PDF Oxu

Araşdırma

  • 9

Ermənistan iqtisadiyyatı böhran keçirir

Ermənistan iqtisadiyyatı böhran keçirir
Böhran və iqtisadi çətinliklər Ermənistan iqtisadiyyatını iflic vəziyyətə salıb. Başa çatan il ərzində ölkədə işsizlik 11 faiz artıb, ölkə iqtisadiyyatı 20 faiz geriləyib. Politoloq Rüstəm Məmmədov analoji halın 2010-cu ildə də təkrarlanacağını söylədi: "Bu ilin Ermənistan iqtisadiyyatı üçün daha ağır olacağı proqnozlaşdırılır.
Beynəlxalq Maliyyə İnstitutu və MDB Statistika Komitəsinin son hesablamaları bunu deməyə əsas verir. Belə ki, beynəlxalq maliyyə institutları Ermənistanı iqtisadi böhrana daha çox məruz qalan ölkələr sırasında görür. Qurumun ekspertləri ölkənin "Holland sindromu"na yoluxduğunu vurğulayırlar. Çünki bu ölkə iqtisadiyyatı bütünlüklə Rusiya iqtisadiyyatından asılıdır".
R.Məmmədov Ermənistanın iqtisadiyyatının viran qaldığını bidirir: "Bu gün Ermənistan böyük təşviş içindədir. Dünya maliyyə böhranı məhz böyük ambisiyalı bu kiçik ölkəyə də gəlib çatdı. Addımbaaddım böhran əvvəlcə bank, sonra tikinti sektorunu iflic etdi. Sonra böyük istehsal obyektləri fəaliyyətsiz qaldı, işsizliyin səviyyəsi artdı və nəticədə güclü devalvasiya və qida məhsullarının çatışmazlığı baş verdi. Durum həm də xarici ticarət dövriyyəsinin mənfi saldosu ilə çətinləşir. Bəs görəsən, keçmiş SSRİ ölkələri arasında niyə məhz Ermənistan maliyyə böhranının ilk "qurbanı" oldu?"
Politoloq məsələyə dair fikrini açıqlayaraq, bildirdi ki, iş ondadır ki, ətraf dünyadan nəqliyyat blokadası ilə, faktiki olaraq, təcrid edilmiş və ciddi təbii resursları olmayan Ermənistan iqtisadiyyatı erməni diasporunun böyük həcmli sərmayələrinin üzərində dayanır. Başlanğıcını ABŞ-dan götürən böhran, bu ölkənin erməni diasporunun maliyyə imkanlarına ciddi zərbə vurub və getdikcə bu diasporun Rusiya və Avropadakı dayaqlarını zəiflədib.
R.Məmmədov xatırlatdı ki, "hazırda ölkə idxal və ixracın 90 faizini "böyük qardaşı" Rusiyaya edir. Bu baxımdan, hesab edirəm ki, əgər rəsmi Moskva Ermənistandan üz döndərsə, Ermənistan iqtisadiyyatı iflasa məhkum olacaq. MDB Statistika Komitəsinin proqnozları da Ermənistan üçün heç nə vəd eləmir. 2009-cu ildə bu məkanda maliyyə böhranının ən böyük zərbəsi Ermənistana dəydi. Ölkə iqtisadiyyatı 20 faiz gerilədi. MDB Statistika Komitəsinin hesablamalarına görə, ölkədə heç bir sahədə iqtisadi artım qeydə alınmayıb. Hətta Ermənistan prezidentinin həmvətənlərinə maliyyələşdirməni kəsməməyə çağırması belə heç bir vətənpərvərə təsir göstərmədi. Hazırda ABŞ, Avropa və Rusiyada yaşayan erməniəsilli sahibkarları göz görə-görə "arıqlamaqda" davam edən pul kisələri daha çox maraqlandırır. Bununla yanaşı, öz banklarında kiçik və orta biznesə dəstək üçün kredit vəsaitlərinin axtarışında "əldə olunan" uğursuzluqlardan sonra Ermənistan hökuməti dövlət büdcəsindəki dəlikləri "yamamaq" üçün müxtəlif mənbələrdən tələm-tələsik maliyyə vəsaitləri cəlb etməyə başlayıb. Belə ki, bu gün 500 milyon dollarlıq sabitləşmə kreditini Ermənistan Rusiyadan yalvarıb alır. İlkin müqaviləyə müvafiq olaraq kredit, 4 illik güzəşt müddəti ilə 15 il müddətinə verilir. Qeyd edim ki, nüfuzlu beynəlxalq təşkilatların proqnozları da Ermənistanın tərəfində deyil. BVF erməni dramının daha 20-30 faiz devalvasiya, ÜDM-nin isə 1,5 faiz aşağı düşdü. Digər bir məqamı da vurğulamaq istərdim ki, erməni hökuməti milli valyutanın çökməsinə müxtəlif versiyalarla özlərinin xeyrinə aydınlıq gətirir. Ancaq qeyd edim ki, Ermənistanın rəqabət qabiliyyətliliyinin artırılması və yeni iş yerlərinin açılması tədbirləri kimi qələmə verməyə nə qədər çalışsa da, dünya ictimaiyyətini aldatmaq olmayacaq. Bu ölkənin qısır iqtisadiyyatı, dünya maliyyə böhranı şəraitində Ermənistan üçün tam iflasa çevrilib".

Digər xəbərlər