Bahar Muradova: “Hökumət gələn il üçün investisiya və sosial yönümlü dövlət büdcəsi tərtib edərək ölkəni bütün mümkün risklərdən yan keçməyə hazır edir”
"Dövlət büdcəsi hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan vacib bir sənəddir. Xüsusilə, hazırda dünyada hələ də, qlobal maliyyə və iqtisadi böhranın təsirlərinin qalması, bütün dövlətlərə bu vacib iqtisadi sənədi qəbul edərkən daha ehtiyatlı olmağa sövq edir". Bunu Milli Məclisin sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova söyləyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti də 2010-cu il üçün büdcə layihəsini hazırlayarkən, qlobal prosesləri nəzərə alıb: "Əlbəttə ki, Azərbaycan iqtisadi və maliyyə böhranından digər dövlətlərə nisbətən az itki ilə çıxdı. Amma demək olmaz ki, Azərbaycan bu böhrandan tam sığortalanıb. Bu baxımdan da, hökumət gələn il üçün investisiya və sosial yönümlü dövlət büdcəsi tərtib edərək ölkəni bütün mümkün risklərdən yan keçməyə hazır edir. Düşünürəm ki, 2010-cu ilin dövlət büdcəsi kifayət qədər təmkinlidir və Azərbaycanın qarşısında duran məsələlərin öhdəsindən gəlməyə maksimum imkan yaradacaq".