2010-cu il Ermənistana nə vəd edir?
Məlum olduğu kimi, 2008-ci ildən bütün dünyada baş verən iqtisadi və maliyyə böhranlarının nəticəsində bir sıra dövlətlər yox olmaq təhlükəsilə qarşılaşıblar. Ekspert və araşdırmalar mərkəzlərinin məlumatına görə, bu böhran 2010- cu ildə Ermənistanda davam edəcək və bu qlobal maliyyə böhranından ən çox əziyyət çəkən ölkələrdən biri də Ermənistan olacaq.
Yunanıstan, Serbiya, Sloveniya, Çexiya, yunan Kipri, Ermənistan, Şri-Lanka, Afrika, Güney Amerika, Okeaniya regionlarında da bir sıra dövlətlər tamamilə iflas vəziyyətindədirlər. Bu dövlətlərin xilas olmaq imkanları barədə isə, hələlik, hər hansı proqnozların verilməsi belə mücərrəd xarakter daşıyır. Ermənistan bu problemlərdən çıxış nöqtəsi kimi, regionun maliyyə asılılığını xarici səhmdarların ixtiyarına verməklə, mövcud böhranlardan uzaq gələcəkdə çıxmağa yönəldilmiş siyasətə ümid edir. Buna görə də xarici dövlətlərdən, beynəlxalq maliyyə qurumlarından kreditlər almağa, yerli sənaye, maliyyə infrastukturlarını, mədənləri, iri torpaq sahələrini xarici şirkətlərə satmağa başlayıb.
Qeyd edək ki, erməni politoloqları da etiraf edirlər ki, "əsas məsələ Ermənistanın mövcudluğunu qorumaq"dır. Dünya Bankının Yerevandakı təmsilçiliyinin rəhbəri Aristomene Varudaskisin fikrinə əsasən, "qurumun araşdırmalarına görə, Ermənistanda daxili məhsulun gəlirləri 2010-cu ildə 50 faiz azalacaq. Dövlət Statistika İdarəsinin bizə verdiyi raporta görə, indi ölkədə 90 min nəfər vətəndaş həddindən artıq ağır kasıb şəraitində yaşayır. Qənatimizcə, bu rəqəm real həyatda iki dəfədən artıqdır. Digər tərəfdən isə, 2010-cu il büdcəsində sosial ayırmalar da ötən illərə nisbətən xeyli azaldılaraq, 240 milyard dram (623 milyon dollar) vəsait ayrılıb. Təbii olaraq, belə bir durumda vətəndaşların həyat tərzi daha da ağırlaşacaq. 2009-cu il üçün Ermənistanda maliyyə və iqtisadi böhranlar 16-17 faiz həddində olub. Belə bir durum Ermənistan üçün çox böyük rəqəmdir." Yerevandakı "Siyasi İqtisadi Araşdırmalar Mərkəzi"nin rəhbəri Andranik Tevanyanın araşdırmalarında isə bildirilir ki, hal-hazırda Ermənistan boyunca ağır həyat tərzində yaşayanların sayı 172 min nəfərdir. Gələn il bu sıraya indi nisbətən orta səviyyədə yaşayanlar da əlavə qatılacaqlar. Hakimiyyətin son 11 ildə apardığı yanlış sosial-iqtisadi siyasətinin nəticəsi kimi, indi əhalinin 906 min nəfəri kasıblıq həddində yaşamağa məcbur ediliblər. Bunun 297 min nəfəri sadəcə fiziki cəhətdən mövcud olma şəraitinə salınıblar. Bu 11 ildə əhalinin 600-700 min nəfəri ailələrini dolandırmaq xarici ölkələrə getməyə məcbur ediliblər. İndi dünyada baş verən ağır maliyyə böhranlarına görə, bu insanlar ailələrinə maliyyə dəstəyini vermək imkanlarından məhrum olublar. Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin etirafına görə, hal-hazırda ölkədə yaşayan 1 milyon 700 min nəfər əhalinin 516 min 802 nəfərini təqaüdçülər və əlillər təşkil edir. Əhalinin 496 min nəfərini orta məktəb şagirdlərindən ibarətdir. Orduda xidmət edən 9 min 697 nəfər orduda qulluq etməklə yanaşı, həm də təqaüdçüdürlər. Təqaüdçülərin orta aylıq gəlirləri isə 24 min 488 dramdır (64 dollar). Sosial sahədə sığortalardan danışmağa belə dəyməz".
Araşdırmalar Mərkəzinin məlumatlarına görə, Ermənistanın büdcə layihəsində 2010-cu il üçün nəzərdə tutulan müdafiə xərclərinin 2009-cu illə müqayisədə çox aşağıdır. Belə ki, 2010-cu il üçün 300 milyon ABŞ dolları Ermənistanın təhlükəsizliyinin təmin edilməsi və ordunun saxlanılmasına yönəldiləcək. 2009-cu ildə isə bu rəqəm 348 milyon ABŞ dollar olub.
Göründüyü kimi, bütün bu rəqəmlər, onu deməyə əsas verir ki, 2010-cu il Ermənistanın bir ölkə kimi yoxa doğru gedəcək bir il olacaq. Ermənistan iqtisadi vəziyyətini təhlil edən mütəxəssislərin fikrincə, hazırda Ermənistanda yaşayış səviyyəsi orta vəziyyətdə olan əhalinin ilin sonunadək yoxsul təbəqə sinfinə qatılacaq. Bu faktı erməni iqtisadçıların özləri də təsdiq edir və indidən həyəcan təbili çalır.