Ermənistan prezidenti özünü dünyaya daha konstruktiv göstərməyə çalışır
Fevral ayının 10-11-də Böyük Britaniyada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Londonun Kral Universitetində çıxışı zamanı səsləndirdiyi fikirlər mətbuatda geniş yayımlanmaqla yanaşı, onun çıxışına qarşı müxtəlif yanaşmalara səbəb olmuşdur. Belə ki, S.Sarkisyan çıxışı zamanı Türkiyə-Ermənistan protokollarına və Dağlıq Qarabağ məsələsinin həllinə münasibətini bildirmişdir. Onun göstərdiyi mövqe isə həmişəki kimi heç də reallığı əks etdirməmiş və maraqlı fikirlərlə yadda qalmışdır. İlk növbədə, protokolların taleyinə aydınlıq gətirən prezident protokolların ratifikasiya edilməsi üçün parlamentə göndərilməsini tapşırdığını bildirsə də Türkiyənin bu addımı birinci atmayacağı təqdirdə, Ermənistanın da protokolları təsdiqləməyəcəyini xüsusilə vurğulayıb. Dağlıq Qarabağ məsələsində də heç bir güzəştə getməyəcəyini xatırladan S.Sarkisyan işğalçılıq siyasətini burada da nümayiş etdirməkdən çəkinməyib. Sarkisyanın çıxışında maraqlı bir məqam da ondan ibarətdir ki, erməni prezident Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün ilk addım ataraq, Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə-Ermənistan sərhədlərinin açılması mərasiminə dəvət edcəyini bildirib.
Serj Sarkisyanın bu tipli məntiqsiz və ağlasığmaz çıxışının ardında hansı məqamların dayandığını öyrənmək üçün politoloq Elman Nəsirova müraciət etdik. Politoloq da məsələyə münasibət bildirərkən, Ermənistan prezidentinin çıxışının məhz Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin mürəkkəbləşməsinə və bu müddətin daha da uzadılmasına hesablanmış növbəti addımdır.
"İlk növbədə, onu demək istərdim ki, Ermənistan prezidenti onun fərqindədir ki, Türkiyə parlamentində bu sənədlərin ratifikasiyası çox müşkül bir məsələdir. Türkiyənin isə bu məsələdə mövqeyi dəfələrlə səslənib. Hətta bu mövqe Türkiyə prezidentinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı bu proseslərin başında dayanan ABŞ prezidenti ilə görüşündə də səslənib. Həmin mövqe də ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mümkündür və bu, o halda mümkündür ki, Ermənistan-Azərbaycan torpaqlarının işğaldana azad edilməsi ilə bağlı konkret addımlar atsın. Ermənistan tərəfinin də bundan xəbəri var. Ermənistan prezidentinin Londonda nümayiş etdirdiyi mövqeyinin arxasında da Ermənistanın proseslərdən çıxardığı nəticə dayanır. Ermənistan bu nəticəyə gəlib ki, protokolların ratifikasiyası mümkün deyil, amma indiki məqamda Türkiyəni təxribata sövq edə biləcək addımlar atmaq lazımdır. Buna görə də onun Londondakı çıxışında bu cür yanaşmalar, qərəzli mövqelər səslənir və nəticədə Türkiyə də buna cavab reaksiyası nümayiş etdirir. Bilirsiniz ki, bundan öncə, Ermənistan prezidentinin Türkiyə prezidentinə məktubu da var idi. Bütün bunların əsasında Türkiyəni adekvat addımlar atmağa sövq etmək dayanır. Nəticədə protokolların imzalanması prosesi daha da mürəkkəbləşir və onun müddəti uzanır. Beləliklə, qondarma erməni soyqırımının növbəti ildönümü - aprel ayı yaxınlaşır. Mart ayında isə ABŞ Konqresində erməni soyqırımı növbəti dəfə müzakirəyə çıxarılacaq. Həmçinin, aprel ayının 24-nə kimi bu məsələni gündəmdə saxlamaq və Türkiyəni daha sərt addımlar atmağa sövq etməklə nəticədə bütün məsuliyyəti Türkiyənin boynuna qoymaq Ermənistanın qarşısında duran əsas məsələdir. Son məqsəd isə qondarma erməni soyqırımı məsələsində ABŞ-ın soyqırımı tanıması və Türkiyəyə olan münasibətin dəyişilməsinə şərait yaratmaqdır."
Serj Sarkisyanın protokolları parlamentə göndərməsini də bu şəkildə bəyan etməsinə münasibət bildirən politoloq onun özünü dünyaya daha kostruktiv bir dövlət kimi göstərməsinin bir üsulu olduğunu qeyd etdi.
"Ermənistan prezidentinin protokolları parlamentə göndərməsinin əsas mahiyyəti ondan ibarətdir ki, bununla onlar dünya birliyini inandırmaq istəyirlər ki, bu prosesdə Ermənistan daha çox pozitiv mövqedədir, problemin həllində daha çox maraqlıdır və eyni zamanda, bu proyektin arxasında dayanan qüvvələrin mənafeyi və maraqlarına uyğun siyasət yeridir. Həmçinin, o, bunu da yaxşı bilir ki, belə bir addımın atılacağı təqdirdə, Türkiyə tərəfindən buna qarşı adekvat addım atılmayacaq."
Türkiyə ilə Ermənistan arasında münasibətlərin bu məcrada inkişafının fonunda qondarma erməni soyqırımı ilə bağlı nə ABŞ Konqresinin, nə də ABŞ prezidentinin mövqeyində heç bir dəyişikliyin olmayacağını bildirən E.Nəsirov bunun ötən illərdən fərqlənməyəcəyini nəzərə çatdırdı.