PDF Oxu

Araşdırma

  • 13

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici ola bilər

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici ola bilər
Bu günlərdə regionda çox mürəkkəb siyasi proseslərin cərəyan etdiyi bir vaxtda dünyanın supergüclərindən biri sayılan Rusiyanın bu proseslərə biganə qalması təəccüblü görünür və heç də birmənalı qarşılanmır. Əslində, Rusiyanın belə bir mövqe tutmasını onun öz daxilində olan zəifliklə əlaqələndirənlər də vardır ki, onlar da bəyan edirlər ki, Rusiya baş verən hadisələrə müdaxilə etmək, nəyisə dəyişdirmək iqtidarında deyil. Xüsusilə də, Dağlıq Qarabağ münaqişəsinin həlli, Xəzərin statusunun müəyyənləşdirilməsi, Türkiyə-Ermənistan sərhədlərinin açılması kimi proseslərdə Rusiyanın qeyri-fəal iştirakı diqqəti cəlb etməyə bilməz.
Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu barədə artıq kifayət qədər məlumat verilmiş, onun bu münaqişənin həllində oynaya biləcəyi əhəmiyyətli rolu nəzərə çatdırılmışdır. Məlum olduğu kimi, Rusiya elə sovet dövlətinin dağıldığı ilk illərdən bu günə qədər Ermənistanda ən böyük təsir imkanları olan ölkədir. Bu təsiri bütün sahələrdə - iqtisadi, siyasi, sosial, hərbi və s. sahələrdə hiss etmək olur. Əgər belə olmasaydı, onda heç Ermənistan dövləti özünün qurduğu hökumət hesabına nəinki güclənə bilməz, hətta yaşamaq şansını belə itirmiş olardı.  Rusiyanın bu illər ərzində dəfələrlə və mütəmadi olaraq, Ermənistana maliyyə yardımları ayırması barədə faktlar yuxarıda söylənilənlərə sübut ola bilər. Hətta Rusiya dövlətinin Ermənistana ayırdığı hərbi silah-sursat da onun hərbi sənayesinin güclənməsinə təsir göstərən amillərdən olmuşdur. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanla münaqişə vəziyyətindədir, onda Rusiyanın belə hərəkətinin onun işğalçı dövləti məqsədli şəkildə silahlandırmaq məqsədi güddüyünü də ehtimal etmək olar.  Əlbəttə, bunlar Azərbaycanın mənafeyinə və təhlükəsizliyinə təsir göstərə biləcək amillərdir. Çünki Rusiya tərəfindən Ermənistana sözdə satılan, əslində isə, hədiyyə verilən silahların dərhal Azərbaycanın işğal edilmiş rayonlarına - təmas xəttinə aparılması barədə Ermənistan rəsmiləri öz bəyanatlarında bildirmişlər. Bu silahların isə hər an Azərbaycana doğru yönəlməsi istisna edilmir. Bununla Rusiyanın gizli anti-Azərbaycan siyasətinin üstü də açılmış olur.
Rusiyanın Ermənistana göstərdiyi köməkdən başqa, onun daxili və xarici siyasi qərarlarına müdaxilə etmək, təsir göstərmək imkanları da vardır. Onun bu təsir imkanlarının Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı olmasını anlamaq çətin deyil. Qeyd etmək lazımdır ki, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarını işğal etməsində Rusiyanın da əlinin olması, rus hərbi qüvvələrinin iştirakı danılmaz bir faktdır. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibəti də bəllidir. Hökumət səviyyəsində açıqlanan mövqedə Azərbaycanın ərazi bütövlüyü tanınmış, onun təmin olunması üçün Rusiyanın da yardımının əsirgəməyəcəyi bildirilmişdir. Əlbəttə, Rusiyanın danışıqlarda davamlı olaraq, istər Minsk Qrupunun tərkibində, istərsə də, prezidentlər arasında keçirilən üçtərəfli görüşlərdə prezident səviyyəsində iştirakı onun məsələnin həllində nə dərəcədə maraqlı olmasını göstərən amillərdəndir. Lakin Rusiyanın bu münaqişənin həllində daha effektli ola biləcəyi barədə də fikirlər azlıq təşkil etmir. Onun danışıqlarda daha konstruktiv mövqe göstərməsi və status-kvonun saxlanılmamasında öz vassalına - Ermənistana təsirinin daha yüksək ola biləcəyi də bildirilir. Rusiyanın Ermənistan hökumətinin siyasi qərarlarının qəbuluna təsir göstərə biləcəyini nəzərə alsaq, onun bu məsələdə də Ermənistana təzyiq və təsir imkanlarından istifadə etmək iqtidarında olduğunu  düşünmək olar. Lakin nədənsə Rusiya hökuməti bu addımı atmaqdan çəkinir. Onun bu ləngiməsi isə, bütövlükdə, prosesi ləngitmiş olur.

Digər xəbərlər