Ermənistan xarici siyasəti fiaskoya uğrayıb
Son günlərdə dünya mediasında Qarabağ problemi və Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi daha tez-tez gündəmə gətirilir. Türkiyəli siyasi ekspert Efe Cananın "Zaman" qəzetində dərc olunan "Tarixin kölgəsi ilə ortaq gələcək arasında Türkiyə-Ermənistan münasibətləri" məqaləsində Ermənistanın özünütəcrid siyasətindən danışılır. SİA-nın məlumatına görə, Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin təhlil olunduğu yazıda mövcud vəziyyətdən daha çox işğalçı rejimin zərər çəkdiyi önə çəkilir.
Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etdiyini bildirən ekspert qeyd edib ki, regionda sülhə təhlükə törədən digər bir məqam Ermənistan ilə Azərbaycan arasındakı Dağlıq Qarabağ problemidir. Ermənistanın 23 Avqust 1990-cı ildə qəbul etdiyi Müstəqillik Aktında 1915-ci il hadisələrinın "soyqırım"ı olaraq qiymətləndirildiyini və Şərq Anadolunun Qərbi Ermənistan olaraq xarakterizə edildiyini diqqətə çatdıran ekspert vurğulayıb ki, Müstəqillik Aktında əksini tapan bu müddəalar Ermənistan Konstitusiya Məhkəməsinin qərarında da yer alıb. Bütün bunlara baxmayaraq, Türkiyə tərəfindən Ermənistanın müstəqilliyinin tanındığını deyən E.Canan söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi üzündən Türkiyə 1993-cü ildə Ermənistan ilə diplomatik əlaqələri kəsib və sərhədi bağlayıb.
Siyasi ekspert mövcud durumdan daha çox Ermənistanın zərər gördüyü qənaətindədir: "Ermənistan bölgədən, eləcədə dünyadan böyük ölçüdə təcrid olub. Ermənistan şüurlu olmayan bu siyasəti ilə özünü hər cür regional əməkdaşlıqdan məhrum edib. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru xətti kimi iqtisadi layihədən faydalana bilməyən Ermənistan, iqtisadi mənada kasıb, təcrid olunmuş mövqeyi ilə xarici sərmayənin maraqları xaricində olan problemlərin məngənəsində boğulan ölkədir".
Türkiyə parlamentində protokolların ratifikasiyasının işğal edilmiş Azərbaycan torpaqlarının azad olunmasından sonra mümkünlüyünü qeyd edən ekspert bildirib ki, ilk olaraq, sərhədlər açılarsa və Dağlıq Qarabağ problemi həll edilməsə, sərhədlərin yenidən bağlanması gündəmə gələ bilər: "Unudulmamalıdır ki, sərhədlərin açılmasına Ermənistanın çox böyük ehtiyacı var. Durumun bu şəkildə davamı Cənubi Qafqazda sülhə təhlükə yaratmaqla bərabər, Ermənistanın da bataqlıqdan çıxmayacağı anlamına gəlir".
Ermənistan-Türkiyə sərhədinin açılmasının əhəmiyyətini Beynəlxalq Valyuta Fondunun Ermənistandakı təmsilçisi Mark Levis də dilə gətirib. Ermənistan-Türkiyə sərhədinin açılması ilə bu ölkəyə böyük iqtisadi fayda olacağını qeyd edən fondun nümayəndəsi bildirib ki, Ermənistanın dünya okeanına çıxışı olmadığından nəqliyyat xərcləri artır: "Sərhədlər açılarsa, nəqliyyat xərcləri azalar, idxal məhsullarının qiymətləri düşər və nəticədə əhalinin yaşayış səviyyəsi yüksələr".
Levin, həmçinin, bildirib ki, Ermənistanın xarici borcunun miqdarı çox yüksəkdir. Qeyd edək ki, Ermənistan 2013-2014-cü ildən etibarən dövlət büdcəsinin 20%-ni xarici borcun ödənilməsinə yönəldəcək.
Göründüyü kimi, bütün dünya Ermənistanın nədən belə bir vəziyyətə düşdüyünü anlayır. Ermənistanın düşdüyü bataqlıqdan çıxması üçün Türkiyə ilə sərhədin açılmasının vacibliyi önə çəkilir. Sərhədin açılması üçün isə Azərbaycan torpaqlarının azad edilməsi şərtdir.
Ümumiyyətlə, erməni tarixçilərinin iki yüz ildir uydurma "Ermənistan tarixi" kitabları yazmaqla, erməni kilsəsinin də bu siyasətə açıq dəstək verməsilə dünyanın dörd tərəfinə səpələnmiş soydaşları üçün xüsusi statusla bir dövlətin yaradılması strategiyası tam iflasa uğrayıb. Türkiyə, Gürcüstan, İran və Azərbaycana qarşı ərazi iddiaları da məhz bu qavrayışdan qaynaqlanırdı.
Bütün qonşuları ilə düşmənçilik siyasətinin nəticəsi olaraq, indi ən ağır və məşəqqətli bir durumda yaşamağa məcbur olublar. Sadə erməni vətəndaşları isə bütün bunları həzm etmək istəmədikləri üçün, tarixən olduğu kimi, yenidən dünyanın dörd tərəfinə üz tutmağa başlayıblar.
Ermənistan Dövlət Statistika Xidmətinin rəsmi açıqlamasında etiraf olunur ki, hər il orta hesabla 50-70 min erməni vətəndaş xarici dövlətlərə miqrasiya edir. Odur ki, Ermənistanda əhalinin sayının "stabil" saxlanılması üçün ikili vətəndaşlıq siyasətinə önəm verilməkdədir. Bununla da, Ermənistanda əhalinin sayının 3 milyon civarında (formal olaraq) saxlanılması mümkün olub.
Yerevanda nəşr olunan "Sobesednik Armenii" həftəlik qəzetinə müsahibə verən Dağlıq Qarabağdakı "Menk"- Kənd Təsərrüfatına Yardımlar Birliyi təşkilatının prezidenti Tiqran Kürəkyan bildirib ki, regiondan erməni əhalisi kütləvi şəkildə Rusiya və digər dövlətlərə köçüb getməyə başlayıb: "İndi təkcə Ermənistanda deyil, Dağlıq Qarabağda da həyat tərzi daha dözülməz həddə çatıb. Əgər bir regionda əhalinin sayı artmırsa, deməli, orada hər hansı bir ədalət və azadlıq yoxdur. İnsanlar daha çox buna görə həm Ermənistandan, həm də Dağlıq Qarabağdan köçüb gedirlər. Rəsmi qaydada Dağlıq Qarabağ əhalisinin sayı 130-135 min nəfər göstərilibsə də, bunlar həqiqəti əks etdirmir".
Erməni icmasının Gürcüstanda da saylarının azalma prosesi davam edir. "Mitk" Analitik İnformasiya Mərkəzinin rəhbəri İqor Muradyan: "Bizim araşdırmalarımıza görə, 2003-cü ildən etibarən Tbilisi, Poti, Batumi, Kutaisi, Rustavi, Axalkələk, Bolnisi, Ninosminda, Telavi, Zalqa və digər şəhərlərdən erməni əhalisinin xarici dövlətlərə miqrasiyası sürətlə artıb. Bunun əsas səbəblərindən biri də Rusiyaya məxsus hərbi birliklərin Gürcüstandan çıxarılması, ermənilərin burada "ikinci sort" millətə çevrilməsidir" açıqlamasını veribdir.
Yerevandakı hərbi ekspert Gevorq Ağbalyan bildirib ki, "MDV çərçivəsində qurulmuş Kollektiv Təhlükəsizlik Şurası (KTŞ) çoxdan öz əhəmiyyətini itirən bir quruma çevrilib. Buna görə də Ermənistan bu qurumla birlikdə öz təhlükəsizliyini qoruyub saxlaya bilməz. KTŞ artıq formal xarakter daşıyan bir qurum kimi qəbul edilməkdədir".
"Neww.am" internet qəzetinin araşdırmasına görə, Güney Qafqazda NATO ilə birgə əməkdaşlıq daha effektiv mahiyyət daşımaqdadır. NATO üzvü olan dövlətlər isə Qafqazda beynəlxalq iqtisadi əməkdaşlıq, neft və təbii qaz boru xətlərinin, dəmir və avtomobil yollarının təhlükəsizliyinə diqqət yetirirlər. Buna görə də, "dondurulmuş münaqişələr"in tezliklə həll olunması istiqamətində səylərini artırıblar.
"Aykakan Jamanak" (erməni vaxtı) qəzetinin araşdırmalarına görə, Ermənistan və erməni xalqı Qafqazda qlobal layihələrə münasibətlərini dəyişməlidir. Bunun üçün ilk addım olaraq, Qərb dövlətlərinin tələb və şərtlərinə diqqətlə yanaşılmalıdır. Hakimiyyət 18 ildir davam etdirdiyi siyasətə önəm verməklə, əslində dövlətin mövcudluğunu sual altında qoyur. Hərbi xuntanı idarə edən oliqarxlar bu sıradan əsas cinayətlərin başında durublar. Bu təhlükədən qurtulmanın tək yolu Avropa ilə inteqrasiyanın şərtlərinə əməl etməkdir.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın son görüşlərində işğal olunmuş rayonların geri qaytarılması barədə artıq müəyyən irəliləyişlərin olduğunu Qərb çevrələri də etiraf edirlər. Çünki işğal olunmuş ərazilərin boşaldılmasını həm də Qafqaz və Orta Asiyanın dünya bazarına çıxışına hesablanmış strateji hədəflərin, qlobal proyektlərin həlli istiqamətində atılan addımlar kimi də dəyərləndirmək lazımdır.
Qərb dairələri Ermənistanın proseslərin pozulması yönündə atacağı neqativ addımlara qarşı sərt təpkilər göstərməyə başlayıblar. Daim ermənipərəst mövqe sərgiləyən Fransanın "Radio France Internationale" kanalında, ilk dəfə olaraq, Dağlıq Qarabağ rejiminin separatizm siyasəti aparması, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaq istəmədiyi barədə xüsusi proqramlar yayımlanmağa başlayıbdır.
ABŞ Konqresinin maliyyə dəstəyilə fəaliyyət göstərən "Azadlıq" radiosunun erməni, rus və ingilis dillərindəki proqramlarında da artıq "Dağlıq Qarabağ separatçı bir regiondur. Güney Qafqazda nəhəng layihələrin reallaşmasına qarşı ən böyük təhlükə mənbəyidir" tipli xüsusi verilişlərə başlamışlar.
Ekspertlər bildirir ki, Qərb çevrələri "Nabucco" qaz boru xəttinin, Güney Qafqaz dəmir yolunun, digər nəqliyyat vasitələrinin daha tez açılmasının tərəfdarı kimi çıxış edir. Çünki Əfqanıstan, Pakistan və İran tipli terrorizm mərkəzlərinin yaratdıqları problemlər özünün əhatə dairəsini genişləndirə bilər. Qərb yeni alternativ enerji dəhlizləri qurmaqla, bütün bu prosesləri önləmək istəyir. Buna görə də Güney Qafqazda nəqliyyat dəhlizlərinin açılması strategiyasına hesablanmış layihələrin gerçəkləşdirilməsi üçün separatizm problemlərinin həlli təşəbbüslərində daha çox maraqlı görünən tərəf kimi çıxış edir.
Erməniləri ən çox narahat edən məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda müəyyən irəliləyişlərin əldə olunmasıdır. Ermənistan milli təhlükəsizlik nazirinin keçmiş müavini Qurgen Yeqiazaryanın fikrincə, bu məsələdə Azərbaycanın mövqeyi xeyli güclənib. O, hesab edir ki, beynəlxalq dairələr münaqişənin rəsmi Bakının tələbləri çərçivəsində həlli məsələsində birgə razılığa gəliblər:
"Razılığa əsasən, Azərbaycanın ermənilərin nəzarətində olan rayonları boşaldılacaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar geri qayıdacaq. Bu zaman Azərbaycan tərəfi Dağlıq Qarabağ ərazisində azərbaycanlıların sayının ermənilərdən çox olmasına çalışacaq. Təbii ki, beynəlxalq aləm də buna göz yumacaq. Bundan sonra referendum keçiriləcək və səsvermənin nəticələrinə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq".
"Ötən il Ermənistan iqtisadiyyatı üçün proqnozlaşdırılan vəziyyətin acınacaqlı olduğu müşahidə edildi. Təhlilər və müşahidələr göstərir ki, Ermənistanda iqtisadi böhranın fəsadları aradan qalxmaq əvəzinə, daha da dərinləşir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan Mərkəzi Bankının sabiq sədri Baqrat Asatiryan bildirib.
O, qeyd edib ki, rəsmi açıqlamalarda ölkə iqtisadiyyatının 14,4% gerilədiyi bildirilir: "Ümumi daxili məhsul (ÜDM) istehsalı dollarla müqayisə edilsə, bu rəqəm 23% həddindədir. Bu danılmaz faktdır ki, 2009-cu ildə Ermənistanda əhalinin yaşayış səviyyəsi 30% pisləşib. 2010-ci ildə iqtisadi artım gözlənilmir və ölkənin iqtisadi durumu mənfiyə doğru daha da dərinləşir".
Qeyd edək ki, 2009-cu ildə Ermənistanda 14,4% iqtisadi geriləmə müşahidə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə sənaye istehsalı 7,8%, elektirik enerjisi istehsalı 7,2%, kənd təsərrüfatı istehsalı 0,1%, inşaat sektorunun həcmi 36,4%, xarici ticarət dövriyyəsi 27% azalıb. Ötən il ölkədə işsizlərin sayı 82 min 900 nəfər artıb. Nəzərə almaq lazımdır ki, bu Ermənistan Statistika Komitəsinin rəsmi məlumatıdır, reallıqda isə Ermənistanın iqtisadi durumu daha acınacaqlıdır.