PDF Oxu

Araşdırma

  • 13

Bu gün prezidentlərin görüşü keçiriləcəkKişinyov görüşündən gözləntilər böyükdür

Bu gün prezidentlərin görüşü keçiriləcəkKişinyov görüşündən gözləntilər böyükdür
Məlum olduğu kimi, oktyabrın 8-9-da Moldovanın paytaxtı Kişinyovda MDB ölkələrinin dövlət başçılarının toplantısı keçiriləcək. Bu toplantı çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin də ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulub. Prezidentlər arasında keçiriləcək növbəti görüşün əsas təşəbbüskarları kimi çıxış edən Minsk Qrupunun həmsədrləri də artıq regionda səfərdədirlər. Onlar ilk olaraq Ermənistana və Dağlıq Qarabağa səfər etmiş daha sonra isə Azərbaycana səfər edərək buradakı vəziyyətlə də tanış olmuşlar.
Kişinyovda keçiriləcək görüşü həmsədrlər iyulda Moskvada keçirilən görüşün davamı kimi qiymətləndirir və orada əldə olunan razılaşmaların bu dəfə də mənafelərin uzlaşdırılmasında mühüm rol oynayacağını bildiriblər. Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında bu il ərzində bir sıra görüşlər keçirilmiş və bu görüşlərdə müəyyən razılaşmalar da əldə olunmuşdu. Əlbəttə, bu razılaşmalar hər hansı bir sənədin imzalanmasına şərait yaratmasa da, danışıqların gələcəyi üçün perspektivlər açmış oldu. Belə ki, erməni tərəfinin mərhələli həll planına uyğun, ilk olaraq, 5 rayonun qaytarılmasına razı olması əldə olunan irəliləyişlərdən biri kimi qeyd oluna bilər. Bundan başqa, "xalq diplomatiyası" adı altında Rusiyadakı Azərbaycan və Ermənistan səfirlərinin Dağlıq Qarabağa səfər etməsi və Ermənistan prezidentinin Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşündə Qarabağın Azərbaycan ərazisi olmasını təsdiq etməsi də əldə olunan uğur kimi qeyd oluna bilər. Ermənistan prezidenti bunu etiraf etsə də lakin öz iddialarından əl çəkməyərək hələ də tarixi Azərbaycan torpaqlarının azad olunmasına razılıq vermək istəmir.
Tərəflər arasında əsas fikir ayrılıqları isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi və Laçın dəhlizindən istifadənin necə olacağı barədə məsələlərdir. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində Ermənistan tərəfi Dağlıq Qarabağa müstəqillik verilməsinin tərfdarı olsa da Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağa yalnız yüksək muxtariyyət verilməsinin mümkün olacağını bildirib. O ki qaldı Laçın dəhlizinə Azərbaycan tərəfi bu günlərdə aıqladığı mövqeyində də bu dəhlizin hər iki ölkə tərəfindən birgə istifadəsinə razı olduğunu bildirib. Bunlar Azərbaycan dövlətinin danışıqlarda göstərdiyi dəyişməz mövqedir.
Ermənistan isə mövcud reallığı qəbul etməli və göstərdiyi mövqedə müəyyən kompromislərə getməlidir. Bunun tək Azərbaycan rəsmiləri deyil, eyni zamanda, dünya ictimaiyyəti də məsələnin həllində vacib olduğunu bildirirlər.
Həmsədrlər də Bakıda verdikləri açıqlamada növbəti görüşdən daha ciddi, əməli addımların atılacağını gözlədiklərini bildiriblər. Onlar Kişinyov görüşünün münaqişənin sülh yolu ilə həlli prosesinə böyük töhfə verəcəyinə inandıqlarını da istisna etməyiblər. Kişinyovda əldə olunacaq razılaşmaların ilin sonuna kimi hər hansı çərçivə sənədinin imzalanması üçün şərait yaradacağını da nəzərə çatdırıblar. Xüsusilə, amerikalı həmsədr R.Bradke öz ölkəsinin bu məsələyə olan münasibətini də açıqlayaraq bildirib ki, ABŞ da bu görüşə ümidlə baxır və müsbət nəticələr gözləyir.
Qeyd olunanları nəzər alaraq demək olar ki, bu gün keçiriləcək görüşün nəticələrinin müsbət olacağı barədə fikirlər üstünlük təşkil etməkdədir.

Digər xəbərlər