PDF Oxu

Araşdırma

  • 7

Human Rights Watch təşkilatının qərəzli hesabatı

Human Rights Watch təşkilatının qərəzli hesabatı

Bir neçə gün öncə, Human Rights Watch təşkilatı illik hesabatını açıqlayıb. Hesabata görə, 2009-cu ildə bütün dünyada insan haqları fəallarının üzərinə təqiblər və hücumlar artıb. Hesabatda Azərbaycana dair fəsil yer alıb. Burada ölkədə keçən ilin martında keçirilmiş və prezidentə məhdudiyyətsiz olaraq seçilmək imkanı verən referendumdan bəhs edilir. Hesabatla bağlı 2-ci yazımızda sənəddə yer alan siyasi problemlərə aydınlıq gətirməyə çalışacağıq.

"Human Rights Watch"ın cəfəng iddiaları

Öncə gəlin hesabatda Azərbaycanda ictimai-siyasi məsələlər bağlı yer alan məqamlara nəzər salaq. Human Rights Watch təşkilatının hesabatında qeyd olunur ki, hökumət 2009-cu ildə QHT-lərə dair mürtəce qanun layihəsini ortaya çıxarsa da, sonra onu geri götürüb.
Təşkilat hesabatında həbsdə işgəncə hallarının Azərbaycanda geniş yayıldığını qeyd edib. "İşgəncələrə qarşı Azərbaycan Komitəsinə təkcə ötən il ərzində bu xüsusda 90 şikayət ərizəsi daxil olub. 2009-cu ildə ən azı 3 məhbus həbsdə dünyasını dəyişib"- sənəddə qeyd olunur.
Hesabatda vurğulanır ki, Avropa İnsan Haqları Məhkəməsi qərara gəlib ki, Azərbaycan hökuməti 2003-cü ilin prezident seçkisindən sonra baş vermiş müxalifət etirazları ərəfəsində Avropa Konvensiyasının 3-cü maddəsini kobudcasına pozub. Bu maddə insana qarşı qeyri-insani və alçaldıcı hərəkətləri qadağan edir.
Hesabatda o da deyilir ki, Azərbaycanın uzun illərdir ki, siyasi məhbusları həbsdə saxlaması, nəhayət, Avropa Şurasını 2009-cu ilin martında bu ölkə üzrə xüsusi məruzəçi təyin etməyə məcbur edib.
Bununla yanaşı, hesabatda vurğulanır ki, Azərbaycanın vətəndaş cəmiyyəti və beynəlxalq insan haqları qruplarının uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın BMT İnsan Hüquqları Şurasına təkrar seçilməsinə imkan verilməyib.
Göründüyü kimi, sənəddə Azərbaycanla bağlı bir sıra tənqidi məqamlar, irad və tövsiyələr də öz əksini tapıb. Hesabatda əksini tapmış bəzi iradlar və tənqidi məqamlarla qismən razılaşmaq olar. Onların aradan qaldırılması üçün hökumət məqsədli iş aparır. Bununla belə, hesabatda qeyri-obyektiv və birtərəfli fikirlər də çoxdur.
Şübhə yoxdur ki, hesabatda obyektivliyi şübhə doğuran mənbələrin məlumatlarından istifadə olunub. İkincisi, bəzi fikirlərin məlumatsızlıqdan irəli gəldiyi və ya məsələlərin kökünün dərindən araşdırılmadığı müşahidə edilir.

Azərbaycanda prezident seçkiləri

Xatırladaq ki, 2003-cü il prezident seçkilərindən öncə və sonra beynəlxalq təşkilatların keçirdiyi bütün sorğularda Azərbaycanda mövcud siyasi kursun xalq tərəfindən dəstəkləndiyi müəyyən edilib. Belə ki, İFES-in keçirdiyi sorğunun nəticələrinə görə rəyi soruşulanların 64 %-i, Soros fondunun dəstəyi ilə keçirilmiş sorğuya görə 67 %, "Gellap" mərkəzinin araşdırmalarına görə isə 77 % İlham Əliyevi dəstəkləyib.
ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun sifarişi ilə ADAM Sosioloji Mərkəzin Siyasi və İqtisadi Araşdırmalar layihəsi çərçivəsində keçirilən rəy sorğusu bu nəticələri bir daha təsdiq edib. ATƏT-in müşahidə missiyası seçkiləri demokratiyaya doğru addım kimi qiymətləndirib. Seçkilərdən sonra ABŞ Prezidenti C.Buş da daxil olmaqla bütün dövlət başçıları İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik ediblər.
MDB ölkələrinin müşahidə missiyası, müstəqil müşahidəçilər seçkilərin demokratik keçirildiyini bəyan ediblər. Bütün bunlar seçkilərin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu, İlham Əliyevin ədalətli seçki prosesində böyük üstünlüklə qalib gəldiyini sübut edir.
Digər tərəfdən, əgər bu seçkilər demokratik tələblərə cavab vermirdisə, onda o zaman niyə bütün beynəlxalq təşkilatlar və xarici dövlətlər bu haqda heç bir irad bildirmədilər, əksinə, həmin seçkiləri demokratiyaya doğru daha bir addım kimi qiymətləndirdilər? Xüsusilə də, ABŞ belə hallarda öz mövqeyini həmişə ortaya qoyur və dünyada bu dövlətin çəkinəcəyi heç bir qüvvə yoxdur.
Üstəlik, İlham Əliyevlə müqayisədə digər namizədlərin reytinqinin çox zəif olması, hələ seçkilərdən öncə seçicilər arasında aparılan bütün sorğularda təsdiq olunubsa, exit-pollun nəticələri seçkinin nəticələrini təkrarlayırsa, onda hansı pozuntudan danışmaq olar? Bu faktları nəzərə aldıqda təşkilatın son hesabatında göstərilən məqamların obyektivliyi nəinki şübhə altına düşür, hətta bu sənədin bir sıra bəndlərinin qərəzli olmasını da görməmək mümkün deyil.

Parlament və bələdiyyə seçkiləri

Qeyd etməliyik ki, 2005-ci il parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsi üçün Azərbaycanda mühüm siyasi qərarlar verilib, Azərbaycan Prezidenti tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. ATƏT-də daxil olmaqla bütün təşkilatlar namizədlərin qeydə alınması, təşviqat kampaniyasının həyata keçirilməsi, ümumiyyətlə, seçki ərəfəsi şəraiti olduqca müsbət qiymətləndiriblər.
ATƏT-in rəsmi açıqlamasında seçki məntəqələrinin əksəriyyətində səsvermənin yaxşı keçirildiyi bildirilib. ABŞ-ın maliyyə dəstəyi ilə "PA Consulting Group" təşkilatının keçirdiyi exit-pollun nəticələri ilə MSK-nın nəticələri 65 dairədən 57-də, yəni 85 faizində üst-üstə düşüb.
Həmçinin, "Mitofski İnternational", "SAAR Poll" təşkilatlarının keçirdikləri exit-pollar da rəsmi nəticələri təsdiq edib. Müstəqil müşahidəçilər, MDB müşahidə missiyası seçkilərin demokratik standartlara cavab verdiyini bəyan ediblər.
Düzdür, seçki zamanı bəzi çatışmazlıqlar və bir neçə qanun pozuntusu halı olmuşdu, amma həmin dairələrdə seçkinin nəticələri ləğv edildi və təkrar seçkilər keçirildi. Dünyanın heç bir ölkəsində tam ideal seçki keçirilməsi halı hələ müşahidə olunmayıb. Nöqsan və çatışmazlıqlar hər yerdə olur, amma bu aradan qaldırılırsa, deməli, problem həll olunur. Amma nədənsə, bu kimi hallar hesabatda qeyd olunmur.
Parlament seçkilərində heç bir partiya YAP qədər çoxsaylı və nüfuzlu namizədlərlə iştirak etmədi. Müxalifətn partiyaları norma seçkiqabağı kampaniya aparmadılar, seçicilərlə görüşlərə o qədər də üstünlük vermədilər. Elə ancaq bir-birini ittiham etməklə və bir-birilərinə qarşı qara piar kampaniyası aparmaqla məşğul oldular.
Belə olan halda, məntiqi nəticə necə olmalıydı? Zaman və xalqın münasibəti də göstərdi ki, Azərbaycanda xalq tərəfindən seçilmək üçün nələr etmək lazımdır. Məhz Yeni Azərbaycan Partiyası və onun lideri İlham Əliyev bunun üçün nə lazımdırsa etmişdi və seçkinin nəticələri də buna adekvat oldu.
Parlament seçkilərinin nəticələri göstərdi ki, xalq kimə və hansı əməllərinə görə qiymət verir. Həmin seçkilərdən keçən müddətdə ölkədə keçirilən bütün sorğular göstərir ki, seçicilər səslərini kimə verib və kimi dəstəkləyirlər.
Eyni tendensiya bələdiyyə seçkilərində də müşahidə olundu. Bələdiyyə seçkilərini də çoxsaylı yerli və beynəlxalq müşahidəçi izlədi. AVCİYA və ELS təşkilatlarının keçirdiyi "exit-poll"un nəticələri də MSK-nın rəqəmləri ilə üst-üstə düşdü. Seçki öncəsi keçirilmiş sorğular da təsdiq etdi. Bu sorğular nüfuzlu beynəlxalq təşkilatlar və yerli QHT-lər tərəfindən təşkil olunub. Elə İFES-in son sorğusunu misal göstərmək olar. Müxalifətin özünün də inandığı nüfuzlu bir təşkilatın sorğusu xalqın rəyini yenidən ortaya qoydu.

Tir və tük məsələsi

Faktdır ki, hər bir seçki ərəfəsində və ondan sonra müxalifətə dinc aksiyalar keçirmək üçün şərait yaradılıb, bunun üçün müvafiq yerlər müəyyən edilib. Təəssüf ki, sanksiyalaşdırılmamış qeyri-qanuni aksiyalar keçirilib, asayiş keşikçiləri ilə süni qarşıdurma yaratmaq cəhdləri olub.
Polis əməkdaşları isə belə cəhdlərin qarşısını alaraq öz vəzifə borclarını yerinə yetiriblər. Bu, təbii və qanunidir. Hər bir ölkənin təhlükəsizlik qurumları dövlətin taleyi üçün təhlükə yarandıqda və ya ölkədə vətəndaş qarşıdurmasına edilən cəhlər olduqda bunun qarşısını almağa borcludur və bunu edir. Azərbaycanda da ictimai asayış qorunub və iğtişaşların dayandırılması üçün qanuni tədbirlər həyata keçirilib.
Beynəlxalq ictimaiyyət dəfələrlə bir sıra inkişaf etmiş Qərb ölkələrində vətəndaşların aksiyalarının polis tərəfindən dağıdılmasının şahidi olub. Bəzi hallarda onların vətəndaşlara qarşı sərt davrandığı, qəddarcasına döyüldüyü televiziya vasitəsilə nümayiş etdirilib.
Lakin həmin polis əməkdaşları haqqında hər hansı ölçü götürülməsi barədə məlumat yoxdur. Aksiya iştirakçılarına qarşı əsil qəddarlıq Ermənistanda president seçkiləri zamanı nümayiş etdirildi. Hətta hökumət qüvvələri tərəfindən 10-dan çox vətəndaş qətlə yetirildi, onlarla insan ağır yaralandı. Təəssüf ki, ABŞ və Qərbin rəsmi dairələrinin buna münasibəti adekvat olmadı.
Halbuki bu seçki prosesi total saxtakarlığın və antidemokratik rejimin dinc xalqa necə divan tuta biləcəyinin bütün dünya qarşısında vizual nümayişi idi. Çox maraqlı və təəccüblüsü odur ki, demokratiyadan, insan haqlarından, söz və mətbuat azadlığından dəm vuran beynəlxalq qüvvələr buna demək olar ki, reaksiya vermədilər. Aşağı ranqlı rəsmilər tərəfindən edilən bir neçə dodaqaltı mızıldanmanı reaksiya hesab etmək olmaz. Bəs nə oldu?
Ermənistan göydən zənbillə düşüb, yoxsa özlərini dünyanın "ən qədim və mədəni milləti" adlandıran bir vəhşi tayfanın etdiyi cinayətləri görmək çox çətindir? Bax, əsil obyektiv hesabat o olardı ki, burada ikili standartlardan çıxış edilməsin. Azərbaycandan, hətta Qərbin özündə belə tətbiq edilməyən "demokratik eksperimetləri" reallaşdırmağı tələb edənlər heç olmasa özləri buna kiçicik bir nümunə göstərsələr, pis olmazdı. Burada diffamasiya haqda qanunun qəbulu məsələsində edlən təkidli tövsiyələri xatırlamaq kifayətdir.

İkili standartlar prinsipi

Bu qeyd olunanları nəzərə aldıqda, Human Rights Watch təşkilatının son hesabatında obyektivliyi şübhə doğuran mənbələrin məlumatlarından istifadə olunduğu aydın olur. İkincisi, bəzi fikirlərin məlumatsızlıqdan irəli gəldiyi və ya məsələlərin kökünün dərindən araşdırılmadığı müşahidə edilir.
Nədənsə Azərbaycanın daha uzunmüddətli və daha böyük miqyasda terrora və təcavüzə məruz qalmasına Qərbdə bir qədər laqeyd münasibət göstərirlər. Əlbəttə, hansısa nöqsanı, çatışmazlığı göstərmək olar, bir şərtlə ki, uğurları və nailiyyətləri də buraya əlavə edəsən. Belə olmayanda dərindən analiz edilmədən hazırlanan sənədlər, onu hazırlayan qurumun nüfuzuna xələl gətirir.
Sonda onu da qeyd etmək istərdik ki, Azərbaycan hökuməti insan haqlarının müdafiəsi, fundamental insan hüquqlarının təmin edilməsi sahəsində qarşısında duran vəzifələrin icrasını uğurla davam etdirir. Beynəlxalq təşkilatların, müxtəlif dövlət qurumlarının haqlı irad və tövsiyələri daim nəzərə alınır, çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan, birmənalı olaraq, demokratiya, iqtisadi inkişaf, insan hüquq və azadlıqlarına hörmət, hər cür ayrı-seçkiliyin ləğvi, dünya dövlətləri və beynəlxalq təşkilatlarla normal münasibətlər kimi düzgün prioritetləri özündə birləşdirən bir strategiya ilə inkişaf edir.

Digər xəbərlər