Qusarda “Bələdiyyə- 2009” layihəsinin ilk təlimi keçiriləcək
"İrəli" İctimai Birliyindən verilən məlumata görə, 2009-cu ilin sonunda Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alaraq "Azərbaycanda yerli demokratiya həftəsi" çərçivəsində "İrəli" ictimai birliyi və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları vətəndaşların hüquqi biliklərini və seçkilərə marağını artırmaq məqsədilə birgə tədbirlər təşkil etmək barədə qərar vermişlər.
Respublikanın bütün şəhər və rayonlarında gənc fəallar üçün "Bələdiyyələrin statusu" və "Seçkiqabağı təşviqatın təşkili" mövzuları üzrə keçirilməsi nəzərdə tutulan təlimlərdə müasir kompüter texnologiyasından istifadə olunmaqla təqdimatlar və interaktiv müzakirələr aparılacaq.
Vətəndaşların diqqətini seçkilərə cəlb etmək üçün əyani vasitə olaraq "Yerli demokratiya həftəsi"nin loqotipi və seçiciləri fəal iştiraka çağıran plakatlar asılmış xüsusi avtobuslar Azərbaycan Respublikasının bütün şəhər və rayon ərazilərinə göndəriləcək, eyni zamanda, bütün rayonlarda layihənin posterləri asılacaq.
Bir neçə şəhər və rayonda təlimlərlə yanaşı, Bakı Musiqi Akademiyasının gənc tələbələrinin ifasında "Gələcək gənclərlə gələcək" şüarı altında klassik Azərbaycan musiqisi konsertlərinin təşkili də planlaşdırılıb.
Tədbirdə bələdiyyə seçkilərinə maraq göstərən gənc fəallar iştirak edəcəklər.
Nəzərinizə çatdıraq ki, 21 oktyabr 2009-cu ildən başlayaraq, ölkəmizin müxtəlif bölgələrində təlimlər start götürəcək. Layihə çərçivəsində ilk təlim 21 oktyabrda Qusar rayonunun "Məryəm" şadlıq sarayında keçiriləcək.