Bir qrup ictimai birlik ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin "erməni soyqırımı" ilə əlaqədar çıxardığı qərara etiraz edir
Azərbaycanda fəaliyyət göstərən bir qrup ictimai birlik ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin "erməni soyqırımı" ilə əlaqədar çıxardığı qərara etiraz edib.
Bəyanatın mətnində deyilir: "4 mart 2010-cu il tarixdə ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı layihəsinin səsə qoyulması və bununla ABŞ-ın illərdən bəri strateji müttəfiqi sayılan Türkiyəni haqsız və ədalətsiz şəkildə ermənilərin boş-boş xəyallarına qurban verməsi və bölgədə xoşagəlməz hadisələrin cərəyan etməsinə gətirib çıxara bilər. Hər ilin 24 aprel tarixi ərəfəsində türk dünyasının gözü ABŞ konqresinə dikilir. Erməni lobbisinin əlində alətə çevrilmiş bu qurum Türkiyəni həmişə uydurma erməni soyqırımı ilə hədələyir və sonda Prezidentin "yox" kəlməsi ilə məsələ təxirə salınır. İndiyədək bu oyunun davam etdirilməsi Amerika kimi bir dövlətinin dünyaya sülh və ədalət gətirmək prinsipini kölgədə qoyur.
Əslində tarixçilərin və soyqırım məsələləri üzrə mütəxəssislərin üzünə dövlət arxivlərini açıq elan edən Türkiyənin ədalətli mövqeyi hər kəsə yaxşı bəllidir. Təəssüf ki, bunu qulaqardına vuran qarşı tərəf məsələni yalnız siyasi yolla, hansısa dünya güclərinin, xüsusilə, ABŞ-ın vasitəsilə öz xeyrinə həll etməkdən ötrü dəridən-qabıqdan çıxır. Guya, 1915-ci ildə türklər ermənilərin kökünü kəsmiş və cəmi 5-10 fağır, yazıq erməni qalmış ki, onlar da ABŞ-a sığınmışlar.
Bütün bunlar türklərə qarşı ədalətsizlikdən başqa bir şey deyil. Məqsəd isə hansı üsulla olursa-olsun iqtisadi, mədəni və siyasi sahədə böyük uğurlar qazanan Türkiyəni asılı vəziyyətdə saxlamaq və erməni lobbisinin uydurma "soyqırım" planına qurban verməkdən ibarətdir.
Amerika Birləşmiş Ştatlarının Konqresinin Nümayəndələr Palatasının komitəsinin çıxartdığı bu qərəzli və ədalətsiz qərarı Azərbaycan cəmiyyətini dərindən sarsıtmş və hiddtləndirmişdir. Azərbaycan cəmiyyətində belə bir fikir kök salmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətləri tərəfindən münaqişəyə ikili standartlarla yanaşılması, təcavüzkarın öz adı ilə çağırılmaması və cəzasız qalması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır.
Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatlarının Konqresinin Nümayəndələr Palatasının komitəsində ədalətsiz qərarın qəbul edilməsi bölgədə sülh yaradılması səylərinə mane olur və danışıqlar prosesində indiyədək əldə edilmiş pozitiv nəticələri heçə endirə bilər. Bəs ABŞ kimi bir dövlət nə əcəb Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 20 faizindən çoxunun işğal altinda olduğunu, 1918-ci il 31 martda və 1992-ci il 26 fevralda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları dillərinə gətirmir? Məgər videolentlər, canlı şahidlərin dedikləri və sair dəlillər bəs etmir? Əlbəttə, hər şey göz qabağındadır. Hətta Avropa Şurasının, BMT-nin ən yüksək tribunalarından bu faktlar səsləndirilmiş və qərarlar qəbul olunmuşdur. Amma dünya hadisələrinə öz şəxsi mənafeləri baxımından yanaşmalar Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırıma can-can deməklə kifayətlənirlər.
ABŞ Konqresinin atdığı yanlış addıma qeyri-hökümət təşkilatları olaraq etirazımızı bildirir və ədalətin bərpa olunmsı üçün habelə Azərbaycan ictimai rəyində ABŞ-a qarşı yaranmış bu qəzəbin yumşalması üçün ciddi addımlar atılacağını gözləyirik.
Bəyanatı Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova imzalayıblar.