Litva radiosunda qanlı Xocalı hadisələri obyektiv işıqlandırılacaq
Litva Azərbaycanlıları Cəmiyyəti (LAC) Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı soyqırım həqiqətlərinin Litva ictimaiyyətinə və siyasi dairələrinə çatdırılması məqsədilə bir sıra təbliğat tədbirləri və anım mərasimləri keçirir. Cəmiyyətin sədri Mahir Həmzəyevin Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə verdiyi xəbərə görə, LAC-ın təşəbbüsü ilə Litvanın www.slaptai.lt saytında Xocalı faciəsi haqqında geniş analitik məqalə və görüntülər yerləşdirilib. Məqalənin müəllifi tanınmış Litva jurnalisti və naşiri Gintaras Visotskasdır. Sözügedən təbliğat materialları, həmçinin, Kaunas şəhərində Litva dilində nəşr olunan "XXI əsr" ("XXI amzius") adlı qəzetin fevralın 24-də çıxacaq sayında da dərc olunacaq.
Bunlardan əlavə, cəmiyyətin təklifi və dəstəyi ilə Litva radiosunda qanlı Xocalı hadisələrinin obyektiv işıqlandırılmasına və onlara düzgün hüquqi-siyasi qiymət verilməsinə həsr edilmiş Litva dilində veriliş yayımlanacaq. Verilişdə yerli tarixçilər, beynəlxalq icmalçılar və politoloqlarla bərabər Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev də iştirak edəcək və soyqırımı haqqında faktları və Azərbaycanın haqlı mövqeyini ictimaiyyətə təqdim edəcək. Verilişdə, həmçinin, litvalı siyasi şərhçi Xocalı soyqırımından danışacaq.