PDF Oxu

Araşdırma

  • 13

“Bu il Ermənistan üçün çox ağır olacaq”

“Bu il Ermənistan üçün çox ağır olacaq”
Ermənistan Milli Məclisinin üzvü, iqtisadçı Ara Nranyan 2010-cu ildə Ermənistanda kasıbların sayının kəskin surətdə artacağını söyləyib. Ermənistanın "panarmenian.net" saytının verdiyi məlumata görə, Ara Nranyan deyib ki, 2010-cu ilin büdcə layihəsində daxilolmaların səviyyəsində 1,2 faiz artım proqnozlaşdırılsa da, hökumətin həyata keçirdiyi iqtisadi siyasət gələn il əhalinin həyat səviyyəsini aşağı düşməsinə səbəb olacaq.
Deputat bildirib ki, hazırda orta təbəqə sayılan kəsim də gələn il yoxsulluq həddinə enəcək: "Sirr deyil ki, bizim vətəndaşların gəlirlərinin əhəmiyyətli qismini transfertlər təşkil edir. Bu transfertlər isə hazırda faktiki yoxdur. Hökumət də gəlirlərin azalmasını kompensasiya etmək üçün heç bir addım atmayıb. Bunun üçün maliyyə vəsaiti də, əslində, yoxdur. Əməkhaqqı və pensiyada artım olmayacaq, ölkə çətin ki, gələn il böhrandan əvvəlki səviyyəyə qayıda bilsin".
Azərbaycan Respublikasının beynəlxalq mövqeləri möhkəmləndikcə təcavüzkar Ermənistanda ictimai rəy isterika ab-havasına bürünüb. Hər halda işğalçı ölkənin başında dayanan Sarkisyanın son açıqlamaları belə deməyə əsas verir. Xarici xəbər agentliklərinin məlumatına əsasən, işğalçı ölkənin rəhbəri növbəti dəfə sərsəm fikirlər səsləndirib.
Prezidentdən çox hakimiyyətdəki "Qarabağ klanı"nın başçısı rolunda çıxış edən Sarkisyan həyasızcasına bəyan edib ki, "Ermənistan Dağlıq Qarabağa əl uzadılmasına imkan verməyəcək". Bundan başqa, o, iddia edib ki, Ermənistan münaqişənin "DQR" xalqının iradəsinə əsasən həllinə tərəfdardır. Hakim Respublika Partiyasının qurultayında çıxış edən Serj Sarkisyan münaqişənin nizamlanmasının çətin proses olduğunu bildirib.
Siyasi müşahidəçilərin fikrincə, danışıqların bu məqamında belə bəyanatlar vermək yersizdir. Ümumiyyətlə, Sarkisyanın bəyanatları Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edir və danışıqlar prosesinə ziddir. Əksər ekspertlərin qeyd etdikləri kimi bu sözlər, daha çox daxili auditoriyaya hesablanıb və erməni ictimaiyyətini sakitləşdirməyə istiqamətlənib.
Məsələ burasındadır ki, işğalçılıq siyasətinin Ermənistanı çıxılmaz bir duruma saldığını artıq hər kəs gözəl dərk edir. Artıq sadə erməni də Dağlıq Qarabağ siyasətinin bir avantüra olduğunu və Ermənistanı sonu qaranlıq görünən macəraya sürüklədiyini anlayır. Ermənilər, nəhayət, başa düşməyə başlayıblar ki, xarici güclərin dəstəyi hesabına işğal altında saxladıqları Azərbaycan torpaqlarını gez-tez boşaltmalı olacaqlar.
Təbii ki, bu prosesin sülh yolu ilə olması daha məqsədəuyğundur. Əks halda isə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, danışıqlara ümidimiz tükənəcək. "Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Son illər ərzində ordu quruculuğunda görülən işlərin, təbii ki, məqsədi vardır. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu, ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək.
Beynəlxalq hüquq normaları bu hüququmuzu tanıyır. Biz, sadəcə, istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə olmasın. Amma əgər Ermənistan fikirləşir ki, biz bu danışıqlarda daim iştirak edəcəyik, bu, yanlış bir fikirdir. Biz o vaxta qədər danışıqlarda olacağıq ki, ümidimiz var, məsələ həll olunacaqdır. O vaxta qədər ki, hələ ümidimiz tükənməyib. Amma görsək ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt uzadır və bu məsələni danışıqlar yolu ilə belə əbədiləşdirmək istəyir, o zaman danışıqlara son qoyulacaqdır".
Beləliklə, bu bəyanatın fonunda prezidentlərin Soçidə baş tutan növbəti görüşü Ermənistan daxilində növbəti gərginliyə səbəb olub. Məlumatlara əsasən, erməni müxalifəti Münhen və Soçi görüşünü Ermənistan hakimiyyətinin məğlubiyyəti kimi dəyərləndirib. Məsələn, "Daşnaksütyun" fraksiyasının yaydığı açıqlamada bildirilib ki, rəsmi Yerevan görüşün yekunlarına dair konkret məlumat verməməklə əsil həqiqəti üzə çıxarıb: "Görünür, Azərbaycan Prezidenti İlham Əliyevin görüşdən öncə, çox sərt bəyanat verməsi Sarkisyanı qorxuya salıb. Halbuki Soçi görüşündə Ermənistan prezidentinin bu məsələni gündəmə gətirmək imkanı var idi. Amma Sarkisyan bunu etmədi".
"İrs" Partiyasının təmsilçisi Qevork Safaryanın qənaətinə görə, Ermənistan hökumətinin yürütdüyü siyasət Dağlıq Qarabağ münaqişəsinin dalana dirənməsilə nəticələnib. Onun sözlərinə görə, bu uğursuz siyasət nəticəsində Yerevanın təklif olunan kompromis variantlarla razılaşmaqdan başqa çarəsi qalmayıb.
Ermənistan Ümummilli Hərəkat Partiyasının üzvü David Şahnazaryan isə bildirib ki, rəsmi Yerevan gec-tez Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedən geri çəkiləcək. Onun sözlərinə görə, zaman Ermənistanın xeyrinə işləmir. Çünki 1998-ci ildən başlayaraq, Azərbaycan iqtisadiyyatında güclü inkişaf getsə də, Ermənistan yerində saymaqla məşğuldur. Bunun məntiqi nəticəsi olaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da öz mövqeyini xeyli gücləndirib.
Milli Həmrəylik Partiyasının lideri Aram Arutunyan da ölkəsinin acınacaqlı durumda olduğunu bəyan edib. O bildirib ki, Ermənistan üçün ən yaxşı durum münaqişə ilə bağlı status-kvonun saxlanılması ola bilər. Lakin danışıqların gedişi göstərir ki, durum dəyişəcək. Ona görə ki, danışıqlar prosesi öncəkindən xeyli fərqli gedir.
Göründüyü kimi, bir tərəfdən Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hər cür imkana malik olması, digər tərəfdən isə erməni müxalifətinin artan təzyiqləri Sarkisyan rejimini qaranlıq bir dalana dirəyib. Həmin dalandan çıxmaq üçün cəhdlər göstərən işğalçı rejim isə ötən hər gün ərzində məsuliyyətsiz bəyanatlarla özünü daha da çətinə salır.
Siyasi müşahidəçilərin ümumi qənaətinə görə, məhz Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü məsələsində tutduğu qətiyyətli mövqe Rusiya prezidentinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin də Ermənistana müəyyən təzyiqlər yönəltməsi ilə nəticələnib.
Beləliklə, istər regionda, istərsə də təcavüzkar Ermənistanın daxilində gedən proseslər tam əminliklə söyləməyə əsas verir ki, Azərbaycan diplomatiyasının hücumçu taktikası getdikcə öz səmərəsini verməkdədir və qarşıdakı aylarda ölkəmizin ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən daha böyük dəstək görəcəkdir.

Digər xəbərlər