PDF Oxu

Araşdırma

  • 12

“Elmi kadr hazırlığı (monitorinq)” məcmuəsi nəşr olunub

“Elmi kadr hazırlığı (monitorinq)” məcmuəsi nəşr olunub

Dövlətimizin elmə diqqət və qayğısı intellektual kadr potensialının formalaşdırılması məqsədinə xidmət edir və elmi ictimaiyyətin qarşısında mühüm vəzifələr qoyur. Ölkə iqtisadiyyatının inkişafı, biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, sürətlə inkişaf edən yeni texnologiyaların mənimsənilməsi və tətbiqi intellektual potensialın gücləndirilməsini tələb edir.

"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiqi elmi fəaliyyətin əsas hərəkətverici qüvvəsi olan kadrların qloballaşan dünyanın yeni tələblərinə uyğun olaraq formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu strategiyanın qəbul edilməsində əsas məqsəd Azərbaycanda aparılan fundamental tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtiadi və ictimai-mədəni məsələlərinin həllinə uyğunlaşdırmaq, yüksək ixtisaslı elmi kadrlar hazırlamaq, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasını təmin etmək, elmin informasiya təminatını gücləndirmək, elmi potensialın ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəltməkdən ibarətdir. Həmçinin, Milli Strategiyanın həyata keçirilməsi üçün bir sıra mühüm vəzifələrin yerinə yetirilməsi tələb olunur ki, onlardan biri də müxtəlif təyinatlı və məqsədli elmi monitorinqlərin aparılmasıdır.
AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən "Elmi kadr hazırlığı (monitorinq)" məcmuəsinin hazırlanıb nəşr olunması da həmin məqsədin yerinə yetirilməsinə xidmət edir.
İnstitutun "İnformasiya texnologiyaları" nəşriyyatı tərəfindən çap olunan kitabçanın müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev, institutun Tədris-İnnovasiya Mərkəzinin tədris - hissə müdiri Rəsmiyyə Mahmudova və şöbə müdiri Gülnarə Nəbibəyovadır.
Elmi monitorinqin aparılmasına informasiya dəstəyinin göstərilməsi məqsədi ilə hazırlanan məcmuədə 2003-2008-ci illər ərzində AMEA İnformasiya Texnologiyaları İnstitutunda respublika üzrə mərkəzləşdirilmiş qaydada "İnformatika" fənnindən imtahan vermiş aspirant və dissertantlar, həmçinin, 2004-2008-ci illərdə dissertasiya müdafiə etmiş elmlər doktorları və namizədləri haqqında zəruri məlumatların statistik analizi öz əksini tapmışdır.
Məcmuə 2 bölmədən ibarətdir. I bölmədə 2003-2008-ci illər ərzində "İnformatika" fənnindən namizədlik imtahanı vermiş aspirant və dissertantlarla bağlı statistik məlumatlar yerləşdirilmişdir. Burada aspirant və dissertantların sayının illər üzrə paylanması, həmçinin, onların elm sahələri üzrə təsnif olunması, cinsi mənsubiyyət, yaş diapazonu, elmi və tədris müəssisələrinə görə bölgüsü haqqında cədvəl və qrafiklər verilmişdir.
II bölməyə isə 2004-2008-ci illər ərzində respublika üzrə dissertasiya işini müdafiə etmiş elmlər doktorları və namizədləri, onların illər, eləcə də cinsi mənsubiyyəti, elmi sahələrə və ixtisaslara görə təsnifatı, elm və təhsil müəssisələri və dissertasiya şuraları üzrə sayı haqqında məlumatlar daxildir.
Məcmuə elmi fəaliyyətin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, monitorinqi və qiymətləndirilməsi sahəsində çalışan işçilər, həmçinin, alimlər üçün nəzərdə tutulmuşdur.

Digər xəbərlər