PDF Oxu

Araşdırma

  • 10

İşğalçı siyasətin məntiqi sonluğu

İşğalçı siyasətin məntiqi sonluğu
İşğalçılıq siyasətini davam etdirən Ermənistanda ictimai-siyasi, sosial-iqtisadi böhran getdikcə dərinləşir. Maliyyə resursları olduqca az olan ölkəyə 2009-cu ildə dünya iqtisadi böhranı ikiqat zərbə endirib. İşğalçılıq siyasətindən əl çəkmək istəməməsi ölkəni regionda reallaşan bütün iqtisadi layihələrdən kənarda qalmasına səbəb olub.
Yoxsulluq isə əhalinin davranışlarına, psixikasına da təsirsiz ötüşməyib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Daxili İşlər Nazirliyinin 2009-cu ilin yekunları ilə bağlı açıqladığı hesabat da ölkədəki xaosa bariz nümunədir.
Hesabatda bildirilir ki, ölkədə 2009-cu ildə qeydə alınan cinayət hadisələri 2008-ci illə müqayisədə 55% artıb. Bir sözlə, 2008-ci ildə 9271 cinayət hadisəsi baş verdiyi halda, 2009-cu ildə bu rəqəm 14339-a çatıb. Həmin cinayətlərdən 10027-sinin üstü açılıb. Diqqətçəkən daha bir məqam odur ki, cinayət hadisələrinin 7026-sı, təxminən 50%-i paytaxt Yerevanda baş verib.
Dünyada işğalçı dövlət kimi tanınan Ermənistan, köçürüldükləri ərazilərdə yerli xalqlara qarşı terror və soyqırım aktı həyata keçirən ermənilər bunun ağır nəticələrini yaşamaqdadır. Həyata keçirdiyi işğalçı siyasət sonucunda özünü iqtisadi blokadaya salan terrorçu ölkədə sosial-iqtisadi böhran getdikcə dərinləşir. Qlobal maliyyə-iqtisadi krizisdən ən çox ziyan çəkməsi də rəsmi Yerevanın yürütdüyü seperatçı siyasətin iflasa uğradığını açıq göstərir. Uzun illərdir əhalisi aclıq, səfalət və psixoloji böhran içində yaşayan ölkənin durumu getdikcə daha çox pisləşir.
Dünya mediası işğalçı ölkənin düşdüyü ağır durum haqda tez-tez materiallar yayımlayır. Avropa, ABŞ və Rusiya mediasında Ermənistanda sosial-iqtisadi durumun günbəgün ağırlaşdığı barədə yazılar dərc edilir. Həmin yazıda deyilir ki, Ermənistan əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır.
Ermənistanda orta aylıq əmək haqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır. Erməni diasporu ölkəyə milyonlarla dollar yardım edir, əhalinin böyük hissəsi xaricdəki qohumlarından göndərilən vəsait hesabına yaşayır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ölkəyə xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çoxdur.
Yerevan şəhərinin böyük bir hissəsi köhnə, əldən düşmüş binalardan ibarətdir. Sovet dövründən qalma avtomobillər ölkədə atmosferin çirklənmə prosesini daha da sürətləndirir. Ölkənin bəzi regionlarında su çatışmazlığı problemi yüksək həddədir. Ermənistanda demokratiyanın durumu ilə də bağlı ciddi problemlər var. Hakimiyyət seçkilər zamanı müxalifətə qarşı kütləvi zor tətbiq edir.
Xarici mediada Ermənistanda əhalinin böyük əksəriyyətinin ölkəni tərk etdiyi bildirilir. Qeyd olunur ki, qonşu Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Ermənistan özünü bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən təcrid vəziyyətinə salıb. Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməklə Ermənistan ölkədə durumun daha da gərginləşməsinə rəvac verir. Bunu Ermənistanın yeni rəhbərliyi dərk etməlidir.
Dünya ictimaiyyəti artıq Cənubi Qafqazdakı real durumu və münaqişələrin əsil mahiyyətini anlamaqdadır. Burada Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə həyata keçirilən düzgün xarici siyasət faktorunun da mühüm rolu var.
Hələ Sovet İttifaqı dövründə dotasiya ilə yaşayan Ermənistan bir dövlət kimi mövcud olduğu 90 illik zamanda heç vaxt özünün imkanları ilə yaşamağa qadir olmayıb. Hazırda isə, terrorçu dövlət özünün ən ağır dövrünü yaşayır. Təcavüzkarlığın real nəticələri erməni xalqını səfalət içinə salıb.
Qlobal böhran başlayandan isə ölkədə bahalaşma və qıtlıq özünü daha çox büruzə verməyə başladı. Daha sonra isə, "məzlum xalq" özünü daha bir bəladan qorumağa çalışmalı oldu. Ermənistan hökuməti ölkədə qaz və elektrik enerjisinin qiymətlərini artırdı.
Ölkə əhalisinin artıq 20 ildən bəri davam edən ağır böhrandan çıxmaq üçün hakimiyyətə təzyiq etmək imkanları çoxaldıqca, hakimiyyət bunu nəzərə almaq zorunda qalır. İş o yerə çatıb ki, Ermənistan öz ənənəvi müttəfiqi olan Rusiyadan da xeyir görmür. Hərdənbir bir qədər köhnə silahlar alan Ermənistana bu, çox baha başa gəlir. Müttəfiqi bu ölkədən öz siyasi və iqtisadi maraqları üçün istifadə edir. Ölkənin nəqliyyat və energetika sektoru, demək olar ki, tamamilə, Rusiyanın nəzarətindədir.
Ən əsası isə odur ki, bu müttəfiqlik Ermənistana Avropa və ABŞ-la strateji müttəfiqliyə imkan vermir. Cənubi Qafqazın digər iki ölkəsi isə, artıq Qərbin strateji müttəfiqi rolunda çıxış edirlər. Bu isə işğalçı ölkəni həm beynəlxalq iqtisadi layihələrdə iştirakdan, həm də NATO, ATƏT, AŞ, GUAM kimi təşkilatlarla normal münasibətlərin qurulmasından məhrum edir. Bir qədər öncə, Gürcüstanda keçirilən NATO təlimlərində Ermənistanın iştirak etməməsi də bu ölkəni Qərbin dəstəyindən məhrum edir. Yerevandan gələn xəbərlərdən və səslənən son açıqlamalardan görünür ki, işğalçı ölkə rəsmiləri və ictimaiyyət nümayəndələri, artıq hansı durumun yarandığını və bunun nə ilə sonuclanacağını dərk etmiş durumdadırlar. Bu səbəbdən də mövcud durumun gec-tez rəsmi Yerevanı reallığı nəzərə almağa, regionda sülhü və sabitliyi pozmaq əməllərinə son qoyulmasına gətirib çıxaracağı şübhə doğurmur.
İşğalçı ölkəni buna vadar edən səbəblərdən biri də böyük qardaşının yardımı ilə ərazisini işğal edib, əhalisini soyqırıma məruz qoyduğu və düşmən elan etdiyi Azərbaycanın durmadan sürətli inkişafı ilə bağlıdır. Ermənistanla müqayisədə Azərbaycanın iqtisadi və hərbi qüdrəti dəfələrlə çoxdur.
Hər iki ölkəni təkcə iqtisadi və sosial sahədə müqayisə etmək, fikrimizcə, doğru olmazdı. Humanitar sahələrdə- təhsil, mədəniyyət, səhiyyə sahələrində Azərbaycanda yüksəliş, Ermənistanda eniş müşahidə olunur. Bu da, öz növbəsində, hansı ölkənin, hansı xalqın daha mədəni, sülhsevər və işgüzar olması haqda dünya ictimaiyyətində rəy formalaşdırır.
O ki qaldı, xarici siyasət məsələlərinə, bu haqda onu demək olar ki, işğalçı və terrorçu dövlətin diplomatik məğlubiyyəti artıq açıq-aydın görünür. Beynəlxalq təşkilatların və böyük dövlətlərin nümayəndələri tərəfindən səslənən son bəyanatlar və açıqlamalar, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü və soyqırım məsələsində qeyd edilən qəti fikirlər bunu əminliklə söyləməyə tam əsas verir.
Erməni lobbisinin bütün dünyada uzun illərdir ki, səsləndirdiyi soyqırım yalanları artıq ifşa edilməklə paralel olaraq, türklərə qarşı tarix boyu ermənilər tərəfindən həyata keçirilmiş terror və soyqırım aktlarının dünya birliyi tərəfindən qəbul olunması da xarici siyasətimizin böyük uğurudur.
Beləliklə, Cənubi Qafqazda yerləşən iki ölkənin və bu ölkələri idarə edən hakimiyyətlərin hansının doğru yolda olmasını yuxarıda qeyd etdiyimiz kiçik müqayisə ilə anlamaq olar. Bunun Ermənistanda və onu himayə edən ölkələrdə də tam anlaşıldığının fərqindəyik. Ümumiyyətlə, Qafqazda və dünyada gedən prosesləri diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, tarixi həqiqətin və ədalətin öz yerini tapmasına az qalıb.

Digər xəbərlər