“İnsan alveri və qadın zorakılığı cəmiyyətin bəlasıdır"
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Abşeron rayon polis idarəsində "İnsan alveri və qadın zorakılığı cəmiyyətin bəlasıdır" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə təşkilatın sədri Ramiz Alıyev açaraq, bildirdi ki, ölkə başçısı İlham Əliyevin 6 may 2004-cü il Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib.
Bu sərəncamdan sonra ölkə ərazisində İnsan Alverinə Qarşı Mübarizə sahəsində əməli və sistemli tədbirlər görülüb: "2009-cu il 6 fevral tarixində isə ölkə Prezidenti İnsan Alverinə Qarşı Mübarizə sahəsində Milli Fəaliyyət Planına uyğun olaraq həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu sərəncamlara uyğun olaraq həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində ciddi işlər görülür və uğurlar əldə edilir. Beləliklə, biz də İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı olaraq, bu problemlərə biganə qalmayaraq, öz növbəmizdə, insan alverinə qarşı mübarizəni təmin etmək məqsədilə təşkilatın idarə heyətinin qərarı ilə illik tədbirlər planı hazırladıq. Həmin plana əsasən, il ərzində təşkilatımız insan alverinə qarşı mübarizə sahəsində ölkənin bir çox şəhər və rayonlarında tədbirlər həyata keçirir".
Tədbirdə çıxış edən daxili işlər nazirliyi insan alverinə qarşı mübarizə idarəsinin əməkdaşı polis polkovnik-leytenantı Fuad Əliyev bildirdi ki, burada hüquqi aspektlərin də rolu var. Amma psixoloji amillər daha çoxdur: "Problemlərin aradan qaldırılması istiqamətində isə ciddi addımların atıldığını görürük. Bilirsiniz ki, əhalinin yarıdan çoxu qadınlardır. Qadınlar isə gələcəyimizlə - uşaqlarla bağlıdır və nəhayət, cəmiyyətin tərkib hissəsi olan ailənin aparıcı üzvüdür. Qadın problemləri ilə məşğul olan QHT-lər bu sahədə müəyyən qədər iş görürlər. Hətta qadınlarla bağlı problemlərin həllində siyasətin dəyişməsinə də təsir edə bilirlər. Lakin düşünürəm ki, hər hansı bir problemin həllində bu təşkilatlar birgə təşəbbüs göstərməlidir. Əgər ümummilli məsələlərdən, ümumi qadın problemlərindən söhbət gedirsə, mütləq qüvvələrin birliyi təmin olunmalıdır. Ümumiyyətlə, problem böyük və ciddi olanda, təşkilatların şəbəkəli fəaliyyətinə ehtiyac yaranır. Əsasən, qadın təbəqənin maarifləndirilməsi, onlarla bağlı praktik tədbirlərin görülməsi və ünvanlı məlumatlandırılması da böyük şərtdir".
Çıxış edən "XXI Əsrin Qadınları" İB-nin sədri Mahirə Əmirhüseynova, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova bildirdilər ki, bu gün ailə-nikah münasibətlərinə diqqət verilməli, erkən nikahlara son qoyulmalıdır. Həmçinin, qadınlar arasında maarifləndirmə işləri aparılmalıdır: "Hansı günah sahibi olmalarından asılı olmayaraq, insan alverçilərinin qurbanına çevirilənlər bizim vətəndaşlarımızdır və onların hüquqları müdafiə olunmalıdır".