Ermənistan rəhbərliyinin beynəlxalq arenada heç bir nüfuzu qalmayıb
Bu günlərdə Ermənistan mətbuatının yaydığı məlumatlar Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb və nəinki Azərbaycanda, eyni zamanda, ABŞ-da da böyük əks-sədaya səbəb olmuşdur. Belə ki, yayılan son məlumatlarda bildirilib ki, əgər Azərbaycan dövləti Dağlaq Qarabağ torpaqlarını öz hərbi gücü hesabına azad etmək istəsə, onda ABŞ da qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımış olacaq. Əlbəttə, bu məsələyə dərhal münasibət bildirən ABŞ tərəfi belə bir problemin olmadığını və bunun Ermənistan mətbuatı tərəfindən yayılan uydurma bir məlumat olduğunu qeyd etmişdir. Ümumiyyətlə isə, ermənilər tərəfindən tez-tez müşahidə olunan belə halların hansı məqsədlə həyata keçirilməsi məlumdur. Əsas məqsəd Azərbaycan - ABŞ əlaqələrinə xələl gətirməkdən ibarətdir.
Ermənistanın düşdüyü belə bir vəziyyətdə onun tutduğu bu mövqe də anlaşılandır. Gələcək üçün heç bir perspektivləri olmayan və özünü yalnız bu yollarla sığortalamağa çalışan Ermənistan hökuməti dərin bir böhran içərisində boğulmaqdadır. Artıq daxildə və xaricdə heç bir nüfuzu qalmayan Ermənistan rəhbərliyinin tezliklə hakimiyyətdən uzaqlaşdırılması məsələsi ön plana çəkilməkdədir. Bunun üçün ölkə daxilində bir sıra etiraz dalğaları müşahidə edilsə də, rəhbərlik tərəfindən geriyə heç bir addım atılmamışdır. Əksinə, o öz səmərəsiz və qeyri-qanuni əməllərini davam etdirməkdədir. Görünür, məhz buna görədir ki, hətta prezident Serj Sarkisyana qarşı sui-qəsd cəhdləri də çoxalmışdır. Bundan başqa, ölkədən xaricdə yaşayan ermənilər də ölkə rəhbərliyinin apardığı siyasətdən narazı olduqlarını bildirirlər. Erməni diasporu da, demək olar ki, prezident Serj Sarkisyandan üz döndərib. Bunun əsas səbəbi kimi isə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı verilən qərarlardır ki, bunlar da erməni diasporunu prezidentə qarşı qoymuşdur. Bunu biz Sarkisyanın digər dövlətlərə Türkiyə-Ermənistan sərhədlərinin açılmasını müzakirə etmək üçün etdiyi səfər zamanı da müşahidə etdik. Bu ölkələrdə erməni prezidentə qarşı göstərilən münasibət ona qarşı olan etirazın son həddi idi desək, yanılmarıq. Bütün bunlardan nəticə çıxarmayan Ermənistan prezidenti öz postundan əl çəkmir.
Sarkisyan və onun hökumətinə qarşı olan narazılıqların bir hissəsi də onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi mövqeyi ilə əlaqədardır. Belə ki, ermənilər bu məsələ ilə bağlı göstərilən qeyri-konstruktiv və sərt mövqeyin daha mülayim və konstrutiv olmasını tələb edirlər. Çünki belə qeyri-konstruktivlik ölkənin inkişafını da əngəlləyən amillərdəndir. Qonşu dövlətlərlə əlaqənin olmaması və işğalçılıq siyasəti ilə əlaqədar ölkənin bir çox sahələrdə inkişafının qarşısını alır.
Son hadisə ilə bağlı da erməni dövlətinin əlinin olması istisna edilə bilməz. Artıq öz nüfuzunu itirən Ermənistan hakimiyyəti üçün belə halın müşahidə olunması normal bir haldır. Öz sərsəm bəyanatları ilə nüfuzunu daha da aşağı salan ölkə rəhbərliyinin beynəlxalq arenada heç bir hörməti qalmayıb. Buna görə də, ona qarşı ABŞ-ın da reaksiyasının hansı səviyyədə olduğunu ehtimal etmək çətin deyil.