PDF Oxu

Araşdırma

  • 10

“Biometrik texnologiyalar”

“Biometrik texnologiyalar”
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı" beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi kimi qlobal təhdidlərə qarşı ölkənin milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi məqsədini qarşıya qoymuşdur. Dövlət Proqramında milli biometrik eyniləşdirmə sisteminin yaradılması sahəsində hüquqi, təşkilati, texniki, iqtisadi məsələlərlə yanaşı, mühüm elmi-nəzəri məsələlərin həlli də nəzərdə tutulmuşdur. Dövlət Proqramında nəzərdə tutulmuş bu tədbirlərin həyata keçirilməsi digər aidiyyatı dövlət qurumları ilə yanaşı, AMEA İnformasiya Texnologiyaları İnstitutuna da həvalə edilmişdir.
Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün institutda milli biometrik eyniləşdirmə sisteminin tədqiqi, biometrik texnologiyaların test edilməsi, biometrik sistemlərin təhlükəsizliyinin qiymətləndirilməsi, mövcud biometrik texnologiyaların təkmilləşdirilməsi və yeni texnologiyaların işlənməsi istiqamətlərində bir sıra elmi-tədqiqat işləri həyata keçirilir. İnstitut biometrik texnologiyalar üzrə dünyanın aparıcı elmi-tədqiqat mərkəzləri ilə birgə elmi-tədqiqat işləri aparır və bir sıra aparıcı biometrik sistem istehsalçıları ilə əməkdaşlıq edir.
Biometrik texnologiyalar yüksək elmi tutuma malik informasiya texnologiyalarıdır və biometrik eyniləşdirmə sisteminin yaradılması biometrik texnologiyalar sahəsində beynəlxalq təcrübənin mütəmadi öyrənilməsini və analizini, möhkəm elmi-nəzəri və praktiki biliklərə malik kadr potensialının hazırlanmasını, yüksək səviyyəli elmi tədqiqatların aparılmasını tələb edir. AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanıb nəşr olunmuş "Biometrik texnologiyalar" kitabı da bu məqsədlərin həyata keçirilməsinə xidmət edir.
İnstitutun "İnformasiya texnologiyaları" nəşriyyatı tərəfindən çap olunan kitabın müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev, institutun şöbə müdiri, texnika elmləri namizədi Yadigar İmamverdiyev və elmi işçi Vüqar Musayevdir.
Kitab 11 fəsildən ibarətdir, kitabın ilk fəsillərində müxtəlif biometrik texnologiyaların müasir vəziyyəti və inkişaf meyilləri analiz edilmiş, biometrik sistemlərin iş prinsipləri və mümkün səhvlərin mahiyyəti izah edilmişdir. Sonrakı fəsillərdə barmaq izləri, sifətin şəkli, gözün qüzehli qişası, səs və DNT əsasında şəxsləri tanıma texnologiyaları ətraflı nəzərdən keçirilmişdir. Biometrik sistemlərin irimiqyaslı tətbiqləri üçün əhəmiyyətli olan iş xarakteristikalarının test edilməsi, biometrik sistemlərin təhlükəsizliyi kimi məsələlərə də ayrıca fəsillər həsr edilmişdir. Biometrik texnologiyaların ən mühüm tətbiqi olan elektron pasportlar, onun komponentləri, elektron pasportların istifadəsi üçün vacib olan açıq açarlar infrastrukturu da kifayət qədər ərtaflı analiz edilmişdir.
"Biometrik texnologiyalar" kitabı informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə təhsil alan tələbələr və aspirantlar, habelə, biometrik sistemlərin layihələndirilməsi və qurulması sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Digər xəbərlər