Kolumbiyanın Kartahena şəhərində “Xocalıya ədalət” Beynəlxalq kampaniyasının növbəti aksiyaları keçirilib
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun media departamentindən bildiriblər ki, dekabrın 6-7-də Kolumbiyanın Kartahena şəhərində "Xocalıya ədalət" kampaniyasına dəstək aksiyaları keçirilib. Aksiyalar gənclərin "Dünya insanlıq irsinə" həsr olulmuş milli festivalı çərçivəsində təşkil edilib.
Aksiyalar ərəfəsində "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyasının Kolumbiya üzrə milli əlaqələndiricisi Xulian Riqo Mendezin təşkilatçılığı ilə yerli könüllülər tərəfindən şəhərin mərkəzi küçələrində divarlara posterlər yapışdırılmış və küçələrdə kampaniya haqqında məlumat bukletləri paylanılıb. İki min beş yüzdən çox gəncin iştirak etdiyi festivalda "Ədalətsizliyə qarşı min şəxs" devizi altında insanlıq əleyhinə törədilən Xocalı qətliamını və faciənin qurbanlarına qarşı törədilmiş qeyri-insani davranışları pisləyən bəyannaməyə imzatoplama kampaniyası həyata keçirilib. Aksiyanın sonuncu günü Kartahena Universitetində tələbələrlə görüşlər keçirilmiş, qarşıdan gələn 10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü ilə bağlı Xocalı qətliamı haqqında "dəyirmi masa"lar və diskussiyalar təşkil edilib, həmçinin gələcəkdə belə faciələrin təkrarlanmaması üçün oxşar sülhməramlı aksiyaların davam etdirilməsi planlaşdırılıb.
"Xocalıya ədalət" kampaniyasına dəstək tədbirləri İsveçrənin Cenevrə, Almaniyanın Berlin, Hollandiyanın Haaqa şəhərlərində Beynəlxalq İnsan Hüquqları günü ilə əlaqədar keçiriləcək konfranslarla davam edəcək. Xatırladaq ki, "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası İslam Konfransı Təşkilatına üzv olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilib. Kampaniyanın əsas məqsədi 1992-ci il fevralın 26-da Xocalı şəhərində insanlığa qarşı törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılması, faciəyə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaqdır.