PDF Oxu

Araşdırma

  • 6

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir
Bu günlərdə Azərbaycan - Ermənistan - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ətrafında aparılan danışıqlar davam etməkdədir. Münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupu da prezidentlərin görüşünü təşkil etmək və regiona səfərlər etməklə danışıqların gedişatında irəliləyişin əldə olunmasına səy göstərməkdədir. Həmsədrlərin verdikləri son bəyanatlara inansaq, onda münaqişənin həllində əldə olunan irəliləyişin böyük perspektivlərinin olduğunu demək olar. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində danışıqların davam etdiyi və artıq münaqişəyə son qoyulmaq vaxtının gəlib çatdığı barədə fikirlərin yayıldığını bir vaxtda Ermənistan prezidenti Serj Sarkisyan qondarma Dağlıq Qarabağ respublikasına səfər edib. Onun bu səfəri Azərbaycanda da birmənalı qarşılanmayıb.
Belə ki, müdafiə naziri Səfər Əbiyev Sarkisyanın bu səfərinə münasibət bildirərək bunun düzgün bir addım olmadığını nəzərə çatdırıb. Əlbəttə, uzun müddət belə səfərlər ardıcıl olaraq baş tutmuş və buna qarşı da Azərbaycan öz neqativ mövqeyini bildirməkdən çəkinməmişdir. Belə ki, Azərbaycan torpaqlarında belə bir respublikanın yaradılmasını düzgün saymayan və buna heç bir razılıq verməyən Azərbaycan hökuməti də bölgəyə belə səfərlərin baş tutmasını və ümumiyyətlə, burada həyata keçirilən istənilən proses əməliyyata öz etirazını bildirmiş, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu dünya ictimaiyyətinə çatdırmışdır. Ermənistan tərəfi isə öz hərəkətlərində haqlı olduğunu göstərərək fəaliyyətindən geri çəkilmək istəmir. Bu separatçı fəaliyyət arxasında isə Azərbaycan torpaqlarını birdəfəlik zəbt etmək və burada ikinci bir erməni dövləti yaratmaq durur ki, bu da mümkün olacaq bir şey deyil. Bunu ermənilərin özləri dəçox yaxşı anlayırlar. Lakin hər vəchlə işğal etdikləri torpaqlarda möhkəmlənmək istəyirlər.
Ermənistan prezidentinin, yuxarıda da qeyd etdimiz kimi, Dağlıq Qarabağa səfəri Azərbaycan müdafiə nazirinin verdiyi açıqlamada da pislənmişdir. Hətta nazir öz çıxışında bu səfərin sonuncu olacağını da ehtimal etdiyini bildirib. Bunu əsaslandıran nazir Azərbaycan ordusunun gücünə arxayın olduğunu və istənilən zaman silahlı qüvvələrimizin işğal altındakı torpaqları azad etməyə qadir olduğunu bildirib. Əlbəttə, nazirin belə çıxışının arxasında təkcə hərbi gücümüz deyil, digər faktların da durmasını söyləmək olar. Buraya Azərbaycanın öz xarici siyasi fəaliyyətində, konkret olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində yeritdiyi siyasətin səmərəliliyi və atılan addımlarda münaqişənin dinc yolla həllində irəliləyişin əldə olunmasını prioritet vəzifə kimi qarşıya qoymasını da aid etmək olar. Məhz Azərbaycan tərəfinin göstərdiyi böyük səylər nəticəsində münaqişənin həllində müəyyən irəliləyişlər əldə olunmuş və prosesə dünya dövlətlərinin və beynəlxalq təşkilatların maraqları artmışdır.
Lakin bunun qarşılığında Ermənistan tərəfi, demək olar ki, münaqişənin həlli üçün heç bir addım atmamış, əksinə, münaqişəli vəziyyətin - status-kvonun saxlanılması üçün əlindən gələni etmişdir. Üstəlik, beynəlxalq təşkilatların da onun qarşısında qoyduğu tələbləri və tətbiq olunan sanksiyaları yerinə yetirməkdən boyun qaçırmışdır. Münaqişənin həllində maraqlı olduğunu göstərən Ermənistan hakimiyyəti və prezidentinin də gördüyü işlər onların dediklərinin tam əksidir. Sarkisyanın Dağlıq Qarabağa səfərini də buna misal göstərmək olar. Bundan başqa, işğal olunmuş ərazilərdə erməni hərbçiləri tərəfindən həyata keçirilən təlimlər də ermənilərin münaqişənin həllində maraqlı olmadığını göstərən əsas amillərdəndir. Əslində, xüsusilə, belə bir vaxtda qondarma respublikaya edilən səfər də münaqişənin həlli ilə birbaşa məşğul olan beynəlxalq təşkilat və dövlətlər tərəfindən kəskin tənqid edilməli və Ermənistan prezidentinə bununla bağlı ciddi xəbərdarlıqlar edilməlidir. Lakin ikili standartların mövcudluğu belə bir addımın atılmasının qarşısını alır.
Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi nəinki region dövlətlərinin, eyni zamanda, bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olan məsələlərdəndir. Dünya ölkələrinin mətbuatında da bu münaqişə barədə müxtəlif dövrlərdə müxtəlif xarakterli yazılar çap olunur, informasiyalar yayılır. Belə məqalələrdən biri də bu günlərdə Almaniyada çap olunmuşdur. Ölkə qəzetlərindən birində çap olunan məqalədə "Dağlıq Qarabağ" respublikasının mövcudluğu və fəaliyyəti barədə fikirlər yer alıb. Alman müəllif adının "respublika" olmasına baxmayaraq, Dağlıq Qarabağın heç bir dövlət tərəfindən tanınmamasını fakt kimi göstərərək, bunun normal bir hal olmadığını nəzərə çatdırmışdır. Belə bir istehzalı fikrin bildirilməsi sanki bu "respublika"nı ələ salmaq məqsədi daşıyır. Məsələyə belə bir münasibətin bildirilməsi digər dövlətlər tərəfindən münaqişəyə olan mövqeyin tərzini ifadə etmiş olur.

Digər xəbərlər