Bakıda dünya şöhrətli Universitetlərin iştirakı ilə Beynəlxalq təhsil sərgisi keçiriləcək
Noyabrın 7-də Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq təhsil sərgisi-2009" keçiriləcək. Sərgidə Qlazqo Universiteti (Böyük Britaniya), Şərqi İngiltərə Universiteti (Böyük Britaniya), Glion Ali Təhsil İnstitutu (İsveçrə), INTO Universiteti (Böyük Britaniya), Studi Qroup (Böyük Britaniya), Kendal Kollec (ABŞ) kimi nüfuzlu təhsil müəssisələri iştirak edəcəklər.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, sərgi iştirakçıları ali təhsil ocaqlarına müraciət formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqqında geniş məlumat ala biləcəklər. Tələbələrin universitetlərlə yaxından tanışlığı, təklif olunan proqramlar haqqında məlumatlandırılması və onları maraqlandıran sualların cavablandırılması məqsədi ilə bir sıra yerli universitetlərə və məktəblərə də səfərlər təşkil ediləcək.