PDF Oxu

Araşdırma

  • 14

İşğalçı ölkənin əhalisi aclıq içindədir

İşğalçı ölkənin əhalisi aclıq içindədir
Ermənistandakı yoxsulların sayı daha 172 min nəfər arta və 906 min nəfərə çata bilər. Bu xəbərdarlıqla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Dünya Ərzaq Proqramı çıxış edib. Beynəlxalq qurumlar rəsmi Yerevana müraciət ediblər. Müraciətdə deyilir ki, dünya maliyyə böhranı üzündən xarici ölkələrdə, xüsusilə, Rusiyada işləyən ermənilərin sayı azalıb. Nəticədə onların ailələrinin gəlirlərində də azalma müşahidə olunur. Dünya Bankı ekspertlərinə istinadən edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Dünya Ərzaq Proqramı xəbərlarlıq edib ki, böhran nəticəsində Ermənistanda aclıqdan əziyyət çəkənlərin sayı arta bilər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının iqtisadçısı Devic Dayv bildirib ki, inkişafda olan ölkələr kənd təsərrüfatına təcili dəstək verməlidirlər: "Yoxsullar öz büdcələrinin əhəmiyyətli hissəsini qidalanmaya xərcləyirlər. Ona görə də, qida məhsullarının qiymətləri ucuzlaşdırılmalı və əlverişli səviyyəyə çatdırılmalıdır".
Qeyd edək ki, Ermənistanın əhalisi təxminən 2 milyon nəfərdir. Beynəlxalq təşkilatların araşdırmaları göstərir ki, bu ölkədə aclıqdan əziyyət çəkənlər əhalinin 50 faizini təşkil edir. Nəzərə alsaq ki, əhalinin müəyyən hissəsi artıq çoxdandır Ermənistanda yaşamır, o zaman 1 milyon nəfərə yaxın yoxsulun, əhalinin ümumi sayı ilə faiz nisbəti daha da çoxalır.
Son zamanlar Ermənistan rəsmləri ölkədə iqtisadiyyatın inkişaf etməsi və əhalinin sosial durumunun getdikcə yaxşılaşması barədə dəm vursalar da, Parisdə fransız dilində nəşr olunan gündəlik "Ermənistan xəbərləri" ("Les Nouvelles d’Armenie") qəzetinin 17 iyun tarixli nömrəsində dərc edilmiş "BMT-nin Dünya Ərzaq Proqramı Ermənistandakı vəziyyətdən narahatdır" sərlövhəli məqalə bunun əksini deyir.
Ərzaq məhsullarının qiymətinin getdikcə bahalaşması onsuz da vəziyyəti ağır olan əhalini var-yoxdan çıxarıb və yoxsulluğun son həddində yaşamaq məcburiyyətində qoyub. Ailəsini dolandırmaq xatirinə başqa ölkələrə üz tutmuş insanların əksəriyyəti çox vaxt getdikləri dövlətlərdə iş tapa bilmədiklərindən ailələrinə pul göndərə bilmirlər.
Əgər yaxın vaxtlarda Ermənistanda yaranmış böhran aradan qaldırılmasa, ölkədə acların sayı arta və qarşıda gələn qış onsuz da vəziyyəti ağır olan insanların vəziyyətini daha da acınacaqlı durum qarşısında qoya bilər.
İş qabiliyyətli ermənilərin əksəriyyətinin ölkəni tərk edərək ailəsini dolandırmaq məqsədi ilə Rusiya və Avropanın tikinti sektorlarında işləmələri Ermənistanda yaranmış ağır durumun aradan qalxmasına heç bir təsir göstərmir, əksinə, işçi qüvvəsinin itirilməsinə gətirib çıxarır.
Elə bu səbəbdən də, Ermənistandakı müəssisələrin, demək olar ki, çoxusu öz işlək funksiyalarını itirib və sənaye müəssisələri iflic vəziyyətə düşüb. Bir az da belə davam etsə, ölkədə sosial partlayış baş verə bilər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Dünya Ərzaq Proqramının xəbərdarlığı Ermənistanda yaranmış real durumu tam çılpaqlığı ilə açıb göstərir. Ermənistan dövlət yetkililərinin ölkədə inkişaf barədə dəm vurmaları əsil reallıqdan uzaq olub həm xalqı, həm də dünya ictimaiyyətini aldatmaqdan başqa bir şey deyil. Belə yerdə xalqımızın bir atalar sözü yerinə düşür: cidanı çuvalda gizlətmək olmaz.
Həqiqətən də, regionun ən yoxsul ölkəsinə çevrilən, sosial fəlakət qarşısında qalan, iqtisadi blokadaya düşən, qonşuları ilə ilə dinc yanaşı yaşamaq istəməyən bir ölkənin durumu bundan yaxşı ola bilməz.
Ölkə əhalisinin artıq 20 ildən bəri davam edən ağır böhrandan çıxmaq üçün hakimiyyətə təzyiq etmək etmək imkanları çoxaldıqca, hakimiyyət bunu nəzərə almaq zorunda qalır. Yerevandan gələn xəbərlərdən və səslənən son açıqlamalardan görünür ki, işğalçı ölkə rəsmiləri və ictimaiyyət nümayəndələri artıq hansı vəziyyətin yarandığını bunun nə ilə sonuclanacağını dərk etmiş durumdadırlar. Bu səbəbdən də, mövcud durumun gec-tez rəsmi Yerevanı reallığı nəzərə almağa, regionda sülhü və sabitliyi pozmaq əməllərinə son qoyulmasına gətirib çıxaracağı şübhə doğurmur.
Ölkənin ağır böhrana qədəm qoyduğu bir dövrdə son çarə kimi Türkiyə sərhədlərin açılmasına cəhd etmək də bir nəticə verməyəcək. Düzdür, AKP hakimiyyəti Türkiyənin və Azərbaycanın maraqlarına zidd olaraq işğalçı ölkə ilə əlaqələri gücləndirmək və sərhədləri açmaqla bu ölkəni fəlakətdən qurtulmasına yardım etmiş kimi görünür. Amma qeyd etmək lazımdır ki, heç bir iqtisadi potensialı, xarici ticarət üçün yetərli əmtəə istehsalı olmayan ölkəni Türkiyə ilə kiçik ticarət əlaqəsi də qurtara bilməz.
Ermənistanın xarici havadarları Türkiyəni buna məcbur etməklə Ermənistanı xilas etməyə çalışır. Lakin artıq hər kəsə aydın olub ki, terrorçu dövlət regionda işğalçılıq və soyqırım əməllərinə son qoymadıqca, Azərbaycanla münasibətləri yaxşılaşdırmayınca, bütün regional və beynəlxalq layihələrdən kənarda qalacaq, xarici investisiya cəlb edə bilməyəcək və iqtisadi böhrandan çıxa biməyəcək.
BVF-nin son proqnozuna görə, gələn il Ermənistanda iqtisadi azalma 15 faziə çatacaq ki, bu da artıq tam çökmə deməkdir. İndi Yerevanda anlayırlar ki, bu ağır böhranda çıxmaq üçün yeganə yol kompromisə gəlməkdir. Gec, ya tez, buna məcbur olacaqlar.
İşğalçı ölkəni buna vadar edən səbəblərdən biri də böyük qardaşının yardımı ilə ərazisini işğal edib, əhalisini soyqırıma məruz qoyduğu və düşmən elan etdiyi Azərbaycanın durmadan sürətli inkişafı ilə bağlıdır. Ermənistanla müqayisədə Azərbaycanın iqtisadi və hərbi qüdrəti dəfələrlə çoxdur.
Qafqazda və dünyada gedən prosesləri diqqətlə nəzərdən keçirdikdə, aydın olur ki, tarixi həqiqətin və ədalətin öz yerini tapmasına az qalıb. Azərbaycan Prezidentinin yeritdiyi siyasət gec-tez öz bəhrəsini verməlidir. Bunun simptomları artıq müşahidə olunur.

Digər xəbərlər