“Türkiyə parlamentində protokollar təstiqlənərsə...
Məlum olduğu kimi, BMT-nin açıqladığı hesabata görə, Ermənistan əhalisi aclıq və səfalət içərsində yaşayır. Mövcud fakt Sarksiyan hakimiyyətinin səhv siyasətinin məntiqi nəticəsi hesab etmək olarmı? KİV-lərdə yayılan məlumatlara görə, Türkiyə-Ermənistan arasında imzalanan protokol Türkiyə Böyük Millət Məclisində qəbul olunarsa, sərhədlər açılarsa, bu, işğalçı ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi? Bu və ya digər suallarla politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
- Ermənistan əhalisinin aclıq və səfalət içində yaşaması tək Sarkisiyan hakimiyyətinin səriştəsizliyindən irəli gəlmir. Ermənilərin bu vəziyyətə düşməsində həm də erməni millətinin əsassız iddiaları dayanır. Bundan əvvəl də işğalçı ölkənin vəziyyəti bu cür olub. Yəni Ermənistanda vəziyyət hər zaman ən aşağı səviyyədə olub. SSRİ dağılandan sonra adıçəkilən ölkədə sosial vəziyyətlə bağlı bir dənə də müsbət tendensiya müşahidə olunmayıb. Bu da, ondan irəli gəlir ki, ermənilər öz dövlətlərini gücləndirmək əvəzinə, Azərbaycan torpaqlarını işğal etməklə məşğul olub. İqtisadiyyatın inkişafı üçün bünövrədə heç nə yoxdur. Adıçəkilən ölkə Azərbaycanla müharibə şəraitindədir, ölkəmizin 20 % torpaqlarını işğal edib. Bildiyiniz kimi, Kəlbəcər işğal edildikdən sonra Türkiyə işğalçı ölkəylə sərhədləri bağlamışdı. İki ölkə arasında sərhədlərin bağlı olması, sözsüz ki, Ermənistan iqtisadiyyatında büruzə verdi. Bundan başqa, işğalçı dövləti bu vəziyyətdən müəyyən qədər çıxaran Rusiyanın təhriki ilə İrandır. Yəni onu qeyd etmək istəyirəm ki, Ermənistanda kim hakimiyyətdə olursa-olsun, ermənilərin çirkin əməllərinin nəticəsi olaraq, adıçəkilən ölkə hər zaman yoxsul vəziyyətdə yaşayacaq.
Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Mən də onların fikirlərinə əsaslanaraq, qeyd etmək istəyirəm ki, iki ölkə arasında imzalanmış protokol Türkiyə BMM-dən keçməyəcək. Çünki burada Türkiyənin itirəcəyi çox şey olacaq, həm də bununla adıçəkilən ölkə müsəlman aləmində imicinə xələl gətirmiş olacaq. AKP hakimiyyəti də bunu düşünməmiş deyildi. Ona görə də, hesab edirəm ki, Türkiyə Azərbaycanla Ermənistan arasında çərçivə razılaşmasının olmasına inanır və bundan sonra protokolu parlamentdə ratifikasiya edəcək. İndiki məqamda, yəni Azərbaycanla Ermənistan arasında razılıq əldə edilmədən işğalçı ölkə ilə Türkiyə arasında imzalanan protokollar parlamentdə təsdiqlənməyəcək. Əgər Türkiyə ilə Ermənistan arasında sərhədlər açılarsa, düşünmürəm ki, bu, Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olsun. İki ölkə arasında sərhədlərin açılmasını istəyən ölkələrdən biri də Rusiya Federasiyasıdır. Həm də məlumdur ki, RF Ermənistan hakimiyyətini nəzarət altında saxlayır. Yəni bütün bunları nəzərə alaraq, qeyd etmək istəyirəm ki, RF-nin razılığı, istəyi olmadan işğalçı ölkədə hakimiyyət dəyişikliyi olmayacaq.