Beynəlxalq simpoziumda Heydər Əliyev Fondunun təşkil etdiyi kitab sərgisi maraq doğurub
Türkiyənin Bursa şəhərində Türkiyə Nazirlər Kabineti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi, Bursa bələdiyyəsi və Məshəti Türkləri Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə "Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldıqları insan haqlarının pozulması faktları" mövzusunda ikigünlük beynəlxalq simpozium keçirilib. Tədbirdə 50 ölkədən 200 təmsilçi, o cümlədən, Azərbaycan Milli Məclisinin deputatları iştirak ediblər.
Simpoziumun açılışında iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri, türk və müsəlman dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirin keçirildiyi "Almira" hotelinin foyesində Heydər Əliyev Fondunun təşkil etdiyi kitab sərgisi böyük maraq doğurub. Simpoziumda iştirak edən Türkiyənin dövlət naziri Faruk Çəlik, ölkə parlamentinin üzvləri Sədat Kızılcıklı, Əli Kul burada Dağlıq Qarabağ müharibəsi, erməni terroru və vəhşilikləri, Xocalı soyqırımından bəhs edən 50-dən çox kitabla tanış olublar. Milli Məclisin deputatı Qənirə Paşayeva Faruk Çəlikə Heydər Əliyev Fondunun hazırladığı kitabı hədiyyə edib. Digər iştirakçılara da kitablar təqdim olunub.
Simpoziumda Qənirə Paşayeva Dağlıq Qarabağdan, işğal olunmuş digər Azərbaycan torpaqlarından, eləcə də Ermənistandan didərgin salınmış, hüquqları pozulmuş azərbaycanlıların və zülmə məruz qalmış digər türk və müsəlman xalqlarının haqlarının müdafiəsi üçün birgə səylərin zəruriliyini vurğulayıb.
Türkiyənin dövlət naziri Faruk Çəlik tədbirin əhəmiyyətini diqqətə çatdırıb, simpoziumun keçirildiyi Bursada da azərbaycanlı, məshəti türkü və Balkan ölkələrindən qaçqınların olduğunu bildirib. O, türk və müsəlman xalqlarına qarşı davam edən zülmə və haqsızlıqlara son qoyulması üçün səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. Qənirə Paşayeva və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə Azərbaycan xalqının haqq səsini qardaş ölkə ictimaiyyətinə çatdırmaq üçün mütəmadi tədbirlər keçirən Türkiyə Kamu-Sen Həmkarlar Konfederasiyası Bursa vilayət təşkilatının sədri Səlcuk Türkoğlu ilə görüşüblər.