Ermənistan Rusiyanın yardımını almaq üçün Gürcüstandan istifadə edəcək
Regionun ən geridə qalmış dövləti olan Ermənistanda vəziyyət günü-gündən daha da ağırlaşmaqdadır. Ölkənin sosial-iqtisadi vəziyyəti Ermənistanı əhatə edən hərtərəfli böhranın tərkib hissəsinə çevrilərək geriləməyə doğru gedir.
Belə olan təqdirdə Ermənistanın beynəlxalq aləmdə siyasi fəaliyyətinin də zəifləməsinə şərait yaratmaqdadır. Münaqişəli vəziyyətdə olmasına görə, qonşu dövlətlər tərəfindən də təcrid olunan Ermənistanın sosial vəziyyətinin ağırlaşması ölkə əhalisinin hökumətə qarşı etirazlarında da öz əksini tapmaqdadır. Ölkə əhalisinin dərin iqtisadi-sosial böhranın nəticələrindən əziyyət çəkməsi müxalifətin kütləvi etiraz mitinqlərində də səsləndirilir. Xarici dövlətlərdən alınan ianələr hesabına yaşayan Ermənistan hökuməti isə bu böhranlı vəziyyəti düzəltməkdə acizdir. Böhranın ağır nəticələrindən qurtulmaq üçün də məhz himayədar dövlətlərin köməyinə göz dikən Ermənistan üçün Rusiya - Gürcüstan sərhədinin açılması da mühüm əhəmiyyətli hesab edilir ki, buradan da Ermənistana Rusiyadan malların keçiriləcəyi ehtimal edilir.
Əslində bu sərhədin açılması da məhz Ermənistana Rusiya tərəfindən ediləcək yardıma bir növ vasitə kimi dəyərləndirilir. Yuxarı Lars - Kazbeki nəzarət buraxılış məntəqəsinin açılması ilə Ermənistana Rusiya tərəfindən hərbi vasitələrin də ötürülməsi müzakirə mövzusu olaraq qalmaqdadır. Əlbəttə, bununla bağlı nəzarət buraxılış məntəqəsinin açılmasından sonra demək olar ki, hər gün Gürcüstan rəsmiləri tərəfindən belə bir halın yolverilməz olduğu barədə açıqlamalar verilir. Xarici işlər naziri də bu barədə çıxış edərək Rusiya tərəfindən bu nəzarət buraxılış məntəqəsindən Ermənistana heç bir hərbi yükün daşınmayacağına dair Gürcüstan dövləti tərəfindən zəmanət verildiyini qeyd edib.
Xatırladaq ki, ki, Rusiya ilə Gürcüstan arasında olan bu buraxılış məntəqəsi 2006-cı ildə təmir işləri ilə əlaqədəra olaraq bağlanmışdı. Onun açılmasına dair razılıq 2009-cu ildə əldə olunmuşdur. Bu məntəqənin açılması məhz Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstana səfəri zamanı mart ayının 1-də açıldı.
Məsələyə münasibət bildirən Azərbaycan tərəfinin də bundan narazı olması barədə bəyanat verilib. Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistanın silahlanmasına qarşı çıxış edən Azərbaycan hökuməti Yuxarı Lars-Kazbeki məntəqəsinin açılmasından narahatlığını xarici işlər nazirliyi səviyyəsində Gürcüstan hökumətinə çatdırsa da Gürcüstan hər vəchlə Azərbaycanı bu məsələdə rahat salmağa çalışaraq demək olar ki, bu barədə hər gün müxtəlif səviyyəli bəyanatlarla çıxış edir. Buna baxmayaraq, artıq nəzarət buraxılış məntəqəsi açıldıqdan bir neçə gün sonra məntəqədə yaşanan kiçik bir münaqişə Gürcüstanın baş verə biləcək hadisələrdə cavabdeh olmayacığına və bu hadiəsələrin qarşısını almağa qadir olmayacağına bir işarədir. Kim zəmanət verə bilər ki, bir müddət bundan sonra bu məntəqə vasitəsilə Ermənistana hərbi yük daşınmayacaq?
Yuxarı Lars - Kazbeki məntəqəsinin açılmasına qədər baş verən hadisələr bu prosesin məhz Ermənistanın bilavasitə iştirakçılığı ilə baş verməsini sübut edir. Ermənistan xarici işlər naziri E.Nalbandyan da bu məntəqənin açılmasına dair danışıqların Ermənistanda keçirilməsi barədə bəyanat verib. Bundan başqa, Ermənistan prezidenti S.Sarkisyanın mart ayının əvvəlində Gürcüstana iki günlük səfəri də bunu deməyə əsas verir ki, bu məsələ Rusiya ilə Gürcüstanın deyil, məhz Ermənistanın maraq dairəsindədir. Əgər belə olmasaydı, Gürcüstan prezidenti M.Saakaşvili məntəqənin açılması ilə əlaqədar olaraq Ermənistan prezidentini xüsusi dəvətlə Gürcüstana çağırmaz və Yuxarı Lars - Kazbeki məntəqəsinin yeni təmirdən çıxmış görkəmi ilə tanış etməzdi. Görünür, E.Nalbandyanın verdiyi bəyanat doğrudur. Üç illik fasilədən sonra açılan nəzarət buraxılış məntəqəsinin Ermənistanın maraqlarına xidmət edəcəyi də istisna edilmir. Ermənistan öz hərbi vəziyyətinin ağırlaşmasını nəzərə alaraq Rusiyanın ona edəcəyi köməyi təmin etmək üçün Rusiya - Gürcüstan sərəhədindən istifadə etmək niyyətindədir. Bunun qarşısını almaq və regionda sabitliyin davamlı olması üçün region ölkələrinin eləcə də Gürcüstanın daha ehtiyatlı olması vacibdir.