PDF Oxu

Araşdırma

  • 9

Reket jurnalistikası sıradan çıxa bilərmi?

Reket jurnalistikası sıradan çıxa bilərmi?

Mətbuat Şurası reket jurnalistlərinin aradan qaldırılması üçün səylərini artırsa da, bu mübarizənin, hələ ki, efektsiz olduğu müşahidə olunmur. Siz bunun səbəbini nə ilə izah edərdiniz və bu problemin aradan qaldırılması yollarını nədə görürsünüz? Ümumiyyətlə, reket jurnalistlər sıradan çıxa bilərmi? Bu məsələyə aydınlıq gətirmək üçün qəzet baş redaktorlarına müraciət etdik.

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:

- İlk öncə, mən bir şeyi qeyd etmək istərdim ki, reket jurnalistikasının tamamilə kökünün kəsilməsi təkcə Mətbuat Şurasının işi ola bilməz, bu, bütövlükdə, cəmiyyətin işidir. Fikrimcə, cəmiyyətin özü dəyişməlidir və bu problemə yeni bir baxış ortaya qoymalıdır. Bu məsələ ilə bağlı olaraq hüquq-mühafizə orqanları da ciddi şəkildə bu cinayətkar ünsürlərlə mübarizə aparmalıdır. Ümumiyyətlə, bu, reket jurnalistikasına təkan verən amillər araşdırılmalıdır ki, həmin amillər nədən ibarətdir. Birinci amil, insanlar öz sosial problemlərinin çıxış yolu kimi bu şərəfli peşədən istifadə edərək, öz problemlərini həll etməyə çalışır. İkinci məsələ isə ondan ibarətdir ki, bu reket jurnalistikasının çiçəklənməsi üçün bəzi yerlərdə olan məmurların özləri şərait yaradır, yəni həmin jurnalistlər ora gedən kimi, həmin insanlar tərəfindən yaxşı qarşılanaraq, onlara müəyyən mənada yardımlar edilir. Sözsüz ki, bu yardımlar nəticəsində də həmən qəzetlər iki aydan bir çıxaraq nəşr edilir. Yəni məmurlar dəyişilməli və bilməlidir ki, bu ölkədə azad söz, azad fikir daşıyıcısı olan qəzetlər hansılardır və onların verdiyi sorğular nə dərəcədə reallığı əks etdirir? Zənnimcə, təkcə Mətbuat Şurası bu işlə məşğul ola bilməz.
Bu yaxın zaman ərzində reket jurnalistikasının tamamilə sıradan çıxması mümkünsüz bir məsələdir. Amma zaman keçdikcə, təbii ki, bu tip jurnalistika sıradan çıxacaq. Reket jurnalistikasının sıradan çıxması üçün zaman və işləm lazımdır.

Aydın Quliyev, "Baki Xəbər" qəzetinin baş redaktoru:

- Mənim müşahidələrimə görə, reket jurnalistikasının Azərbaycanda ən azı 10 il tarixi var. Ona görə də, həm Mətbuat Şurasının özü, həm də onun komissiyası bu reket jurnalistikasına qarşı apardığı mübarizə istiqamətində görülən işlər düzgün bir yoldur. Reket jurnalistikasına qarşı aparılan bu mübarizədə müsbət nəticələrə rast gəlmək mümkündür. Sadəcə olaraq, bununla bağlı bir qədər dözümlü və hövsələli olmaq lazımdır ki, bu aparılan proses özünün məntiqi sonluğuna çata bilsin. Ona görə də, bu məsələdə tələsmək lazım deyil, sadəcə olaraq, seçilmiş kursu prinsipial şəkildə axıra qədər aparmaq lazımdır.
Sözün doğrusu, indiki zamanda reket jurnalistikasının tamamilə sıradan çıxa biləcəyinə ümid etmirəm. Nə qədər ki, məmurların fəaliyyətləri şəffaf şəkildə deyil, ona görə də, ölkədə reket jurnalistikasının kökünün tamamilə kəsilməsi bir qədər çətin olacaq. Çünki sirr deyil ki, reket jurnalistikasının müəyyən bir hissəsi bəzi məmurlar tərəfindən idarə olunur. Bunun da kökünün tamamilə kəsilməsi üçün bütün məmur ordusunun fəaliyyəti ictimai nəzarət altına alınmalıdır.

Digər xəbərlər