Səməd Seyidov: "Xaricdəki gənc müəllimlərin ölkəmizə gətirilməsində müəyyən problemlər var"
Bu günlərdə Prezident İlham Əliyev AMEA-nın gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Azərbaycan Dillər Universietin rektoru, millət vəkili Səməd Seyidov bu fərmanı yüksək qiymətləndirib. O bildirib ki, bu gün azərbaycanlıların xaricdə təhsil alması üçün heç bir problem yoxdur.
S.Seyidovun sözlərinə görə, bu gün minlərlə azərbaycanlı tələbə dövlətin köməyi, həmçinin öz xətti ilə dünyanın müxtəlif ölkələrində təhsil alır: "Azərbaycan Dillər Universitetinin dipomların xaricdə tanıdılması ilə bağlı məsələ artıq həll olunub. Belə ki, Azərbaycanda təhsil alanların diplomları xaricdə, həmçinin orada təhsil alanların diplomları isə bizim universitetdə tanınır. Universitetin qapıları hər zaman gənc fransız dilli müəllimlərin üzünə açıqdır".
Hazırda ölkənin digər universitetlərinin diplomlarının xarici ölkələrdə tanıdılması istiqamətində işlər aparıldığına toxunan S.Seyidov bu gün azərbaycanlı müəllimlərin, mütəxəssislərin xaricdə təcrübə keçməsindən çox, oradakı gənc müəllimlərin ölkəmizə gətirilməsində, qarşılıqlı münasibətlərin yaranmasında müəyyən problemlər olduğunu bildirib.