PDF Oxu

Araşdırma

  • 13

Bələdiyyə seçkilərinin favoriti Yeni Azərbaycan Partiyasıdır

Bələdiyyə seçkilərinin favoriti Yeni Azərbaycan Partiyasıdır
Bu ilin dekabr ayının 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə gərgin hazırlıq işlərinin getdiyini nəzərə alaraq, prosesə daha aktiv qoşulan hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatları ilə, mütəmadi olaraq, əlaqə saxlayırıq.
Belə ki, partiya artıq namizədlərinin imzatoplama kampaniyasını uğurla başa vuraraq, sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim edib. Növbəti mərhələdə namizədlərin təbliğat kampaniyaları aparılacaq. Partiya rayon təşkilat sədrlərinin fikrlərinə görə, YAP ötən seçkilərdə olduğu kimi, budəfəki bələdiyyə seçkilərində də qalib gəlmək əzmindədir. YAP-ın ölkə ərazisində sahib olduğu nüfuz və xalqın böyük əksəriyyətinin rəğbətini qazanması bunu deməyə əsas verir.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılovun "Səs" qəzetinə verdiyi açıqlamaya görə, Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar və bu islahatların nəticəsi olaraq, bir çox sahədə əldə olunan nailiyyətlər partiyaya xalqın etimadını daha da artırıb. Bu baxımdan, demək olar ki, 2009-cu ilin bələdiyyə seçkilərinin favoriti məhz YAP-dır. Daha sonra rayon təşkilatının seçkiyə hazırlığı məsələsinə aydınlıq gətirən F.İsmayılov, Yasamal rayonu ərazisində yalnız bir bələdiyyənin fəaliyyət göstərdiyini bildirdi. Həmin bələdiyyəyə YAP tərəfindən 19 nəfər namizəd irəli sürülüb. Namizədlərin yaş həddi isə, əsasən, 21-31 yaş arasında müəyyənləşdirilib. Qeyd olundu ki, 19 nəfər namizədin içərisində yaşı 31-dən yuxarı olan insanlar da var. Həmin şəxslər bələdiyyələrdə işləyən təcrübəli partiya üzvləridir.
Rayon təşkilat sədrinin sözlərinə görə, namizədlərin imzatoplama kampaniyası uğurla başa çatdırılıb. Hər bir bələdiyyə namizədi namizədliyinin təsdiq olunması üçün seçicilər arasında 150 imza toplamalıdır. Onun bildirdiyinə görə, bunun müqabilində YAP-ın hər bir namizədi 200-ə yaxın imza toplayıb. İmzaları namizədlərin özləri, onların vəkilləri və ya səlahiyyətli nümayəndələri toplayıb. O, eyni zamanda, əhali arasında YAP-a olan münasibətin digər siyasi partiyalara nisbətən daha yüksək olduğunu da dilə gətirdi.
F.İsmayılov qeyd etdi ki, rayon icra hakimiyyəti tərəfindən namizədlərin təbliğat kampaniyası üçün müvafiq yerlər ayrıldıqdan sonra bu istiqamətdə fəaliyyətə başlanılacaq. Namizədlərin seçicilərlə mütəmadi görüşlərinin keçiriləcəyini də diqqətə çatdırdı. Təbliğat kampaniyasından sonra namizədlər arasındakı şansın hansı səviyyədə olduğunu söyləmək olar. O, hesab edir ki, müxalifət partiyaları və özü tərəfindən namizədliyi irəli sürülən şəxslər YAP-ın namizədləri ilə rəqabətə tab gətirə bilməyəcəklər. YAP-ın reytinqinin digər siyasi partiyalardan üstün olması rayon təşkilat sədrinin sözlərinə əsas verir.
"YAP-ın Yasamal rayon təşkilatı məşvərətçi səs hüququna malik olan komissiya üzvlərinə və müşahidəçilərə yeganə siyasi prinsipi təbliğ edir. Bu da, ondan ibarətdir ki, bələdiyyə seçkiləri aşkarlıq şəraitində keçməlidir, saxtakarlığa yol verilməməlidir və bütün əməllər demokratik əsaslara söykənməlidir" - deyə, F.İsmayılov qəzetimizə açıqlamasında vurğuladı.
F.İsmayılovun, həmçinin, sözlərinə görə, məntəqə seçki komissiyalarında komissiya üzvləri, eyni zamanda, məşvərətçi səs hüququna malik komissiya üzvləri, eləcə də, seçki prosesində namizədlərin təbliğatı ilə məşğul olan partiya üzvləri müəyyən olunubdur. Ayrı-ayrı təşkilatları təmsil edən şəxlər arasından müşahidəçilər seçilibdir. YAP-ın Mərkəzi Aparatı tərəfindən rayon təşkilatına bu tapşırıqlar və tövsiyələr verilib və biz də onun icrasını həyata keçirmişik. Ümumiyyətlə, partiyanın Mərkəzi Aparatı tərəfindən seçki ilə bağlı verilən bütün göstərişlərin lazımınca və vaxtında öz həllini tapması üçün səy göstəririk: "YAP-ın Mərkəzi Aparatı tərəfindən bankda namizədlər üçün hesablaşma hesabı açılıb. Təbliğata xərclənən bütün vəsaitlər məhz buradan xərclənəcək".
Yasamal rayonunda YAP-ın Gənclər Təşkilatı gənclərlə mütəmadi olaraq toplantılar təşkil edir. Bu yaxınlarda, YAP-ın yaranmasının 17-ci ildönümü keçiriləcək. Bununla əlaqədar olaraq, partiyanın ilk rayon təşkilatlarında partiya fəallarının toplantısı keçirilir. Rayon təşkilat sədrinin bildiridiyinə görə, noyabr ayının 18-19-da da partiyanın Yasamal rayon təşkilatının geniş şura iclasının keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər