Dastanların müştərək tədqiqinə həsr edilmiş simpozium öz işinə başlayıb
Bakı Slavyan Universitetində "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə"- "Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" . çərçivəsində "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə həsr edilmiş simpozium öz işinə başladı.
Qeyd edək ki, "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə"- "Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı layihə BSU-nun xarici ölkə universitetləri və mədəniyyət mərkəzləri ilə çoxşaxəli əməkdaşlığının yeni səhifəsini açır. Layihə BSU və Almaniyanın Mayns Univesiteti arasında bağlanmış müqaviləyə əsasən, 2007-ci ildə təsis edilmiş və Almaniyanın nüfuzlu elm mərkəzləri olan Mayns Universitetinin Şərqşünaslıq İnstitutu və Germanistika bölümü, həmçinin, Volkenştayn Cəmiyyəti ilə birgə həyata keçirilir. BSU "Kitabi-Dədə Qorqud" dastanının dünya xalqlarının digər məşhur eposları ilə müqayisədə tədqiqi istiqamətində də müvafiq addımlar ataraq, Rusiya və Fransanın əlaqədar universitetləri ilə bu istiqamətdə danışıqlar aparır.
Layihənin beş il müddətinə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə ildə bir dəfə Azərbaycanda və Almaniyada eposların ən müxtəlif aspektlərini əhatə edən beş ayrı-ayrı simpozium təşkil olunacaq.
Tədbiri giriş sözü ilə açan əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev qonaqları və tədbir iştirakçılarını salamladı. O, Azərbaycan xalqının mühüm tarixi və mədəniyyət qaynaqlarından biri olan "Kitabi-Dədə Qorqud" dastanının Oğuz türklərinin tarixini əks etdirdiyini və bu dastanın yüksək bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olduğunu bildirdi. "Kitabi-Dədə Qorqud" dastanının dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutduğunu, onun Azərbaycan xalqının , bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli əsər olduğunu söyləyən alim Azərbaycan xalqının bu möhtəşəm epik əsərinin əlyazmasının ən qədim nüsxəsinin Drezden Kitabxanasında saxlanıldığını bildirdi.
Sonra professor Kamal Abdullayev "Kitabi Dədə Qorqud: "Söz" və "söz" adlı məruzə ilə çıxış edərək dastanda "Söz və söz"ün mifik və poetik mahiyyətini açıqladı.
Tədbirdə çıxış edən Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Kristofer Stankina iki ölkə arasında əməkdaşlığa xüsusi önəm verdiyini, bu əməkdaşlığın bəhrəsi olaraq BSU-ya çoxlu sayda alman ədəbiyyat və plakatlarının hədiyyə olunduğunu, gələcəkdə bu ənənənin davam etdiriləcəyini bildirdi. Səfir Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dilinin bədii təsvir vasitələri ilə zəngin olduğunu, dastanda millət və vətən sevgisi ilə insan və təbiət sevgisinin bir harmoniya təşkil etdiyini söylədi.
Konfrans iştirakçılarını AMEA prezidenti akademik M.Kərimovun adından təbrik edən AMEA Rəyasət Heyətinin elmi katibi filologiya elmləri namizədi Sərxan Xavəri "Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" layihəsinin, bu layihənin ilk mövzusu olan "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə"nin müqayisəli təhlilinə həsr olunmuş bu simpoziumun böyük əhəmiyyət kəsb etdiyini bildirdi. "Kitabi-Dədə Qorqud"u Azərbaycanın milli mənsubiyyət sənədi adlandıran alim "Nibelunqlar haqqında nəğmə"nin də almanlar üçün eyni statusa malik olduğunu söylədi.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımov, doktor Sieglinde Hartmann "Nibelunqlar nəğməsi" və dünya mədəniyyətlərarası rəqabətdə germanistikanın gələcəyi" adlı məruzə ilə, doktor Hendrik Boeschoten "Kitabi -Dədə Qorqudun dili" adlı məruzə ilə çıxış etdilər.
Tədbir zamanı aktyorlarımızın ifasında Dədə Qorqud dastanından, alman aktyorlarının ifasında isə Nibelunqların nəğməsindən parçalar səsləndirildi.
Simpozium öz işini 3 oktyabr 2009-cu il tarixədək davam etdirəcək.