Dağlıq Qarağağ münaqişəsi: 2010-cu il kontekstindən baxış
2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə doğru mühüm addımların atılacağı ehtimalı gündəmdədir. Bu kontekstdən bütün nəzər-diqqət Prezident İlham Əliyevin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə xalqa televiziya ilə müraciətində səslənən fikirlərə yönəlib.
Dövlət başçısı müraciətində bildirdi ki, danışıqlar Azərbaycan üçün əlverişli məcrada gedir və nizamlanma prosesinə beynəlxalq təşkilatların cəlb edilməsi işini gələcəkdə davam etdirmək lazımdır. Diqqəti çəkən ən mühüm nüans isə Prezidentin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini qətiyyətli və prisipial şəkildə bəyan etməsidir: "... Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Heç vaxt-nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə yüz ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar və bu barədə danışıqlar aparılır".
Bütün bunlara rəğmən, təbii ki, ötən il Prezident İlham Əliyevin son dərəcə həssas yanaşdığı, daim diqqətdə saxladığı əsas məsələ ölkənin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi oldu. Zaman dövlət başçısının üzərinə belə bir tarixi missiya qoyub ki, Dağlıq Qarabağ problemi tez bir zamanda dövlətimizin ərazi bütövlüyü və suveren hüquqları çərçivəsində öz həllini tapsın. Birmənalı olaraq, deyə bilərik ki, Prezident İlham Əliyev bu missiyanın məsuliyyətini layiqincə qiymətləndirir. Təsadüfi deyil ki, dövlət başçısı bütün çıxışlarında, keçirdiyi görüşlərdə əsas diqqəti məhz bu problemə yönəldir. Dağlıq Qarabağ probleminin dinc vasitlərlə həllinə nail olunması İlham Əliyev diplomatiyasının ana xəttini təşkil edir. Bu reallıq onun bütün xarici səfərlərində daim izlənilir. Təbii ki, bu problemin həlli prosesində Prezident İlham Əliyevin əsas üstünlüyü odur ki, o, həmin məsələyə yanaşmada ümummilli lider Heydər Əliyev konsepsiyasından çıxış edir. Bu konsepsiyanın mahiyyətini şərtləndirən amillər - Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapması, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, Dağlıq Qarabağın erməni icmasına Azərbaycanın tərkibində muxtar hüquqların şamil edilməsi, işğal olunmuş ərazilərdə terror təşkilatlarının ləğv edilməsi və s. ibarədir. Bu prinsiplərə sadiq qalacağını Prezident İlham Əliyev dəfələrlə rəsmən elan etmiş və ədalət naminə etiraf olunmalıdır ki, ötən il də həmin siyasi xəttə sadiqlik nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin bu istiqamətdə fəaliyyətində novatorluq elementləri də özünü açıq-aşkar büruzə verir. Həmin unikallığın təzahür formalarından biri də dövlət başçısının Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsini münaqişənin dinc vasitələrlə həll edilməsinin əsas elementlərindən hesab etməsidir. Təsadüfi deyil ki, Prezident xarici səfərləri zamanı müxtəlif ölkələrdə yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşərək, onları bu təbliğatda fəal iştirak etməyə dəvət edir. Bu prinsip dövlət tapşırığı olaraq ölkənin bütün hakimiyyət orqanlarının qarşısında əsaas vəzifə olaraq müəyyən edilib. Birmənalı şəkildə deyə bilərik ki, dövlət başçısı bu problemin həllində əsil vətənpərvərlik simvoluna çevrilib. Biz bu reallığın sonuncu dəfə Dağlıq Qarabağ münaqişəsinin BMT Baş Assambleyasının gündəliyinə salınması ilə bağlı Prezident İlham Əliyevin münasibəti kontekstindən də bir daha şahidi olduq.
Prezident əmindir ki, bu tendensiya danışıqlar prosesinə müsbət təsir edəcək: "Hamı başa düşməlidir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Qarabağ məsələsinin həlli mümkün qədər daha geniş və müxtəlif beynəlxalq təşkilatlarda- BMT-də, Avropa Birliyində, Avropa Şurasında müzakirə edilməlidir". Azərbaycan Prezidentinin bu mövqeyi Ermənistanın bəzi siyasi dairələrində çaşqınlıq yaradıb.
Onu da qeyd edək ki, 2009-cu il dekabrın 31-də erməni xalqına müraciətində işğalçı ölkənin başçısı Serj Sarkisyan da bəyan edib ki, rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində güzəştə getməyəcək. Lakin bu, S.Sarkisyanın Ermənistan cəmiyyətində eyforiya əhval-ruhiyyəsinin yaradılmasına hesablanıb. Əslində, işğalçı ölkə ciddi güzəştlərə məhkumdur. Bu reallığı ermənilərin özləri də etiraf edirlər.
Belə ki, Azərbaycanla dil tapmağa çalışan keçmiş prezident Levon Ter-Petrosyanın vaxtilə düzgün xətt tutduğuna işarə edən sabiq diplomat Arkadi Zurabyana görə, erməni tərəfi 1992-97-ci illərə qədər diplomatik cəbhədə qazandığı mövqeləri itirməyə başlayıb: "Ermənistan üçün qalib mövqeyində ən vacib nailiyyət 1994-cü ildə atəşkəsə nail olunması idi. Digər nailiyyət 1992-ci ildə ABŞ Senatı tərəfindən Azərbaycana dövlət yardımını qadağan edən "907-ci düzəliş"in qəbuludur. Üçüncüsü, BMT Təhlükəsizlik Şurası faktik Ermənistanın Qarabağ konfliktinin xarakterilə bağlı konsepsiyasını qəbul etmişdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilmişdi ki, həmin rayonlar yerli erməni silahlıları tərəfindən tutulub. Belə çıxırdı ki, konflikt Azərbaycan və Qarabağ arasındadır, Azərbaycan və Ermənistan arasında yox. Dördüncüsü, bizə müyəssər olmuşduq ki, Dağlıq Qarabağ məsələsilə bağlı danışıqlar BMT-dən ATƏT-ə ötürülsün. ATƏT-də bizim veto hüququmuz var. Ancaq Azərbaycan qısa müddət ərzində istənilən nəticəni əldə edə bildi. Beşincisi, Qarabağ ATƏT tərəfindən danışıqların tərəfi kimi tanınmışdı. Bu gün isə aydın görünür ki, biz addım-addım nailiyyətlərimizi itiririk. Beynəlxalq ictimaiyyət əmindir ki, Ermənistan Qarabağ məsələsində "dondurma" siyasətinə üstünlük verir və effektiv danışıqlara getməyə, Qarabağ problemini həll etməyə hazır deyil". O, ATƏT-in Minsk Qrupunun BMT-nin Baş Assambleyası formatıyla əvəzlənməsi prespektvinə də münasibət bildirib: "Ermənistan anlamalıdır ki, ATƏT çərçivəsində belə davam edə bilməz. Əgər Ermənistan inad etsə, proses dərinləşəcək və mümkündür ki, Təhlükəsizlik Şurasının yeni qətnamələri, cəza tədbirləri və s. gündəmə gəlsin. 1997-ci ildə erməni tərəfi 5 rayonu qaytarır və faktik Qarabağı, Kəlbəcəri, Laçını öz nəzarətində saxlayır, əvəzində, Minsk Qrupu həmsədrlərinin qarantiyası ilə sülh qazanırdı. Ancaq indiki avantürist siyasət davam etsə, məsələ 5 rayonla yekunlaşmayacaq, Qarabağın itirilməsinə qədər gedib çıxacaq".
Təbii ki, Ermənistan prezidentinin sabiq köməkçisinin bu fikrini təsadüfən xatırlamadıq. Onun açıqlamaları da etiraf edir ki, son vaxtlar Azərbaycan diplomatiyası olduqca uğurlu mövqelər əldə edib. Təbii ki, biz bu nailiyyətə Prezident İlham Əliyevin qətiyyəti sayəsində nail olmuşuq. Lakin onu da nəzərə almaq lazımdır ki, artıq alternativlər də tükənmək üzrədir, ATƏT-in Minsk Qrupunun 17 il ərzində yürütdüyü vasitəçilik missiyası özünü doğrultmur. Çünki bu qurumun işğal faktına müqavimət potensialı yoxdur, mexanizimlər, hələ ki, müəyyən edilməyib. Vasitəçilər öz işlərini diplomatik demarşlar etməklə yekunlaşdırır və elə zənn edirlər ki, münaqişənin həlli yalnız və yalnız dövlət başçılarının iradəsindən asılı olan məsələdir. Lakin bütün məsuliyyətin yalnız hər iki ölkənin birinci şəxslərinin üzərinə ataraq, onların görüşünün təşkilindən uzağa getməmək qəbul edilən tendensiya deyil.
Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu münaqişə təkcə Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi faktı deyil. Dünyada faşizm və etnik separatizmin yenidən baş qaldırması təhlükəsi yaranıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev münaqişənin dinc vasitələrlə həlli prinsipinə sadiq qalsa da, o, radikal vasitələrə əl atılacağını da istisna etmir. Bu reallığı keçirilən televiziya çıxışında dövlət başçısının sərt ifadələri də ortaya qoydu: "Əgər görsək ki, danışıqlar prosesi tükənir, onda oturarıq, fikirləşərik, qərar qəbul edərik və öz fəaliyyətimizi başqa istiqamətdə qurarıq".
Onu da qeyd edək ki, bir qayda olaraq, Azərbaycanla danışıqlara Ermənistan rəsmiləri can atırlar. Bu isə, onu göstərir ki, rəsmi Yerevan Dağlıq Qarabağda dair hər hansı bir razılaşmanın əldə olunmasına çalışır. Çünki mövcud status-kvo Ermənistanı məhvə sürkləməkdədir. Yeri gəlmişəkən, qeyd edək ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar proqramı Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın xeyrinə həll edilməsinə hesablanıb. Belə ki, Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi böyük dövlətlərinin bu münaqişəninin həllində ölkəmizə siyasi dəstəyini əhəmiyyətli dərəcədə artırıb. Həmçinin, İlham Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyası Azərbaycanın iqtisadi baxımdan inkişafına öz müsbət töhfələrini verməkdədir və Ermənistanın qlobal iqtisadi layihələrdən kənarda qalması fonunda Azərbaycanın sürətlə irəli çıxması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də öz müsbət təsiri göstərəcək. Bu siyasətə rəğmən, təbii ki, erməni diplomatiyası fakt qarşısında qalıb.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin 2010-cu illə bağlı nikbin proqnozları ictimai rəydə Dağlıq Qarabağ münaqişəsinin xalqı iradəsinə və dövlətçilik maraqlarına uyğun öz həllini tapacağına inamı daha da artırdı. Biz artıq böyük dəyişikliklər və yeni-yeni uğurlar astanasındayıq.
Çünki işğalçı Ermənistanın prezidenti S.Sarkisyanın xarici siyasət konsepsiyasının mahiyyəti də artıq məlumdur. Erməni politoloqu A.Ovannisyanın fikrincə, Cənubi Qafqazın inkişafı aspektində Ermənistanla Rusiyanı yalnız tərəflərin müxtəlif istiqamətlərə dair vahid, ikitərəfli marağa əsaslanan strategiya və siyasətə malik olduqları halda müttəfiq saymaq olar.
"Real vəziyyət isə göstərir ki, ölkəmizin vəziyyəti fövqəladə dərəcədə mürəkkəbdir" - deyə politoloq düşünür. A.Ovannisyan qeyd edib ki, Ermənistan bölgədəki bütün tranzit layihələrdən kənarda qalıb, TRASEKA, İNOGATE və Şimal-Cənub xəttinin iştirakçısı deyil: "Bu isə təsadüfi deyil, çünki biz bu layihələrdə iştirak etməyən Rusiyanın bölgədəki yeganə müttəfiqiyik". A.Ovannisyanın dediklərində həqiqət var, ancaq o, bir yerdə ciddi qüsura yol verir: Şimal-Cənub xətti Rusiyanın iştirakı ilə həyata keçirilir və ilkin mərhələdə layihənin əsas bəndlərindən birinin Ermənistan olacağı düşünülürdü.
Lakin Bakının effektiv xarici siyasəti nəticəsində Azərbaycan bu layihədə də təşəbbüsü ələ alaraq özü mərkəzi yola yiyələnmiş oldu. Bu yolun real surətdə fəaliyyəti üçün Azərbaycan hər bir infrastruktura malikdir, dəmir yollarından tutmuş avtomobil xətlərinədək. Ermənistanda isə Rusiya ilə Cənubu birləşdirən infrastrukturun yaradılmasına sıfırdan başlanılmalı idi.
Lakin bu, bir tərəfdən relyefin mürəkkəbliyi, digər tərəfdənsə Ermənistanın özünün Gürcüstan vasitəsilə Rusiyaya çıxması səbəbindən mümkünsüz görünür. Gürcüstanın Rusiya ilə ilişkilərinin normal fazaya qayıdacağını yaxın illərdə gözləməyə dəyməz.
A.Ovannisyan Ermənistanda getdikcə daha çox rahatsızlıq yaradan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinə də toxunub. Onun qənaətinə görə, bu layihə tam işə düşəndən sonra Ermənistandan keçən Qars-Gümrü-Tbilisi xəttinin bərpasından danışmağa ehtiyac qalmayacaq: "Hətta Türkiyə ilə sərhədlərin açılışı belə Qars-Gümrü-Tbilisinin işləməsinə səbəb olmayacaq, çünki bunun vacibliyini yalnız Ermənistanda hiss edəcəklər".
Bu yerdə Qərbin iqtisadi dairələrinin ən nüfuzlu ekspert rəyi sayılan Britaniyanın "Ekonomist" jurnalının son sayındakı mülahizələri qeyd etmək yerinə düşər. Ermənistanın iqtisadi mənzərəsini dərindən təhlil edən jurnalın qənaətinə görə, nə qədər ki, bu ölkə qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri sahmanlamayacaq, onun iqtisadi inkişafından, o cümlədən, Ermənistana böyük investisiyaların gəlməsindən danışmaq real olmayacaq. Jurnal qeyd edir ki, Azərbaycan və Türkiyəyə qapıları (nəqliyyat dəhlizləri, enerji layihələri, birgə əməkdaşlıq) bağlanmış Ermənistanda əhalinin alıcılıq qabiliyyətinin MDB üzrə ən aşağı olması da təəccüb doğurmur. Hazırda Ermənistana yönəldilən xarici investisiyaların həcmi ildə cəmisi 100-130 milyon dollar təşkil edir ki, onun da yarıdan çoxu xaricdə yaşayan erməni biznesmenlərinin payına düşür.
Ermənistanın müstəqil dövlət olduğu 18 il ərzində ölkədə hansısa iri investisiya layihəsinin gəlmədiyini vurğulayan jurnal, hətta Yerevanın strateji tərəfdaşı olan Rusiyanın da bu baxımdan istisna olmadığını vurğulayır. Xatırladaq ki, Ermənistanın Rusiyaya 100 milyon dollara yaxın borcu (əsasən, təbii qazla və Metsamor AES-in nüvə yanacağı ilə təchizatına görə) var və bu vəsaiti ödəmək imkanı olmayan Yerevan onun əvəzini Ermənistanın strateji sənaye obyektlərinin səhmlərini Moskvaya verməklə ödəmək niyyətindədir. Bu isə, o deməkdir ki, Ermənistanın hərtərəfli himayədarı kimi tanınan Rusiya bu ölkənin mühüm obyektlərini oraya bir rubl da pul (sərmayə) qoymadan ələ keçirir. Necə deyərlər, mənzərə kifayət qədər barizdir.
Nəhayət, sonda bir məqamı vurğulayaq. Ermənistan rəsmiləri ölkənin komplimentar xarici siyasəti, hamı ilə əlverişli əlaqələrin qurulduğu barədə nə qədər ucuz təbliğat aparsalar da, gerçəkdə özünüaldanışla məşğul olduqlarının fərqindədirlər. Bu isteriyadan qurtulmağın isə bircə yolu var. Ermənistan bir dövlət kimi gələcəyini göz önündə tutaraq, indiyədək yeritdiyi aqressivliyə, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə son qoymalıdır. Bu siyasətin Ermənistana, praktik olaraq, heç nə vermədiyi gün kimi aydındır.