PDF Oxu

Araşdırma

  • 13

Ombudsman BMT-nin HİV/AİDS Proqramının regional əlaqələndirici ilə görüşüb

Ombudsman BMT-nin HİV/AİDS Proqramının regional əlaqələndirici ilə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan BMT-nin HİV/AİDS Proqramının (UNAİDS) regional əlaqələndiricisi Manoela Qrozdanovana ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, tanışlıq məqsədi daşıyan görüşdə M.Qrozdanova yenidən Ombudsman seçilməsi ilə bağlı E.Süleymanovanı təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. O, təmsil etdiyi regional ofisin ötən ilin iyulundan fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Qonaq dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların səylərinə baxmayaraq, bu xəstəliyin sürətlə yayıldığını vurğulayıb. İnsan immunçatışmazlığı üzrə əməkdaşlığın zəruriliyi, görüşün məqsədinin Ombudsmanla bu istiqamətdə qarşılıqlı əməkdaşlığın perspektivlərini müəyyənləşdirməkdən ibarət olduğu bildirilib.
Müvəkkil təsisatının HİV-ə yoluxmuş xəstələrin hüquqlarının müdafiəsi və bu sahədə geniş maarifləndirmə işi aparılması istiqamətində Bakıda və rayonlarda Ombudsmanın regional mərkəzlərinin də cəlb olunduğu silsilə tədbirlərin keçirildiyi, AİDS və narkomaniya əleyhinə təbliğat məqsədilə əhaliyə lazımi bilgilər verildiyi, yeniyetmələr və gənclər üçün treninq-seminarlar təşkil olunduğu, televiziya və radio verilişlərinin səsləndirildiyi qeyd olunub.
2010-cu ilin ölkəmizdə "Ekologiya ili" elan olunduğunu, cari ilin iyununda "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişməsinin hüquqi və etik aspektləri" mövzusunda Ombudsmanların növbəti Beynəlxalq Bakı konfransının təşkil ediləcəyi nəzərə çatdırılıb.
M.Qrozdanova təmsil etdiyi qurumun HİV-ə yoluxmuş şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində tərəfdaşlığa yardımçı olduğunu diqqətə çatdırıb. Görüşdə Müvəkkil bir sıra təkliflər irəli sürüb. Dövlət orqanları, QHT-lər, icmalar və KİV-lə, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, AİDS-lə mübarizə mövzusunda seminarın keçirilməsi, bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi və beynəlxalq konvensiyalara uyğunlaşdırılması, əhalinin, o cümlədən HİV-ə yoluxmuş şəxslərin maarifləndirilməsi məqsədilə tədbirlərin keçirilməsi, maarifləndirici TV proqramlarının artırılması, UNAİDS-in dəstəyi ilə birgə hüquqi nəşrlərin, plakatların hazırlanması, AİDS-lə bağlı sorğu kitabçasının, təsisatda müvafiq kitabxananın yaradılması, paytaxt və regionlarda birgə treninqlərin təşkili və s. təkliflər bu qəbildəndir.

Digər xəbərlər