Akademik Zərifə Əliyeva adına məktəbdə Holokost qurbanları anılıb
Akademik Zərifə Əliyeva adına məktəbdə İkinci Dünya müharibəsi zamanı baş vermiş Holokost faciəsinin qurbanları anılıb. BMT-nin İctimai İnformasiya Departamentinin dəstəyi ilə Akademik Zərifə Əliyeva adına məktəbdə keçirilmiş tədbirdə Holokostdan və onun insanlığa təsirindən danışılıb, BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti göstərilib. Tədbir iştirakçıları Holokost hadisələrinin canlı şahidi olmuş xanım Qerda Veysmanın xatirələri əsasında rejissor Keri Antolis tərəfindən lentə alınmış və "Oskar" mükafatına layiq görülmüş "Sağ qalan bir şəxsin xatirələri" filminə baxıblar.
Xanım Qerda Veysmanın kədərləndirməklə bərabər, insanı ruhlandıran hekayəsi filmə baxanlar tərəfindən yüksək qiymətləndirilib. Şagirdlərin dediklərinə görə, bu filmdən onlar Holokost hadisələrinin dəhşətləri haqqında öyrənərək, tolerantlığın və insan hüquqlarına hörmətin vacibliyinin şahidi olublar. Əksəriyyətinin Avropa yəhudisi olmaqla, təqribən 11 milyon insanın müxtəlif növ işgəncələrə məruz qalaraq faşist Almaniyası tərəfindən məhv edilməsi Holokost adlandırılıb. Sözün mənşəyi yunan dilindən götürülüb və "kütləvi yandırılma" mənasını verir. Araşdırmalara görə, həmin kütləvi qırğınlarda 1,1 milyon uşaq da öldürülüb. BMT 2005-ci il tarixli qətnaməsi ilə hər il yanvarın 27-ni dünya üzrə Holokost qurbanlarının xatirəsinə həsr edilmiş beynəlxalq gün kimi qeyd etməyi tövsiyə edib. Bu tarixin seçilməsi təsadüfi olmayıb. Çünki 65 il əvvəl məhz bu tarixdə milyonlarla insanın həyatını məhv etmiş faşist Almaniyasının ən böyük ölüm düşərgəsi olan Auşvits-Birkenau azad edilib.