PDF Oxu

Araşdırma

  • 8

Ermənistan regionda ən zəif dövlətdir

Ermənistan regionda ən zəif dövlətdir
Dünyanın bir sıra bölgələri-regionları beynəlxalq ictimaiyyət tərəfindən qaynar və əhəmiyyətli bölgələr kimi qiymətləndirilir. Buna görə də, həmin bölgələrə münasibətdə də çox böyük həssaslıq tələb edilir. Bu bölgələr elə ərazilərdə yerləşir ki, onların təhlükəlilik dərəcəsi məhz İkinci Dünya müharibəsindən və bəzi imperiyaların dağılmasından sonra yaranmışdır. Bu bölgələr, həmçinin etnik münaqişələrin olması ilə də səciyyələnir.
Belə ki, imperiyalar dağıldıqdan sonra yaranan coğrafi şərait burada millətlər arasında narazılıqların yaranmasına səbəb olmuşdur. Bu münaqişələrin daha çox ərazi iddiaları üstündə olduğunu da qeyd etmək lazımdır. Lakin ərazi iddiaları ilə yanaşı, dünyada gedən proseslər də bu münaqişələrin və ziddiyyətlərin yaranmasının əsas səbəbkarı kimi çıxış edir.
Cənubi Qafqaz regionu da belə regionlardandır. Burada gedən proseslər öz aktivliyi və dinamikliyi ilə daha çox seçilməkdədir. Azərbaycanın da yerləşdiyi bu region dünyanın xüsusi diqqətlə yanaşdığı regionlardandır. Çünki burda dünya dövlətləri üçün əhmiyyətli dövlətlərlə yanaşı, onların kapital qoyduğu təşkilat və müəssisələr də yerləşməkdədir. Cənubi Qafqaza olan diqqətin istər dünyanın siyasi və iqtisadi güc mərkəzləri olan ABŞ və Rusiya, istərsə də, dünyanın siyasi həyatında mühüm rola malik olan BMT və ATƏT kimi təşkilatlar tərəfindən göstərildiyini demək olar. Buraya olan diqqətlə yanaşı, adlarını çəkdiyimiz dövlət və təşkilatların regionda öz mənafe və maraqlarının olduğunu qeyd etmək lazımdır. Hətta müxtəlif dövrlərdə bu mənafelərin toqquşduğunu da müşahidə edirik. Elə böyük dövlətlərin mənafelərinin toqquşması da burada olan narazılıq və ziddiyyətləri artırır desək, yanılmarıq. Bu mənafeləri isə bir sıra amillərlə əlaqələndirmək olar. Bunların sırasına regionun əlverişli coğrafi mövqedə yerləşməsi, burada olan yeraltı və yerüstü resursların zənginliyi daxildir. Bundan yararlanmaq istəyən dövlətlər isə regionda öz mənafelərini həyata keçirməyə çalışırlar. Onların bu istiqamətdə göstərdiyi bütün cəhdlərin arxasında təhlükəsizlik və siyasi sabitlik, həmçinin, regionun nəzarətdə saxlanılması dayanır. Burada yaradılacaq təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təminatı baş verə biləcək silahlı qarşıdurmaların qarşısını almaq məqsədi də daşıyır.
Təhlükəsizlik tədbirlərinin təmin olunmasına baxmayaraq, regionda silahlı qarşıdurmaların baş verməsinin qarşısını birdəfəlik almaq da mümkün deyildir. Bunun ötən il Rusiya ilə Gürcüstan arasında baş verən müharibə zamanı bir daha şahidi olduq. Əlbəttə, belə bir zamanda, bütün dünyada dondurulmuş münaqişələrin alovlanmağa başladığı bir məqamda bizim regionda da münaqişə ocaqlarının alovlanması istisna edilmir. Nəzər alsaq ki, Cənubi Qafqaz münaqişə ocaqlarının çox olduğu bir bölgədir, onda yarana biləcək təhlükənin qarşısını almaq üçün tədbirlərin görülməsi tələb olunur. Qeyd etdiyimiz kimi, burada olan münaqişə ocaqlarının alovlanması üçün kiçik bir qığılcım yetərlidir. Bunun baş verməsi nəticəsində region hərbi əməliyyatların aparılacağı böyük bir əraziyə çevrilə bilər. Lakin burada baş verə biləcək silahlı toqquşma zamanı hansı dövlətin daha üstün ola biləcəyi və yaranan vəziyyətdən çıxmaq üçün hansı dövlətin imkanlarının daha çox olacağı maraq doğuran məsələlərdəndir.
Qeyd edək ki, regionda yerləşən dövlətlər sovet dövləti dağıldıqdan sonra müstəqillik qazanmış və öz müstəqil xarici siyasətlərini yeritməyə çalışmışlar. Demək olmaz ki, bu dövlətlərin hər birində demokratik vəziyyət tam bərqərar olmuşdur. Lakin yuxarıda da qeyd etdiyim kimi, bu dövlətlər öz yeraltı və yerüstü sərvətləri hesabına özünün müdafiə sənayesini inkişaf etdirmiş və ordusunu gücləndirə bilmişdir. Bu sırada Azərbaycan dövlətinin yerini xüsusi qeyd etmək lazımdır. Azərbaycanda müşahidə olunan inkişaf, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də hiss olunmaqdadır. Bunun əyani sübutu kimi əldə olunan uğurları və faktları qeyd etmək lazımdır. Müstəqillik qazanıldıqdan sonra əldə olunan uğurlar dövlətin yeritdiyi məqəsədyönlü siyasətin nəticəsidir. Bəli, Azərbaycanın ehtiyatları - neft, qaz, enerji kimi ehtiyatları zəngindir. Lakin bu ehtiyatlardan səmərəli istifadə olunması çox mühümdür. Əgər belə olmazsa, onda həmin ehtiyatlardan gəlir əldə etmək və bundan dövləti gücləndirmək üçün istifadə etmək qeyri-mümkündür. Azərbaycan müdafiə sənayesinin və ordusunun gucləndirilməsi də məhz bu resurslardan düzgün istifadə nəticəsində mümkün olmuşdur. Ordunun daha böyük uğurlar əldə etməsi dövlətin bu sahəyə göstərdiyi yüksək diqqətin nəticəsidir. Dövlətin səyi nəticəsində Azərbaycan ordusunun səviyyəsi yüksəldilmiş və digər dövlətlərlə bu sahədə əməkdaşlığı gücləndirilmişdir. NATO ilə yaradılan əlaqələr və birgə təşkil olunan təlimlər də Azərbaycan ordusunun gücünün artırılmasına səbəb olub.
Gürcüstanda olan vəziyyətə nəzər salsaq, burada vəziyyətin qənaətbəxş olduğunu demək olar. Bu gün Gürcüstan dünya dövlətləri və beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq münasibətləri qurmaqla öz inkişafını təmin etməkdədir. Onun hərbi sahədə də əldə etdiyi uğurların məhz bu əlaqələrin sayəsində əldə olunduğunu demək olar. NATO ilə qurulan qarşılıqlı əməkdaşlıq münasibətləri, hətta onun NATO-ya üzvlük məsələsini də gündəmə gətirmişdir. Qonşu ölkədə olan inkişafı, həmçinin, onun Rusiya ağalığından çıxması və bəzi MDB ölkələri kimi, onun göstərişi ilə deyil, müstəqil olaraq öz daxili və xarici siyasətini yeritməsi ilə də əlaqələndirmək olar.
Region ölkələri içərisində yalnız Ermənistanın geriləməsini qeyd etmək olar ki, bu ölkədə olan siyasi proseslər və enerji resurslarının, demək olar ki, olmaması ölkənin inkişafı üçün şərait yaratmır. Bundan başqa ölkənin münaqişəli vəziyyətdə olması və iki qonşu ölkə ilə sərhədlərinin bağlı olması da, onu dərin böhrana sövq edən amillərdəndir. Bunların nəticəsində ölkənin müdafiə sənayesi zəifləmiş, özünün tənəzzül dövrünü yaşamaqdadır. Əlbəttə, hökumət bunun belə olmadığını tez-tez bildirməyə çalışsa da, faktlar bunu deməyə əsas vermir. Uzun müddət Rusiyanın himayəsində yaşayan Ermənistanın indi belə bir vəziyyətə düşməsi də çox normal bir hadisədir. Onun ordusunda olan vəziyyət isə burada olan acınacaqlı vəziyyəti açıq-aydın şəkildə əks etdirir. Orduda olan fərarilik və hərbi xidmətdən yayınma halları Ermənistan ordusunun gələcək üçün heç də müsbət perspektivlər vəd etmədiyini göstərir. Onun hər hansı bir silahlı hərbi qarşıdurma zamanı müqavimət göstərmək iqtidarında olmayacağı da məlumdur.
Göründüyü kimi, bu gün regionda baş verə biləcək hər hansı hərbi qarşıdurma zamanı müqavimət göstərə bilməyəcək dövlət Ermənistan dövlətidir.

Digər xəbərlər