Sağlam cəmiyyət uğrunda böyük fəaliyyət
Ötən əsrin 90-cı illərin birinci yarısında azərbaycanlı fərdə, ilk növbədə, çörək, daha sonra isə ölkədə hökm sürən hərc-mərclik və özbaşınalıqlardan öz canını qorumaq lazım idi. İndi həmin fərdi ekoloji cəhətdən daha təmiz olan ərzaq və ölkədəki sabitlikdən bəhrələnərək daha yaxşı istirahət etmək, daha yaxşı yaşamaq məsələləri düşündürür.
Son illərdə dövlət ətraf mühitin təmizlənməsinə çox böyük diqqət ayırır. Dövlət başçısının tapşırığı və imzaladığı mühüm sənədlər əsasında ekologiya və təbii sərvətlər, səhiyyə, iqtisadi inkişaf və maliyyə nazirlikləri son beş-altı ildə ölkədə ekoloji tarazlığın bərpası və qorunması istiqamətində onlarla mühüm proqram və layihə icra edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı yekun nitqində qeyd etdi ki, ölkədə ekoloji tarazlığın qorunması məsələsi qarşıdakı illərdə daha geniş şəkildə gündəlikdə qalacaq: "Növbəti illərdə, Azərbaycanda- bu, Dövlət Proqramında da öz əksini tapıb,- içməli su, meliorasiya, suvarma problemləri həll edilməlidir.
Bunu etmək üçün bütün imkanlar var. Əvvəllər başladığımız layihələr icra olunur, Oğuz-Qəbələ- Bakı su kəməri tikilməkdədir, onun böyük hissəsi artıq tikilib. Samur-Abşeron kanalında iş gedir, Taxtakörpü su anbarı tikilir, digər lazımi tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Kür-Araz boyu yerləşən kəndlərin su ilə, yəni Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə içməli su ilə təmin olunması prosesi gedir.
Əvvəllər bulanıq sudan istifadə edən yüz minlərlə soydaşımız indi ən təmiz su alırlar. Bütün proqramın icrası nəticəsində 800 minə yaxın əhali təmiz içməli su ilə təmin olunacaqdır. Bu istiqamətdə əgər hansısa əlavə tədbirlər görmək lazımdırsa, bu məsələ də qaldırılsın. Su probleminin həlli işində biz beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edirik... Yenə də deyirəm ki, yüz minlərlə vətəndaşa təmiz su vermişik".
Görülmüş işlərin həcmindən asılı olmayaraq, dövlət başçısı sahə rəhbərlərinə tapşırıq verir ki, əgər əlavə tədbirlərə də ehtiyac varsa, məsələ qaldırılsın. Yəni Azərbaycan dövləti ölkə əhalisinin ekoloji təhlükəsizliyinin qorunması üçün heç nəyi əsirgəmir. Azərbaycan Prezidenti hələ Nazirlər Kabinetinin birinci rübünün yekunlarına dair iclasında nazirlərə və sahə rəhbərlərinə ekoloji məsələlərə dair digər konkret tapşırıqlar vermişdi: "Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram! Biz maksimum çalışmalıyıq ki, hansısa layihəyə maneçilik törədən ağaclar məhv edilməsin. İndi xüsusi maşınlar da alınıb. Bu maşınlarla ağacı kökü ilə bərabər çıxarıb başqa yerdə əkmək mümkündür".
Göründüyü kimi, Azərbaycan Prezidenti istənilən şəraitdə təbiətin, xüsusən, yaşıllığın qorunması üçün həm tapşırıqlar verir, həm də həmin tapşırıqların icrası üçün şərait yaradır.
Dövlət Statistika Komitəsinin hazırladığı hesabatda göstərilir ki, 2003-cü ilin oktyabrından bəri ölkə vətəndaşlarının həyatını və sağlamlığını, atmosfer havasını, su ehtiyatlarını, yerin təkini, torpağı, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün silsilə tədbirlər həyata keçirilib.
Ətraf mühitin mühafizəsi hökumətin daimi diqqət mərkəzində olub, 6 Dövlət Proqramı və milli strategiyalar qəbul edilib, köklü islahatlar aparılıb. Azərbaycan ətraf mühitin yaxşılaşdırılmasına dair 20 beynəlxalq konvensiyaya qoşulub.
Son illər təbiətin qorunmasına çəkilən xərclər ilbəil artıb. Təkcə onu qeyd edək ki, 2003-2008-ci illərdə ölkədə təbiətin qorunması üçün xərclənən vəsait 19 dəfə artıb. Dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" təsdiq edilmiş, nəzərdə tutulan işlərin müvafiq dövlət orqanları tərəfindən icrası təmin edilib.
2013-cü ilə qədər ölkə əhalisinin su təchizatı, ətraf mühitin mühafizəsi, bu sahə üzrə milli monitorinq, Xəzər dənizinin monitorinqi və balıqçılığın inkişafı sahəsində daha 23 nəhəng layihənin reallaşdırılması nəzərdə tutulur. Bu işləri görmək üçün dövlətin imkanı, dövlət başçısının təşəbbüskarlığı, eləcə də müvafiq orqanların icra prinsipiallığı vardır.
Bütün bunları nəzərə alan Prezident İlham Əliyev qeyd edir: "Bizim imkanlarımız artır, iqtisadi potensial artır, amma insanların sağlamlığı bilavasitə ekoloji vəziyyətlə bağlıdır. Ona görə də, bu məsələyə diqqət göstərilməlidir". Bu sözlər dövlət başçısının xalqın sağlamlığına, ölkəmizin gözəl təbiətinin qorunmasına nə qədər böyük önəm veridiyinin göstəricisidir.