Türkiyə-Ermənistan münasibətləri başlanğıc nöqtəyə qayıdıb
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair aparılan danışıqlar və proseslərlə bağlı ötən həftə baş verən hadisələr daha çox yaddaqalan oldu. Belə ki, bir növ bu prosesin gedişatına və onun gələcək taleyinə aydınlıq gətirildi. Türkiyə xarici işlər nazirinin Türkiyə mətbuatına verdiyi açıqlama iki ölkə arasında son zamanlar yaşanan qalmaqalların son nöqtəsi kimi çıxış etdi desək, yanılmarıq. Ə.Davudoğlu bildirdi ki, Türkiyə ilə Ermənistan arasında münasibətlər başlanğıc nöqtəyə qayıdıb.
Əslində, Davudoğlunun belə bir bəyanatla çıxış etməsi heç də təəccüblü deyil. Çünki artıq cərəyan etməkdə olan proseslər və müşahidə olunan qalmaqallar iki ölkə arasında yetərincə narazılığın yaaranmasına səbəb olmuşdur. Ermənistan Konstitusiya məhkəməsində protokolların ratifikasiyası zamanı onlara edilən dəyişikliklər Türkiyə tərəfinin narazılığına səbəb olmuş və hökumət başçısı səviyyəsində bu məsələyə etiraz edilmişdi. Baş nazir R.T.Ərdoğan öz çıxışında Ermənistanda belə bir addımın atılmasının qəbuledilməz olduğunu və bu tipli əməllərin münasibətlərin normallaşdırılması prosesinə verə biləcəyi böyük zərərdən danışmışdı. Hətta iki ölkə arasında münasibətlərin başlanğıc nöqtəyə qayıda biləcəyi barədə xəbərdarlıq da etmişdi. Buna baxmayaraq, Ermənistan heç bir xəbərdarlığa məhəl qoymayaraq, öz əməllərini davam etdirmiş və Türkiyə-Ermənistan münasibətlərinin yenidən gərginləşməsinə səbəb olmuşdur. Əlbəttə, bundan öncə də Ermənistan tərəfindən bu tipli qeyri-konstruktiv addımlar atılmışdı. Türkiyə Ermənistana sərhədləri yalnız Azərbaycan torpaqlarını işğaldan azad edəcəyi təqdirdə, açacığı ilə bağlı şərt irəli sürsə də, Ermənistan bununla razı olmadığını qabarıq şəkildə nəzərə çatdırmışdı. Təbii ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasının səbəbi, məhz Azərbaycan torpaqlarının işğalı idi. Bu işğal da aradan qaldırılmadan sərhədlərin açılmasını güman etmək ağılsızlıqdır.
Göründüyü kimi, protokolların imzalandığı gündən indiyə kimi münasibətlər heç də normallaşmamış və əksinə, bəzi məqamlarda Ermənistanın ucbatından daha da pisləşmişdir. Belə olan halda, onsuz da sərhədlərin açılmasında maraqlı olmayan Türkiyə özünün sərt üzünü göstərmək məcburiyyətində qaldı. Münasibətlərin başlanğıc nöqtəyə qayıtmasını bəyan etməklə, Ankara Ermənistanın nazı ilə oynamaq fikrində olmadığını bildirmiş oldu. Çünki indiki məqamda Türkiyənin Ermənistana deyil, Ermənistanın Türkiyəyə ehtiyacı var.
Ermənistan isə bir dövlət olaraq, öz ehtiyaclarını ödəmək üçün bu məsələdə nə qədər maraqlı olsa da, onun milli işğalçılıq maraqları buna imkan vermir. Bu gün Ermənistanın blokada vəziyyətində olduğunu yalnız bir neçə himayədar dövlət hesabına yaşadığını nəzər alsaq, onun Türkiyə ilə yaranacaq və Türkiyə tərəfindən təklif edilən böyük ticarət əlaqələrinin Ermənistanın durumunun düzəlməsinə nə qədər yardımçı olacağını təsəvvür etmək çətin deyil. Lakin illərdir Türkiyəyə qarşı mübarizə aparan və qondarma erməni soyqırımının tanıdılmasına nail olmaq istəyən erməni lobbisi Ermənistan hökumətinin belə bir addım atmasına qarşı çıxdı. Ermənistana daimi maliyyə yardımları edən bu lobbinin sözünün yerə salınması isə mümkün deyil. Hətta iddia olunur ki, Türkiyə-Ermənistan münasibətələrinin pisləşməsi məhz erməni lobbisinin planları çərçivəsində baş verib. Bununla, onlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının vaxtının daha uzun müddətə uzadılmasına nail olmaqla, qondarma erməni soyqırımının növbəti ildönümü ilə bağlı ABŞ Konqresində növbəti dinləmələrin keçirilməsinə nail olmaq fikrindədir. Qeyd edək ki, mart ayının 4-də bu dinləmələrin keçirilməsi planlaşdırılır.
Hərçənd, ABŞ rəhbərliyi də Ermənistanı öz yolundan döndərmək məqsədilə bir sıra addımlar atmış və hətta Ermənistan tərəfindən protokolların imzalanmasında bilavasitə rolu olmuşdur. Bu günlərdə isə protokollarda edilmiş dəyişikliklərlə bağlı qalmaqala münasibət bildirən ABŞ rəhbərliyi iki ölkə arasında yaranan narazıçılığı aradan qaldırmaq məqsədilə, protokollarda heç bir dəyişikliyin olmadığına dair açıqlama vermişdi. Lakin göründüyü kimi, ABŞ-ın budəfəki cəhdləri də Ermənistanı düşdüyü durumdan xilas edə bilməyib.
İndiki məqamda isə, artıq Ermənistanın öz səhvlərini düzəltmək üçün vaxtı var. Ermənistan rəhbərliyi gördükləri əməllərin nəticəsini araşdırmalı və harada səhv etdiklərini müəyyənləşdirməlidirlər. Bunun üçün isə, ilk növbədə, qonşularla olan münasibətləri normallaşdırmaq və işğalçılıq siyasətindən əl çəkmək lazımdır. Belə olmayacağı təqdirdə, Ermənistanın gələcək taleyi sual altına düşə bilər.