PDF Oxu

Araşdırma

  • 8

"Xocalı simfoniyası"

"Xocalı simfoniyası"


"- Xocalım!... Məğlubum! Necəsən?
Yoxsa dağ çəkdi sinənə, tarixi dilənçi?

Xocalı faciəsi tarixin amansız soyqırımı kimi Azərbaycanın XX əsr salnaməsinin silinməz bir hissəsidir. Bu soyqırımı ifadəsinin arxasındakı böyük məna yükü onun bəşəriyyət üçün nə qədər amansız və təhlükəli olduğunu göstərir. Dünya tarixində az sayda yaşanılan soyqırımı insanlığa qarşı bir siyasət olduğundan, irqindən-dinindən asılı olmayaraq, birmənalı qəbul edilir və bunu törədənlərə yüzilliklərin məsafəsində lənətlər yağdırıb, siyasi toqquşmalarda psixoloji anları yaşadanlar tarixin tribunasında cavab verməli olurlar. Ötən əsrdə milyonlarla insana qarşı dəhşətlər yaşadanlar haqq-hesab verməyə belə cəsarətli deyillər. Ölümə hökm verməyə "cəsarətli" olanlar haqq-ədalət tribunasında aciz və müti görünürlər.
Erməni xislətinin daxilində qorxaqlıq rəzillik, cinayət törətmək kimi psixoloji xüsusiyyətlər dayanır. Onların bəşəriyyət üçün törətdikləri cinayətlər Azərbaycan ədəbiyyatında bədiiləşir, zamanın ixtiyarına verilərək, oxucu mühakiməsində bir daha lənətlənirlər. Dünyada yaşanılan tarixi həqiqətlər obrazlaşdırılaraq, bədii təxəyyülün məhsulu kimi tarixi dövrlərdə yaşanılacaq əsrlərə köçürülür. Çağdaş poeziyamızda bədii həqiqətlərin məcmusundan misralar yaradan Nurəngiz Günün "Xocalı simfoniyası" da zaman həqiqətlərinin əks-sədasıdır. Onun bu simfoniyası ingilis və rus dillərinə tərcümə olunaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bir körpüdür. Yeri-göyü lərzəyə gətirən, haray qopararaq, insanlığa qarşı çevrilən cinayəti ürəyindən qopan nalələrlə nəzmə çəkən Nurəngiz Gün həyatın rəngini simfoniyaya əlavə edib zamanla insan arasında yaranmış məsafəni göstərməyə çalışmışdır. Xocalı faciəsinin qurbanlarına çevrilən insanlara " İlahi! Sən onlara rahatlıq ver..." deyərək, dərd-kədərdən üzü cadar-cadar olmuş varlıqların simasına bir rahatlıq gətirir:
İlahi, təskin et!..

Sən onlara səma
nəğmələri göndər,
Təsəlli səp...
Yox, ruzgar! O cürə əsmə sən!
Torpaqda...
Torpağın altında dip-diri
ölülər var
Diksinə bilər Onlar...
Alt-üst etmə torpağı,
ey ruzigar,
Onlar onsuz da yazıq!
Tələf olubdur, Onlar.

Nurəngiz Gün bu rekviyemində faciənin günahsız qurbanlarına çevrilmiş insanların ruhunun narahat yaşamasından, onların hansısa kiçik bir pıçıltıdan hürkərək, rahatlıqlarının pozulmasından ehtiyatlanaraq, çox incə bir şəkildə Onlara yanaşır və bütün dünyanı bürümüş rəzalətin nəticəsi olaraq, uşaqların, qocaların faciəli şəkildə qətlə yetirilməsini də heç cür həzm edə bilməyib, üzünü uca varlığa tutub imdad diləyir ki, bu faciənin ağrısını yaşamağa dözüm tapa bilsin. Şair dünyası ilə tək qalıb danışaraq, ali hisslərin məxrəcində dünyanı ittiham etməyə, rəzaləti törətmiş insanların əməlinin qiymətini verməyə cəhd göstərir. Ruhu bədənindən ayrılan insanın qələmə aldığı misraların bədiiliyində insan idrakının qəbul etmədiyi məqamlara rast gəlirik. Şair bu "Xocalı simfoniyası"nı yazarkən, özü də tərki-dünya olmuşdur:

"- Xocalım!... Məğlubum!.
Necəsən?
Yoxsa dağ çəkdi sinənə,
tarixi dilənçi -
Bəd qonşu? - dramatik
"Yazıq erməni" ilə
Məşhur qırmızı qospodin?" -
O, Qospodi! Nə nazik
əndişədə olmuşdur
Köhnə sovet humanisti? -
Motoatıcı daşıyan
kütləvi qırğın maşını? -
"Möhtəşəm" bir alay!!!

Tanrı yaradanı bir gecədə məhv edib, onu torpağa qarışdıran, bu dünya ilə əlaqəsini kəsib maddi və mənəvi aləmi ilə vidalaşdıran erməni vəhşilərinin törətdiyi əməllər qarşısında bütün dünya lərzəyə gəlir. Bir gecənin içərisində bir şəhəri məhv etmək, əhalisini vəhşicəsinə qətlə yetirmək, dünyanın tarixində analoqu olmayan bir vəhşilik kimi qiymətləndirilir. Bəli, bu vəhşiliyin müəllifi ermənidir. Xirosimo dəhşəti Xocalı faciəsinin yanında arxada qalmış olur. Hadisələrin hansı zamanda törədilməsinə baxmayaraq, hər nəsil onları lənətləyir. Müəllif Xocalı facisində əsir-yesir düşən insanların taleyinə acıyır. "Xocalı simfoniyası"nda şair torpaq üstə inləyən uşaqların, anaların, ah-nələsini özünəməxsus bədii lövhələrlə qələmə almışdır. Bədiiliyin əsasında həyat hadisələri dayanır. Müəllif əlini göylərə tutaraq:

İlahi! Kömək ol! O Təkdir!...
Anadır...
Tək qalıb... Torpağın üstündə...
Biçarədir...
O, o cür köməksiz, o cür
mühti ki!..
O, Ruhdur!..
Güc gəlib torpağa...
Lağımlar, yarğanlar, incidib...
O, necə də sinirli, sehirli
gəlibmiş...
Gəlmiş ki, laylasını üst
qatda oxusun!..

Müəllif son nəqarət, epiloq kimi dünyasını nakam dəyişmiş balacaların ana sevgisini yaşamaq istəyinə, valideynlərin övlad həsrətinə incə məqamlarına ustalıqla yanaşaraq, bu cahanda öz həyatlarını istədiyi kimi qura bilməyib, erməni təcavüzkarlarının caynağına keçmiş varlıqların qəzəb və kinini ifadə edir.

Və son nəqarət, epiloq kimi O,
Elə hey hayqırsın:
Cavabdehsiz!
Cavabdehsiz, Cavabdehsiz,
Cavabdehsiz belində hərb əzdirən,
Cahanşümul Şümürlər!

Nurəngiz Günün "Xocalı simfoniyası" Xocalı soyqırımının insanların həyatına gətirdiyi acı ruzigardan söz açır, bəşər tarixində insanlığa qarşı yönəlmiş olan cinayətin törətdiyi vəhşilikləri göz önündə bir daha işıqlandırır. Bu, bir müəllifin daxilindən keçən hisslərin təzahürü, vəhşiliklərə qarşı ana etirazıdır.

Digər xəbərlər