Ermənistan ordusu getdikcə zəifləməkdədir
Cənubi Qafqaz regionunda mövcud olan 3 dövlətdən biri - Ermənistanın hərbi vəziyyəti həm ölkə daxilində, həm də region səviyyəsində gündəmə gələn məsələlərdəndir. Buna səbəb heç də bu ölkənin ordusunun yüksək inkişaf səviyyəsi deyil, əksinə, onun çox acınacaqlı bir vəziyyətdə olmasıdır. Azərbaycanla müharibə vəziyyətində olması Ermənistanda xüsusilə Ermənistan ordusunda cərəyan edən hadisələri davamlı şəkildə izləməyimizə və bu barədə geniş şəkildə məlumat verməyimizə şərait yaradır.
Ermənistan ordusunun bugünkü durumu artıq hamıya məlumdur və ölkədə də orduda olan acınacaqlı duruma münasibət birmənalı deyil. Erməni politoloqlar və hərbi ekspertlər Ermənistan ordusunun həddən artıq pis bir vəziyyətə düşməsi haqqında dəfələrlə öz fikirlərini söyləmiş, bunu ölkədə olan böhranlı vəziyyətlə əlaqələndirmişlər. Hətta düşmən ölkə olan Ermənistanın hərbi vəziyyətinin Azərbaycanla müqayisədə qat-qat aşağı səviyyədə olması barədə erməni siyasətçiləri də öz fikirlərini bildirməkdən çəkinməmişlər. Onlar Azərbaycan Ordusunun günü-gündən inikişaf etdirilməsi ilə müqayisədə Ermənistanın geriləmə mövqeyi tutduğunu qeyd edirlər. Ermənistanda olan acınacaqlı sosial durum, siyasi böhran və orduda olan fərarilik halları ölkənin müdafiə gücünün azalmasına da səbəb olur. Yalnız xarici ianələr hesabına dolanan Ermənistan öz ordusunu qurmaq və inkişaf etdirmək üçün maliyyə cəhətdən heç bir imkana malik deyil. Ölkə büdcəsinin ildən-ilə azalması hərbi sahəyə də öz təsirini göstərməkdədir. SSRİ-nin dağılmasından sonra heç bir üstünlük əldə edə bilməyən Ermənistan ordusu artıq neçə ildir ki, eyni vəziyyətdə qalmaqdadır. Yalnız atıcı silahlar, minaatanlar və qumbaraatanlar alınır və Rusiyanın Ermənistanda yerləşdirilən hərbi kontingenti sayəsində Ermənistan ordusu müəyyən qədər öz texnologiyasını zənginləşdirə bilir. Əlbəttə, Rusiyanın verdiyi və Ermənistanın gücünün çatıb ala bildiyi texnika da daha köhnə texnika və texnologiyalardır.
Lakin Azərbaycanda bu vəziyyət tamamilə başqa cürdür. Belə ki, müstəqillik əldə olunduqdan, xüsusilə də, Dağlıq Qarabağ işğal edildikdən sonra Azərbaycan dövləti müdafiə sənayemizin güclənməsinə, ordumuzun hərbi cəhətdən bütün yeni texnika ilə tanışlığın və hərbçilərimizin ən yüksək səviyyədə təlimlər keçməsi üçün hər bir şəraitin yaradılması məqsədilə bütün maliyyə imkanlarından istifadə etmişdir. Hər şeydən əvvəl, onu nəzərə almaq lazımdır ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən dörd dəfə artıqdır. Ordu quruculuğunda bir sıra inkişaf etmiş dövlətlər və beynəlxalq hərbi təşkilatlarla əməkdaşlıqlar qurulub və inkişaf etdirilməkdədir. Müdafiə sahəsinin gücləndirilməsi üçün NATO standartlarının rəhbər tutulması ordumuzun qüdrətinin və hərbçilərimizin təcrübəsinin artmasına müsbət mənada öz təsirini göstərmişdir. Strateji müttəfiqimiz olan Türkiyənin də hərbi sahədə olan təcrübəsindən istifadə etmək üçün Azərbaycan və Türkiyə arasında ən yüksək səviyyədə sazişlər imzalanmışdır. Bununla yanaşı, ABŞ-la Azərbaycan arasında hərbi texniki sahədə də əməkdaşlıq aparılır. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ilə əlaqədər artan milli gəlirimiz hesabına hərbi sahənin də inkişaf etdirilməsi mümkün olmuşdur. Son illərdə dövlətimiz ordumuz üçün yeni silahların və hərbi texnikanın alınması üçün əlindən gələni etmişdir. Məhz bunun sayəsində Azərbaycan Ordusu daha da müasirləşərək digər güclü dövlətlərlə bir sırada dayanmağa nail olmuşdur. Qeyd edək ki, bütün bu proseslər cənab Prezident, ali baş komandan İlham Əliyevin şəxsən nəzarəti altında aparılır. Torpaqlarımızın işğal altında olması və müharibənin hələ də davam etməsi Azərbaycan dövlətini də bu sahədə ciddi addımlar atmağa sövq edən səbəblərdəndir. Əhalimizin döyüş əhval-ruhiyyəsində olması da orduda olan psixoloji vəziyyəti yüksək səviyyəyə qaldırmışdır. Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ölkə başçısı İlham Əliyevin də müharibə variantının istisna edilmədiyini bəyan etdiyi bir vaxtda ordumuzda yaradılan belə əhval-ruhiyyə çox təqdirəlayiqdir.
Ermənistan ordusunu isə artıq Azərbaycan Ordusu ilə müqayisə etmək də düzgün olmazdı. Çünki Ermənistan ordusunun çoxlu sayda mənfi əlamətlərə malik olması belə deməyə əsas verir. Bu gün heç bir müasir standarta cavab verməyərək, ümidini yalnız hansısa bir beynəlxalq təşkilat və ya himayədar dövlət tərəfindən gələcək yardıma bağlayan Ermənistan ordusu artıq idarəolunmaz bir hala gəlib çatıb. Rusiyanın davamlı şəkildə Ermənistana yardımı tərkibində erməni ordusuna da silah ayırmağı yaddan çıxartmır. Əlbəttə, bu silahların keyfiyyətinin aşağı olması barədə məlumatlar verilsə də, Ermənistanda Rusiyanın hərbi bazasının yerləşdirilməsi faktdır. Bu hərbi yardımı rəsmiləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradılmışdır ki, onun da hərbi- siyasi təşkilat kimi gələcək taleyi hələ də şübhə altındadır. Rusiyanın isə Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistana belə yardımlar göstərməsi heç də müsbət bir hal deyil. Digər həmsədr ölkə olan Fransanın da bu günlərdə Ermənistanla hərbi əməkdaşlıq qurmaq meyilləri heç də bu ölkənin tutduğu mövqeyə uyğun gəlmir. Belə ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi tərəflərdən biridir. Bu missiyanın yerinə yetirilməsi zamanı isə münaqişə tərəflərindən hansısa birinə yardım etmək və onu hərbi cəhətdən gücləndirmək düzgün deyil. Fransanın bu mövqeyi anlaşılan deyil. Əlbəttə, bu əməkdaşlığın, məhz bütün dünya ictimaiyyətinin İrana qarşı apardığı mübarizə kimi qiymətləndirənlər də var. Nəzərə alsaq ki, Ermənistan İranla qonşu dövlətdir və belə bir halın olması mümkündür. Amma hər halda Ermənistan işğalçı dövlətdir və gələcəkdə əldə edə biləcəyi hərbi üstünlüklərdən işğalçılıq məqsədi ilə istifadə etməyəcəyinə heç kəs zəmanət verə bilməz.