PDF Oxu

Araşdırma

  • 12

Ermənistan Azərbaycana qarşı mübarizə aparmaq iqtidarında deyil

Ermənistan Azərbaycana qarşı mübarizə aparmaq iqtidarında deyil

Bu gün Cənubi Qafqaz regionu dünyanın ən qaynar və diqqət mərkəzində olan geosi yasi bölgələrindəndir. Burada cərəyan edən proseslər dünya ictimaiyyəti tərəfindən böyük maraq və diqqətlə izlənilir. Regionun münaqişəli olmasını nəzərə alsaq, bu diqqət və marağın da səbəbini anlamış olarıq. Bütün dünyada ayrı-ayrı regionlarda baş verən hadisələr və münaqişələr bu regionda da özünü göstərməsin deyə beynəlxalq təşkilatlar və dünya dövlətləri də Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın yaradılmasına çalışırlar. Buraya olan diqqətin digər bir səbəbi isə ayrı-ayrı dövlətlərin burada müəyyən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və xeyli miqdarda investisiya yatırmalarıdır. Buna görə də, regionun hər hansı bir ölkəsində baş verən proseslərə müdaxilə etmək və burada yarana biləcək təhlükəsizlik problemlərinin qarşısını almaqdır.

Cənubi Qafqaz regionunda yerləşən ölkələrin, yəni Azərbaycan, Gürcüstan və Ermənistanda sosial-siyasi və ictimai duruma nəzər salsaq, bunlardan yalnız birində Azərbaycanda uzunmüddətli bir sabitlik dövrünün olduğunu söyləmək olar. Ermənistanın daxili və xarici siyasətində baş verən hadisələr onun ümumi ictimai vəziyyətinin böhran vəziyyətinə düşməsinə səbəb olmuşdur. Ölkədə baş qaldıran kütləvi etiraz dalğaları özünün elə bir səviyyəsinə gəlib çatmışdır ki, ölkədə bütün sahələrdə böhran yaşanmaqdadır. Bu böhranın baş verməsi özü-özlüyündə ölkə hakimiyyətinin yeritdiyi yarıtmaz siyasətin göstəricisidir. Ermənistanın münaqişəli vəziyyətdə olması onun böhranlı vəziyyətinin daha da dərinləşməsinə səbəb olur. Qonşu ölkələrlə əlaqələrin olmaması Ermənistanın vəziyyətini daha da ağırlaşdırmaqdadır. Bütün bu səbəblərin nəticələridir ki, ölkədə sosial vəziyyət çox dözülməz olmuşdur. Ölkədə aclıq, yoxsulluq kimi hallar, qanun pozuntuları və kriminal hadisələrin sayı çoxalmışdır. Bunu Ermənistan dövlət orqanları da təsdiqləyir. Son açıqlamalara görə bu ilin ilk doqquz ayı ərzində ölkədə narkotik və insan alveri çox geniş vüsət almış, özünün ən yüksək səviyyəsinə çatmışdır. Bu göstəricilərə görə, Ermənistanı dünyanın ən geridə qalmış və müasir sivilizasiyadan kənar ölkələri ilə bir sıraya qoymaq olar. Ölkədə olan ağır iqtisadi və sosial vəziyyət əhalinin kütləvi surətdə ölkəni tərk etməsinə səbəb olur. Bu kütlə içərisində işsizlərin sayının çox olması ölkədə işsizlik səviyyəsiinin yüksək olmasından xəbər verir.
Dediyim kimi, böhranlı vəziyyət ölkənin, demək olar ki, bütün sahələrini əhatə etməkdədir. Bunu hərbi sahəyə də aid etsək, yanılmarıq. Belə ki, hərbi sahəsində olan problemlər artıq Ermənistanın yuxarı dairələrini də narahat etməkdədir. Çünki burada olan acınacaqlı vəziyyət o həddə gəlib çatmışdır ki, artıq heç bir erməni gənci hərbi xidmətə yollanmaq istəmir və bunun üçün müxtəlif vasitələrə əl atır. Hərbi xidmətdə olanlar isə orduda olan vəziyyətin dözülməz olmasından şikayət edir. Onlar bundan yaxa qurtarmaq üçün fərariliyə də əl atırlar. Hətta əsgərlər xidmətdə olduqları hərbi hissələri tərk edərək düşmən tərəfinə, yəni Azərbaycana keçməyi də göz altına alırlar. Gətirdikləri səbəblər isə onlara artıq Ermənistana qayıtmaq üçün heç bir əsas vermir və onlar hansısa bir üçüncü ölkəyə getməyi üstün tuturlar.
Bundan fərqli olaraq, regionun digər bir ölkəsi və Ermənistanla münaqişəli vəziyyətdə olan Azərbaycanda hər şey öz qaydasındadır. Ölkədə olan sosial-iqtisadi və ictimai vəziyyət özünün yüksək inkişafı və sabitliyi ilə seçilir. Ölkənin hərətərəfli inkişafı üçün dövlət tərəfindən yaradılan münbit şərait Azərbaycanın çox iri addımlarla dünyanın inkişaf etmiş ölkələrinə inteqrasiya etməsi üçün böyük bir stimuldur. Ölkə rəhbərliyi tərfindən müxtəlif sahələrə - sosial, iqtisadi, mədəni, hərbi sahələrə göstərilən qayğı ölkədə həyat tərzinin səviyyəsinin yüksəlməsinə səbəb olur. Artıq Azərbaycanda paytaxtla yanaşı, regionlar da özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur və bu yolda mühüm addımlar atılmaqdadır. Ölkə prezidenti tərəfindən qəbul olunmuş "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da ölkənin inkişafını şərtləndirən əsas amillərdəndir. Bu cür proqramların qəbul olunması nəinki regonlarda infrastrukturun yenidən qurulmasına, eləcə də əhalinin işlə təmin olunmasına xidmət edir.
Bundan başqa, müharibə vəziyyətində olan bir ölkə üçün hərbi sahənin gücləndirilməsinin əsas prioritet olduğunu da nəzərə almaq lazımdır. Bunu nəzərə alan Azərbaycan hökuməti də ordunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu sahədə irəlidə olan ölkələrlə, beynəlxalq hərbi təşkilatlarla qarşılıqlı əməkdaşlıq genişləndirilir və onların təcrübələrindən istifadə olunmasına üstünlük verilir. Ən yeni texnologiyalardan istifadə və bu texnologiyalardan baş çıxaran mütəxəssislərin yetişdirilməsi də dövlətin qarşısında duran mühüm məsələlərdəndir.
Azərbaycanda mövcud olan ümumi demokratik vəziyyət ölkə vətəndaşları ilə yanaşı, burada fəaliyyət göstərən digər millətlərin nümayəndələrinin də sərbəst yaşaması üçün şərait yaradılmışdır. Onlar burada özlərini dünyanın inkişaf etmiş ölkələrindəki kimi hiss edir və yaradılmış şəraitdən razılıqlarını bildirirlər. Hər halda, onların öz fəaliyyətlərini davam etdirməsi bunu sübut edir.
Azərbaycanla Ermənistanın mövcud vəziyyətlərinin belə müqayisəli şəkildə təqdim olunması onların münaqişəli vəziyyətdə olması ilə əlaqədardır. Bu gün iki ölkə arasında aparılan danışıqlarda Ermənistanın göstərdiyi qeyri-konstruktiv mövqeyinin də münaqişənin həllinə əngəl törətdiyini də qeyd etmək lazımdır. Lakin yuxarıda göstərilən faktlar da Ermənistanın durumunun Azərbaycana qarşı mübarizə aparmaq səviyyəsində olmamasına işarədir.

Digər xəbərlər