Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi Moskvada xeyriyyə tədbiri keçirib
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi valideyn himayəsindən məhrum olmuş yetim uşaqlar üçün yeni illə bağlı xeyriyyə tədbiri təşkil edib. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bakı" kinokonsert kompleksində Moskva şəhərinin 20 uşaq evində və internat məktəbində tərbiyə alan uşaqlar üçün maraqlı əyləncəli proqramdan ibarət bayram konserti təşkil edilib. Əyləncəli proqramda Şaxta baba və Qar qız uşaqları təbrik edib, klounların maraqlı çıxışları və sabun qovuqları ilə nömrələri balacaları sevindirib. Obraztsov adına Dövlət Akademik Kukla Teatrının artistlərinin ifasında "Leopold pişik" tamaşası uşaqların daha çox xoşuna gəlib. Tədbirin sonunda bütün uşaqlara Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi adından hədiyyələr verilib.