PDF Oxu

Araşdırma

  • 10

Sarkisyan sərsəm bəyanatlar verməkdən əl çəkmir

Sarkisyan sərsəm bəyanatlar verməkdən əl çəkmir
Məlum olduğu kimi, yanvar ayının sonunda İslam Konfransı Təşkilatının Parlament Birliyinin növbəti sessiyasında Azərbaycanın işğal olunmuş torpaqları və Xocalı faciəsi ilə bağlı xüsusi qətnamələr qəbul olunmuşdu.
Belə ki, İKT-yə üzv dövlətlərin parlament nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda Xocalı faciəsi "insanlığa qarşı cinayət" və "Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" kimi qiymətləndirilmişdir. Lakin bu günlərdə məsələyə münasibət bildirən Ermənistan xarici işlər naziri E.Nalbandyan bunun İKT PB tərəfindən qəbul olunmuş qərarın təşkilata üzv dövlətlər tərəfindən qəbul olunmayacağını bildirib.
Nalbandyanın belə bir iddia ilə çıxış etməsi onun və digər Ermənistan rəsmilərinin həmişəki mövqeyi ilə izah oluna bilər. Onlar tərəfindən dəfələrlə bu tip bəyanatların səsləndirilməsi artıq təəccüb yaratmır. Maraqlısı ondan ibarətdir ki, Ermənistan xarici işlər naziri, bu dəfə konkret olaraq, beynəlxalq bir təşkilatın orqanı tərəfindən qəbul olunmuş qərarı əsassız sayır və onun heç bir əhəmiyyətinin olmayacağını bildirir. O, həmçinin, bildirib ki, İKT-yə üzv ölkələrlə Ermənistan arasında fəal iş aparılır. Bu məsələdə isə təşkilatın bəzi üzvləri tamamilə başqa mövqe nümayiş etdirir və tamamilə başqa cür səs verirlər. Əlbəttə, Nalbandyanın bu fikirləri tamamilə absurddur və subyektiv xarakter daşıyır. Onun İKT-nin fəaliyyətinə belə kölgə sala biləcək bir bəyanatla çıxış etməsi yalnız və yalnız Ermənistan nazirinin öz nüfuzuna xələl gətirmiş olacaq. Dünyada müşahidə edilməmiş bir siyasət yeridən Ermənistan hakimiyyəti öz mövqelərinin doğru olduğunu bildirmək üçün hətta beynəlxalq bir sənədi də nəzərdən salmağa çalışır. Əslində, bu ermənilərin özlərini doğrultmaq üçün görə biləcəkləri ən son iş idi ki, bunu da Ermənistan xarici işlər naziri etdi.
Nalbandyanın bəyanatının digər maraqlı bir hissəsini isə onun yeritdiyi siyasətə son iki il ərzində regional və beynəlxalq səviyyədə heç bir təşkilatın etiraz etmədiyini bildirməsi təşkil edir. Bəli, həqiqətən də, son iki il ərzində Ermənistanın işğalçılıq siyasətinə qarşı heç bir beynəlxalq səviyyəli sənəd qəbul olunmayıb. Çünki artıq onun işğalçılıq siyasətinə qarşı ən yüksək səviyyədə etiraz nümayiş etdirən qətnamələr BMT TŞ tərəfindən qəbul olunmuşdur. Bununla yanaşı, Ermənistanın işğalçılıq siyasətinə qarşı BMT TŞ tərəfindən qəbul olunmuş 4 qətnamə hələ də qüvvədə qalmaqdadır. Həmçinin, Türkiyə ilə münasibətlərin normallaşmasında Ermənistanın qarşısına qoyulan əsas şərtin onun işğal olunmuş Azərbaycan torpaqlarını tərk etməsi kimi göstərilməsini Nalbandyanın nəzərinə çatdırmaq yaxşı olardı. Bu, beynəlxalq səviyyəli bir sənəd olmasa da Ermənistanın yeritdiyi siyasətə qarşı beynəlxalq səviyyədə etiraz kimi qiymətləndirilə bilər. Türkiyənin sayəsində Ermənistanın işğalçılıq siyasətinin dünya səviyyəsində tanıdılması çox mühüm əhəmiyyətə malikdir.
İKT tərəfindən qəbul olunmuş son beynəlxalq sənəd isə Xocalı faciəsinə beynəlxalq miqyasda verilən ilk qiymət oldu ki, bunu Azərbaycan diplomatiyasının uğuru kimi də qiymətləndirilə bilər. "Xocalıya ədalət" kampaniyasının ötən ilin fevral ayından etibarən həyata keçirdiyi tədbirlər onun İKT çərçivəsində xeyli rəğbət qazanmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, İKT-yə üzv ölkələrin parlament nümayəndələri digər dövlətləri də "Xocalıya ədalət" kampaniyasına dəstək verməyə çağırmışdır. Ermənistan xarici işlər nazirinin isə Azərbaycanın bu fəaliyyətinə belə bir münasibət bəsləməsi və qəbul olunmuş qərarları heçə sayması qəbul olunan deyil və erməni nazir tərəfindən də heç nə ilə əsaslandırıla bilməz. Bunu, sadəcə olaraq, Ermənistan hökumətinin artıq adət halını almış heç bir siyasi norma və prinsipə sığmayan bəyanatlarının növbətisi kimi qiymətləndirmək lazımdır.

Digər xəbərlər