji xəstələrin müayinəsi, müalicəsi, eləcə də, kadr hazırlığı sahələrində, habelə, tibbi avadanlığın alınmasında Azərbaycana yardım göstərəcək. Azərbaycanlı həkimlər İtaliyada ixtisasartırma kursları keçəcək, italiyalı mütəxəssislər isə Bakıda treninqlər təşkil edəcəklər. Sonra "Beynəlxalq Onkoloji Yardım" təşkilatının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Bildirilib ki, beynəlxalq humanitar tibbi yardım təşkilatı olan C.A.İ. Onlusun əsas məqsədi onkoloji xəstələrin müalicəsinin effektivliyini gücləndirmək, bu xəstəliyin xüsusən uşaqlar arasında yayılmasının qarşısının alınmasına köməklik göstərməkdir. Azərbaycanda bu istiqamətdə görülən işlər, Milli Onkoloji Mərkəzin açılması, Onkoloji Uşaq Xəstəxanasının tikintisi və digər tədbirlər C.A.İ. Onlus rəhbərliyinin diqqətini cəlb edib.

Digər xəbərlər