PDF Oxu

Araşdırma

  • 14

AKP iki xalqın arasına düşmənçilik toxumu səpmək istəyir

AKP iki xalqın arasına düşmənçilik toxumu səpmək istəyir
Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı bu günlərdə hadisələr daha geniş məcraya daxil olub. Belə ki, bir neçə gün bundan öncə, iki ölkə arasında imzalanmış protokollar ratifikasiya olunması üçün parlamentin müzakirəsinə təqdim olunub. Bununla bağlı, artıq Türkiyə Milli Təhlükəsizlik İdarəsinin də prezidentin başçılığı ilə yığıncağı keçirilib. Ümumilikdə, məsələnin həlli ilə bağlı proseslər çox böyük sürətlə irəliləməklə yanaşı, böyük qalmaqallar da yaşanmaqdadır. Bu qalmaqallar istər Türkiyə-Azərbaycan münasibətlərində, istərsə də, Türkiyənin öz daxilində iqtidar-müxalifət münasibətlərində müşahidə olunmaqdadır.
Türkiyə-Azərbaycan münasibətlərinə bunun təsiri daha çox hiss olunmaqdadır. Türkiyənin Azərbaycan dövləti ilə strateji əlaqələri ilə yanaşı iki ölkə və xalq arasında tarixi dostluq əlaqələri də mövcuddur. Lakin Türkiyənin belə bir addım ataraq, Azərbaycan torpaqlarını işğal etmiş bir dövlətlə əməkdaşlıq əlaqələri qurmaq cəhdləri Azərbaycanla münasibətlərə xələl gətirməkdədir. Bunun əsas səbəbkarı kimi isə Türkiyənin hazırkı iqtidarı olan AKP hökuməti hesab olunur ki, onun da yeritdiyi siyasətin birbaşa Azərbaycana qarşı yönəldiyini iddia etmək olar. Çünki məhz bu iqtidarın hakimiyyətə gəlməsindən sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərdə müəyyən irəliləyişlər hiss olunmaqdadır. Bu münasibətlər bilavasitə rəsmi şəkildə olmasa da, qeyri-rəsmi və dövlətdən kənar şəkildə həyata keçirilirdi. İki ölkə arasında quru əlaqəsi olmasa da hava əlaqəsi var və Türkiyədə çoxlu sayda ermənilər yaşayır və fəaliyyət göstərir. Əlbəttə ki, məhz Türkiyə hökumətinin yaratdığı əlverişli şəraitdə.
Türkiyənin öz maraqlarına gəldikdə isə, burada onun Avropa Birliyinə üzv olması ilə bağlı qarşısına qoyulan tələblər əsas rol oynayır. Belə ki, Türkiyə dövləti uzun illərdən bəri Avropa Birliyinə üzv olmaq üçün səy göstərir. Ermənistanla münasibətlərin olmaması və sərhədlərin bağlı olması da bu məsələdə əngəl törədən məsələlərdəndir.
Lakin bütün bunlara baxmayaraq, Türkiyənin yuxarıda adıçəkilən səbəblərinin nəzərə alınması da onun Azərbaycana qarşı naxələf çıxmasına rəvac verə bilməz. Əlbəttə, Azərbaycanın müttəfiq belə olmasına baxmayaraq, onun Türkiyənin daxili işinə və yeritdiyi siyasətə qarışmaq ixtiyarı yoxdur. Lakin məgər Ermənistanla münasibətləri normallaşdırmaq Türkiyə üçün Azərbaycanla olan münasibətləri zərbə altına qoyacaq qədər mühümdürmü? İki ölkə arasında yaranan narazıçılıq artıq milli rəmzləri təhqir etmək səviyyəsinə də çatmışdır. Söhbət hər iki ölkədə yaşanan bayraq qalmaqalından gedir ki, bu da nəinki Türkiyə ilə Azərbaycan arasında münasibətlərə böyük bir zərbədir, həmçinin, bütün türk dünyası üçün xoşagəlməz bir haldır. Belə bir halın müşahidə olunması yalnız və yalnız Azərbaycan-Türkiyə dostluğunun, türk dünyasının, türk birliyinin düşmənlərinə sərfəlidir. Görünür, Türkiyə iqtidarı da məhz bu qüvvələrə xidmət edir. Onun gördüyü işlər bizə belə bir mühakimə yürütməkdən başqa çıxış yolu qoymur.

Digər xəbərlər