PDF Oxu

Araşdırma

  • 9

Dağlıq Qarabağ münaqişəsi dünyanın diqqət mərkəzindədir

Dağlıq Qarabağ münaqişəsi dünyanın diqqət mərkəzindədir
Bu günlərdə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 64-cü sessiyası dünya ictimaiyyəti üçün bir sıra mühüm siyasi hadisələrlə yadda qaldı. Assambleyanın iclaslarında müxtəlif dövlətlərin rəsmi şəxslər və hətta dövlət başçıları səviyyəsində iştirakı buraya olan diqqətin daha da artmasına səbəb oldu. İl ərzində yalnız bir dəfə keçirilən iclasın bu dəfə də mühüm qərarların qəbul olunması ilə yadda qaldı.
Burada Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məqam isə GUAM dövlətlərində münaqişələr və Dağlıq Qarabağın vəziyyəti ilə bağlı keçirilən müzakirələr oldu. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən müzakirələrdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak etmişdir. Onun çıxışı zamanı isə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında iki ölkə arasında aparılan danışıqlar və buradakı mövcud vəziyyət haqqında məlumat verildi. Bundan başqa, E.Məmmədyarov ABŞ-da olarkən, müxtəlif universitetlərdə də çıxış etmiş və Dağlıq Qarabağ münaqişəsi haqqında ABŞ ictimaiyyətinə düzgün məlumatlar vermişdir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumatlar təkcə BMT Baş Assambleyasının iclasında deyil, eyni zamanda, Azərbaycan xarici işlər nazirinin ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşündə də müzakirə obyekti olmuşdur. Dünyanın güc mərkəzlərindən olan ABŞ-ın bu münaqişənin həllinə olan marağı burada bir daha özünü göstərmişdir. Belə ki, məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi hələ bu ilin əvvəlində Elmar Məmmədyarovla Hillari Klintonun görüşü zamanı müzakirə olunmuş və dövlət katibi öz növbəsində, münaqişənin sülh yolla həlli üçün istənilən yardımı göstərməyə hazır olduğunu bildirmişdi. Belə müzakirələr eynilə Ermənistan xarici işlər naziri ilə keçirilən görüşdə də aparılmışdır. Əlbəttə, bütün bunlar ABŞ-ın dövlət səviyyəsində münaqişənin sülh yolu ilə həllinə olan marağının əyani sübutudur. Azərbaycan üçün ən vacib məqam isə ABŞ-ın münaqişənin həllində məhz beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olmasıdır. Bu isə Azərbaycana öz haqq işini davam etdirməkdə əlavə stimul vermiş olur.
BMT Baş Assambleyasının budəfəki iclasında Dağlıq Qarabağ münaqişəsi həm də Türkiyənin baş naziri R.T.Ərdoğanın da çıxışı zamanı toxunulan məqamlardan idi. Belə ki, Ərdoğan öz çıxışı zamanı Türkiyə Ermənistan sərhədlərinin açılmasını regionda sabitliyin təmin olunmasında vacib fakt olduğunu bildirməklə yanaşı, Dağlıq Qarabağ müqnaqişəsinin həllində də verdiyi dəstəkdən danışdı. O, ötən müddət ərzində Azərbaycanla Ermənistan arasında aparılan danışıqların geniş məcraya daxil olmasında Türkiyənin də rolunun olduğunu bildirdi.
Dağlıq Qarabağ münaqişəsinin təkcə Azərbaycanın deyil, eyni zamanda, regionda mühüm dövlətlərdən sayılan və hazırda BMT TŞ-nin üzvü olan Türkiyə tərəfindən də diqqət mərkəzində saxlanılması Azərbaycan üçün böyük perspektivlər vəd edir.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olaraq ötən il də BMT Baş Assambleyasında müzakirələr keçirilmiş, lakin təəssüf ki, istənilən nəticəni verməmişdi. Ötən bir il ərzində isə aparılan işlər danışıqların gedişatına müsbət təsir göstərmiş, irəliləyişlərin əldə olunması üçün münbit zəmin yaratmışdır. Elə bunun da nəticəsi olaraq Dağlıq Qarabağa qarşı müxtəlif dövlətlərin diqqəti artmış və nəhayət, BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəstəklənmişdir. Əlbəttə, hələ demək olmaz ki, münaqişənin həllində hansısa bir mühüm addım atılmış və ya hansısa bir sənədə imza atılmışdır. Amma qeyd etmək lazımdır ki, münaqişənin sülh yolu ilə həlli üçün artıq bəzi məsələlərdə razılığa da gəlinmişdir. Lakin həlledici qərarın qəbul olunması üçün Ermənistan tərəfinin göstərdiyi mövqe maneçilik törədir desək, yanılmarıq. Belə ki, Ermənistan hakimiyyətini heç də konstruktiv olmayan mövqeyi ikitərəfli münasibətlərdə gərginliyin azalmasına deyil, əksinə, daha da ziddiyyətli məqamların yaranmasına səbəb olmuşdur. Ermənistan prezidentinin keçirilən görüşlərdə və verdiyi açıqlamalarda göstərdiyi mövqe də artıq digər dövlətlərin də qəzəbinə səbəb olmuşdur.
Oktyabr ayında isə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə münaqişə ətrafında aparılan danışıqlarda razılaşdırılmamış məqamların müzakirəsi gözlənilir ki, bununla bağlı olaraq da, Minsk Qrupu öz fəaliyyətində bu istiqamətdə əməli addımlar atmağa səy göstərir. Yuxarıda da qeyd etdiyimiz kimi, həlledici qərarın qəbul olunması üçün Ermənistan rəhbərliyinin göstərəcəyi konstruktiv mövqe çox vacibdir.

Digər xəbərlər