Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyətin marağındadır
Ötən həftə Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda yeni hadisələrin cərəyan etməsi ilə yadda qaldı. Belə ki, ilk olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionlara, daha doğrusu, Goranboya səfəri zamanı qaçqın və məcburi köçkünlərlə görüşündə bildirdiyi fikirlər, ölkə daxilində olduğu kimi, ölkə xaricində də böyük əks-sədaya səbəb oldu. Belə ki, ölkə Prezidentinin çıxışına nəzər salsaq, onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərində artıq Azərbaycan xalqının əsil arzu və istəklərinin əks olunduğunu görmək olar.
Prezident çıxışı zamanı artıq münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda bəzi məsələləri istisna etməklə, ümumilikdə, hər hansı bir irəliləyişin əldə olunmadığını bildirib. Belə bir halın da Azərbaycan üçün çox əlverişsiz olduğunu nəzərə çatdıran Prezident hakimiyyətin və xalqın da səbir kasasının dolduğunu, xüsusilə, vurğulayıb. Onun beynəlxalq hüququn normalarının pozulduğunu və bunun da məhz Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müşahidə olunmasını bildirməsi Prezident başda olmaqla ölkə hakimiyyətinin ATƏT-in Minsk Qrupunun işindən narazı olduğunun göstəricisidir.
Qeyd edək ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan beynəlxalq təşkilatdır. 18 ildir fəaliyyət göstərməsinə baxmayaraq, münaqişənin həlli ilə bağlı heç bir irəliləyişin əldə olunmasına nail olmayıb. Həmsədrlər yalnız regiona səfər etməklə və prezidentlər arasında görüş təşkil etməklə, öz işlərini bitmiş hesab edirlər. Münaqişənin həllini və ortaq mövqeyin tapılmasını tərəflərin öz öhdəsinə buraxan həmsədrlər vasitəçilik missiyasının öhdəsindən gələ bilmirlər. Görünür, bunları nəzərə alan Prezident belə bir məzmunda çıxış etdi. Onun münaqişənin həlli ilə bağlı Minsk Qrupunu tənqid və ittiham etməsi də məhz yuxarıda sadaladığımız amillərlə bağlıdır.
Prezident, həmçinin, çıxışı zamanı münaqişənin hərbi yolla tənzimlənməsinin də alternativ variant olduğunu və bu variantın da istisna olunmadığını bildirib. Belə bir məqamda - Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda heç bir irəliləyişin əldə olunmadığı və Ermənistan rəhbərliyinin də göstərdiyi qeyri-konstruktiv mövqeyin gələcəkdə heç bir perspektiv vəd etmədiyi zamanda, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün yeganə variantın hərb yolu olduğu Prezidentin çıxışı zamanı xüsusilə vurğulandı. Ötən illər ərzində Azərbaycan ordusunun güc topladığını, ən son texnika və texnologiyalarla təchiz olunduğunu nəzərə çatdıran Prezident ordumuzun torpaqlarımızı da işğaldan azad etmək iqtidarında olduğunu bildirib. Prezident İlham Əliyev çıxışı zamanı, həmçinin, onu da bildirib ki, danışıqlar prosesi çərçivəsində növbəti Münhen görüşündən də hansısa bir ciddi irəliləyiş hasil olmazsa, o zaman Azərbaycan daha qəti addımlar atmağa vadar olacaq.
Bundan başqa, ötən həftə Azərbaycanın digər dövlət xadimləri tərəfindən də, Dağlıq Qarabağ münaqişəsinin hərb yolla azad edilməsinin mümkün olduğu nəzərə çatdırılmışdır. Belə ki, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov və Prezident Aparatının şöbə müdiri Novruz Məmmədovun çıxışları da qeyd edilən məsələnin daha qabarıq şəkildə nəzərə çatdırılmasında mühüm rol oynadı. Onlar da beynəlxalq ictimaiyyətin bu məsələnin həllində maraqlı olmadıqlarını və Azərbaycana qarşı ikili standartların tətbiq olunduğunu bildiriblər. Məsələnin həlli ilə məşğul olan müvafiq beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı heç bir iş görmədiklərindən gileylənən rəsmilər müharibənin də başladılmasının yalnız Azərbaycana aid bir qərar olacağını bildirməkdən çəkinməyiblər. Çünki Ermənistan dövləti heç bir beynəlxalq təşkilatın verdiyi sərəncama məhəl qoymur və işğal rejimini davam etdirməkdədir.
Həftə sonu prezidentlərin Almaniyanın Münhen şəhərində keçirilən görüşü də maraqla izlənən hadisələrdən idi. Görüşdən öncə, Azərbaycan tərəfinin nümayiş etdirdiyi mövqe artıq nəticənin əldə olunmasını labüd edirdi. Əlbəttə, tərəflərdən heç biri görüşdən sonra öz mövqelərini bildirməsələr də, həmsədrlər müzakirələrin daha geniş məsələləri əhatə etdiyini və müsbət nəticənin əldə olunduğunu bildiriblər. Onlar görüşün daha konstruktiv məcrada keçdiyinə iddia ediblər. Razılaşdırılmayan, bəzi açıq qalmış məsələləri əhatə edən ikitərəfli görüş nəzərdə tutulduğundan, daha çox davam edib. Dediyimiz kimi, həmsədrlər müzakirələrin konstruktiv məcrada keçdiyi və irəliləyişlərin əldə olunduğu ilə bağlı öz bəyanatlarını yayıblar. Hətta amerikalı həmsədr R.Bradtke görüşdən təsirləndiyini də gizlətməyib. Tərəflərin münaqişənin həlli üçün göstərdiyi böyük səy onu heyrətləndirib. Lakin əsas məsələ ondan ibartədir ki, tərəflər görüşün keçirilməsi haqqında hansı fikirdədirlər. Ölkələrin xarici siyasət idarələrinin verəcəyi açıqlama görüş haqqında əsil təəssürat yaratmış olacaq. Çünki Minsk Qrupu həmsədrlərinin bundan əvvəlki görüşlər zamanı verdikləri bəyanatlar görüşlərin əsil mahiyyəti ilə üst-üstə düşməmişdi.