ABŞ və Rusiya Qəbələ RLS-dən birgə istifadə etmək istəyirlər
Bu günlərdə Qəbələ RLS-dən istifadə barədə yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Əlbəttə, bir müddət bundan öncə, Qəbələ RLS-dən birgə istifadə bərədə ABŞ və Rusiya arasında uzunmüddətli danışıqlar aparılsa da, bu danışıqlar heç bir nəticə verməmiş, ortaq mövqeyə gəlinməmişdi. Hətta bu barədə ilk təklifi də Rusiya etmişdi. Hələ 2007-ci ildə Vladimir Putin ABŞ-a RLS-dən birgə istifadə barədə təklif etmişdi. Son günlərdə isə iki ölkə rəsmilərinin verdikləri bəyanatlarda Qəbələ RLS-dən birgə istifadəyə razı olduqları və bununla bağlı danışıqlara başlamaq istədikləri bildirilib.
Dünya ictimaiyyətinin nüvə silahları əleyhinə apardıqları mübarizədə əsas mövqe tutan ABŞ son zamanlar dünyada nüvə silahı əleyhinə mübarizəsini daha da genişləndirməkdədir. Onun bu mübarizədə əsas hədəfi isə İrandır desək, yanılmarıq. Belə ki, dəfələrlə İrana nüvə silahından və raketdən istifadəni dayandırmaq barədə ABŞ tərəfindən xəbərdarlıqlar edilsə də, bu heç bir nəticə verməmişdir. Bir müddət bundan öncə, ABŞ-ın Avropada raketdən müdafiə komplekslərinin yaradılması ilə bağlı iddialarının da məhz İranın yeritdiyi siyasətə qarşı yönəldiyini də qeyd edənlər olmuşdu. Hərçənd ki, bu da son nəticədə uğursuzluqla nəticələndi. Bundan sonra Avropadan ümidini üzən ABŞ bu kompleksləri yerləşdirmək üçün Qafqazın daha optimal bir məkan olmasını müəyyənləşdirib. Məlum olduğu kimi, Qafqazda yeganə radiolokasiya stansiyası Azərbaycanda - Qəbələdə yerləşir. Bu RLS isə artıq xeyli müddətdir ki, Rusiyanın istifadəsindədir. Qəbələ RLS-dən istifadə ilə bağlı Rusiya və ABŞ-ın birgə bəyanat yayması Azərbaycanda da birmənalı qarşılanmayıb. Qəbələ RLS-in mülkiyyətçisi kimi Azərbaycanın burada oynayacağı rol da maraqlıdır. Bu barədə Azərbaycan tərəfi hər hansı bir rəsmi açıqlama verməsə də, bunun hansı nəticələr doğuracağı barədə ehtimallar irəli sürmək olar.
Artıq arxada qalan müddət ərzində Qəbələ RLS-in Qəbələdə yerləşməsinin Azərbaycan üçün əhəmiyyətli cəhətləri olub. Belə ki, bu RLS-in Azərbaycanda yerləşməsi ölkəmizin regionda strateji və siyasi mövqeyinin daha da güclənməsinə yardım göstərmişdir. Ölkənin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında da bu kompleksin yüksək əhəmiyyətinin olduğunu qeyd etmək yerinə düşərdi. Lakin bu RLS-dən ABŞ və Rusiyanın birgə istifadəsi zamanı vəziyyətin necə olacağı barədə ehtimallar etmək də çətin deyil. Əgər indiyə kimi kompleksdən bir ölkə istifadə edirdisə, müzakirə olunan məsələnin reallaşacağı təqdirdə ondan artıq iki ölkə istifadə edəcək. Bu da yuxarıda adlarını çəkdiyimiz məsələlərin iki qat güclənməsinə yardımçı olacaq. Nəzərə alsaq ki, bu ölkələr də dünyanın supergüc sayılan dövlətləridir, onda regiona və ölkəyə olan maraq və diqqətin artacağı da gözlənilir. Yəni ABŞ və Rusiya gələcəkdə Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında maraqlı olacaqlarını qəti şəkildə müəyyənləşdirir. Bu, nəinki Azərbaycanın, eyni zamanda, Qəbələnin də region kimi artacaq mövqeyindən söz açmış olur. Belə ki, məsələnin reallaşacağı təqdirdə, Qəbələyə axacaq maliyyə vəsaitinin də məbləğinin artacağı gözlənilir. Buraya artan diqqət Qəbələnin iqtisadi və sosial cəhətdən mövqeyinin güclənməsinə şərait yaratmış olacaq.
Yuxarıda göstərilənləri nəzərə alsaq, demək olar ki, Qəbələ RLS-dən ABŞ və Rusiyanın birgə istifadəsi Azərbaycan üçün çox müsbət və əhəmiyyətli nəticələr verəcək. Hər halda ilkin ehtimallar bunu deməyə əsas verir.
Azərbaycana artan marağın onun mənafelərinin müdafiə edilməsində də öz əksini tapacağı şübhəsizdir. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına müsbət təsir göstərəcəyi də gözlənilir. Çünki hər halda ABŞ və Rusiya kimi dövlətlər fəaliyyət göstərdikləri ölkələrdə münaqişəli vəziyyətin olmasını istəməzlər. Bunun üçün də onlar tezliklə münaqişənin aradan qalxmasına çalışacaqlar desək, yanılmarıq.
ABŞ və Rusiyanın öz fəaliyyətlərini məhz Azərbaycan ərazisində qurmaq istəmələri isə bir sıra amillərlə bağlıdır ki, bunların da təmin olunmasında Azərbaycan hökumətinin əvəzsiz rolunu qeyd etmək yeninə düşər. Ölkə ərazisində siyasi və ictimai sabitliyin yüksək səviyyədə təmin olunması və ölkənin günün-gündən hər bir sahədə müşahidə olunan inikişafı məhz digər ölkələri burada öz fəaliyyətlərini qurmağa sövq edən amillərdəndir.