PDF Oxu

Araşdırma

  • 10

Azərbaycan xalçalarının gözəlliyi sloveniyanın birinci xanımını heyran edib

Azərbaycan xalçalarının gözəlliyi sloveniyanın birinci xanımını heyran edib
Sloveniya Respublikası Prezidentinin xanımı Barbara Mikliç Türk noyabrın 9-da "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olub. Burada qonağı milli geyimli qızlar gül-çiçəklə qarşıladılar.
Xanım Barbara Mikliç Türk qalereyanın zəngin eksponatlarına baxdı, boyama, toxuma prosesini izlədi. "Azərbaycan xalçası qalereyası"nda nümayiş etdirilən "Azərbaycanın tarixi xalçaçılıq məktəbləri" ipək xalı-xəritəsi də yüksək bədii tərtibatı ilə qonağı məftun etdi.
Qonağa məlumat verildi ki, 1996-cı ildən fəaliyyətə başlamış və hazırda 400 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat və sertifikatlara layiq görülmüşdür. Müəssisədə yun və ipək saplardan toxunan, incəliyi, ilmələrin yüksək sıxlığı, çeşnilərin orijinallığı ilə seçilən xalçalar ən yüksək tələblərə cavab verir. Burada müxtəlif çeşnilər hazırlanır və onların eskizləri əsasında Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur. Sapların boyanmasında Azərbaycanda istehsal olunan təbii boyalardan istifadə olunur. Azərbaycan xalçaçılıq məktəbinin ənənələrinin saxlanılması, xalça toxuma sənətinin sirlərinin uşaq və yeniyetmələrə öyrətmək məqsədi ilə "Azərilmə" MMC-nin nəzdində kurslar da təşkil olunmuşdur.
Toxuma prosesini maraqla izləyən xanım Barbara Mikliç Türk toxunmaqda olan xalıya bir neçə ilmə də vurdu, toxucu qızlarla səmimi söhbət etdi.
Bildirildi ki, "Azərilmə"də toxunan xalçalar beynəlxalq ictimaiyyət tərəfindən də layiqli qiymətini almışdır. "Azərilmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "European Quality" (Avropa keyfiyyəti) nüfuzlu mükafatına layiq görülmüşdür. Beynəlxalq mükafatlar ötən ay Böyük Britaniyada Liderlərin Oksford Sammiti çərçivəsində keçirilmiş "Socrates Award" XIV təntənəli mərasimdə təqdim olunmuşdur. Azərbaycan xalçalarının gözləlliyinə valeh olduğunu bildirən xanım Barbara Mikliç Türk, burada gördüklərindən xoş təəssürat aldığını söylədi. Qonağa gözəl kompozisiyalı xalça, Şəki kəlağayısı və "Azərbaycan xalçaları" kitabı hədiyyə olundu.
Heydər Əliyev Fondu Brüsseldə Azərbaycan mədəniyyəti günləri təşkil edir
Heydər Əliyev Fondunun və Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin birgə layihəsi əsasında noyabrın 9-dan 13-dək Brüsseldə Avropa Parlamentinin binasında Azərbaycan mədəniyyəti günləri keçiriləcəkdir. Heydər Əliyev Fondundan bildirmişlər ki, bu məqsədlə Brüsselə mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən Azərbaycan mətbəxini təqdim edəcək kulinar qrupu yola düşmüşdür. Mədəniyyət günlərində tamaşaçılara ölkəmiz haqqında daha dolğun informasiya çatdırmaq məqsədilə Azərbaycanın təbliğinə yönəlmiş geniş proqram hazırlanmışdır.
Parlament binasının "Yehudi Menuhin" zalında Azərbaycan rəssamlarının əsərlərindən və etnoqrafik miniatürlərindən ibarət sərgilərin təşkili də nəzərdə tutulmuşdur. Mədəniyyət günlərində gənc muğam ifaçıları tamaşaçılara təsniflərdən ibarət proqram, "Bakı ulduzları" rəqs qrupu isə rəqslərimizi təqdim edəcəklər. Konsert proqramında caz trionun çıxışı da nəzərdə tutulur.
Tədbir iştirakçıları Azərbaycan mətbəxi ilə də tanış ola biləcəklər. Tanınmış kulinariya ustalarımız qonaqlara milli mətbəximizin ləziz yeməklərini təqdim edəcəklər.

Digər xəbərlər