Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
Gənc Vətənpərvərlər Birliyi (GVB) Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Azərbaycan xalqı keşməkeşli tarixi olan bir millət kimi öz azadlığı və müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq üçün daim mübarizə aparıb. Müraciətdə ictimai birlik 70 illik sovet əsarətindən qurtularaq müstəqillik əldə edən Azərbaycanın həmin vaxtdan etibarən erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığını bildirir.
Qeyd olunur ki, müstəqillik, azadlıq və işğalçılara qarşı mübarizə qansız-qadasız ötüşməmişdir. Xocalı soyqırımı isə bizim tariximizə, xüsusilə, qara hərflərlə yazılıb.
Daha sonra müraciətdə soyqırımının baş verməsinə dair bir sıra tarixi faktlar xatırlanır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərini işğalı zamanı dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. Belə ki, həmin gecədə 613 dinc əhali, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. Onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə qətlə yetirilib, 27 ailə tamamilə məhv edilib, 230 ailə başçısını itirib, 1275 nəfər əsir alınıb. Təxminən 120 nəfər azərbaycanlının itkin düşdüyü və onların taleyi haqqında heç bir məlumatın olmadığı bildirilir. Bu dəhşətli soyqırımı nəticəsində ermənilərin azərbaycanları sırf milli mənsubiyyətinə görə xüsusi amansızlıqla, işgəncələrlə öldürdüklərini vurğuladı. Diqqətə çatdırılır ki, ermənilər soydaşlarımızın başlarını kəsib, gözlərini çıxarıb, hamilə qadınların qarınlarını xəncərlə deşik-deşik ediblər. Bir sözlə, erməni millətçiləri Xocalı soyqırımı zamanı uşağı, qadını, qocanı rəhimsizcəsinə qıraraq, tankların tırtırları altına atmış, daha sonra isə yandırmışlar.
Bu cür qeyri-insani vəhşiliyə əl atan erməni terrorçularının bu günədək hələ də cəzalandırılmaması və onların bu əməllərinə dünya ictimayyəti tərəfindən lazımı qiymətin verilmədiyi təəssüf hissi ilə qeyd olunur. Amma GVB beynəlxalq təşkilatların və dünya dövlətlərinin Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması məsələsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu nəzərə çatdırır: "Düzdür, bəzi beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda bu vəhşiliyə öz münasibətlərini bildirsələr də, bu, lazımı səviyyədə olmayıb. Biz Azərbaycanda fəaliyyət göstərən QHT-lər olaraq bütün dünya ictimayyətini, beynəlxalq təşkilatları, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək, onları bu ədalətsizliyə öz münasibətlərini bildirməyə çağırırıq. Sizlər də bu vəhşiliyə, özbaşınalığa, bu misli görünməmiş ədalətsizliyə öz münasibətinizi bildirin. Biz əminik ki, gec-tez haqq-ədalət öz yerini tapacaqdır".