“Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin təsis qurultayı keçirilib
Dünən Bakı şəhərində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri üzrə şöbə müdiri Fatma Abdullazadə, Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, universitet rəhbərləri və ictimai -siyasi xadimlər iştirak ediblər. Tədbir zamanı Prezident Administrasiyasının humanitar siyasət məsələləri üzrə şöbə müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin təbrik məktubunu səsləndirib. Təbrik məktubunda yeni yaradılan təşkilatın vətəndaş cəmiyyətinin inkişafında mühüm quruma çevriləcəyinə əminlik vurğulanıb: "Bu gün gənclər ölkənin mədəniyyət, elm, təhsil, səhiyyə sahələrində uğurla fəaliyyət göstərirlər. Ölkənin gələcəyi naminə Azərbaycan gənclərinin qarşısında mühüm vəzifələr dayanır. Onlar ölkənin inkişafında hər zaman öz töhfələrini verməli və bu istiqamətdə durmadan çalışmalıdırlar".
Daha sonra tədbirdə Prezident Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyev çıxış edib. O, Tələbə Gənclər Təşkilatları İttifaqının yaradılmasını tarixi bir hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, bu gün gənclər özlərini 200 minə yaxın tələbə ordusunun öncülləri hesab edə bilərlər.
"Bu qurum artıq böyük bir tələbə ordusu kimi vahid qurum şəklində fəaliyyət göstərəcək. Bu gün bütün ölkə qarşısında siz öz üzərinizə böyük öhdəliklər götürürsünüz. Azərbaycanın gələcək inkişafı hər birinizin məsuliyyət hissindən asılı olacaq. Azərbaycan prezidentinin əsas istək və amalı yüksək intellektə, geniş dünyagörüşünə malik olan və informasiyalara maraq göstərən gəncliyin formalaşmasıdır. Bu məqsədlə Azərbaycanın dövlət büdcəsindən hər il təhsilə böyük vəsait ayrılır. Ordu quruculuğundan sonra təhsil ikinci yerdə qərarlaşır. Bu isə Cənab Prezidentin təhsilin, o cümlədən savadlı gənc mütəxəssislərin hazırlanmasını daim diqqət mərkəzində saxlamasından xəbər verir. Hər bir insanda biliyin qavranılması prosesi orta məktəblərdən başlanılır, universitetlərdə təkmilləşdirilir və bütün ömür boyu davam edir. Müasir dünyanın və inkişafda olan hər bir cəmiyyətin əsas hissəsi fasiləsiz və inkişaf edən təhsildir. Biliklərə əsaslanan cəmiyyəti yalnız biliklərə yiyələnən insanlar qura bilər. Bu gün gənclər daima təhsil almaq və öz mənəvi dünyalarını elmi biliklərlə qarşıya məqsəd qoyduqları halda şəxsiyyət kimi formalaşa bilər. Prezident İlham Əliyev yeni gənc nəsli belə xarakterizə edir: bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək vətənpərvər gənclik. Prezident İlham Əliyev ölkəmizin təbii sərvətlərinin, iqtisadi potensilının "insan kapitalı"na çevrilməyi əsas tutub və daim qeyd edib. Hər bir insanın elmi savadı və biliyi onun bütün sonrakı illərini müəyyən etməklə yanaşı, o ölkənin gələcək inkişafı üçün zəruridir. Həm kapital, həm də resurslar tükənə bilər. Yalnız tükənməz bir resurs varsa o da insan zəkasıdır", - deyə o əlavə edib. Tədbirin davamında Yeniz Azərbaycan Partiyasının Gənclər Təşkilatının sədri Ramin Həsənov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov və digər gənclər təşkilatlarının nümayəndələri çıxış edib və ölkədə belə bir ittifaqın yaranmasını mühüm hadisə kimi qiymətləndiriblər. Qurultayın sonunda birliyin Nizamnaməsi təsdiqlənib və Şahin İsmayılov "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin sədri seçilib. Sonda qurultay nümayəndələri adından prezident İlham Əliyevə və ölkə gənclərinə müraciət qəbul edilib. Qeyd edək ki, İctimai Birliyin yaradılmasında əsas məqsəd ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, respublikanın ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında tələbələrin fəal iştirakını təmin etmək, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində hər bir tələbənin maraqlarının təmsil və təmin olunmasına, hüquqlarının müdafiə edilməsinə nail olmaqdır.