Ehsan Zahidov: "Daxili İşlər Nazirliyi olaraq rüşvətxorluğa qarşı daim mübarizə tədbirləri həyata keçiririk"
Mahmud Hacıyev: "Yol Patrul Xidmətinin əməkdaşlarının üzərində daxili və ictimai nəzarət olsa nöqsanlar da aradan qalxar"
Ərəstun Məcidov: "DYP əməkdaşlarının yerindəcə pul almaları təəccüb doğurmamalıdır"
(Əvvəli ötən sayımızda)
Dövlətimizin ali məqsədlərindən biri də vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini ən yüksək səviyyədə qurmaq, onların üzləşdikləri problemləri aradan qaldırmaqdır. Bu istiqamətdə qəbul edilən demokratik qanunlar, prinsipial əhəmiyyət daşıyan qərarlar insanların daha rahat, firəvan yaşamalarını təmin etdiyini söyləməyə əsas verir. Düzdür, insan amili olan yerdə problemlərin də mövcudluğu təbiidir. Bu, nöqteyi-nəzərdən, Baş Dövlət Yol Polisində baş verən qanuna zidd əməllər də insan amilinin neqativ hərəkətləri hesab etmək olar. Amma bir məsələ var ki, bu insanlar bəzən qanuna zidd əməlləri ya bilərəkdən, ya da anlaqsız olaraq həyata keçirirlər. Bunu aparılan araşdırmalar və əldə edilən faktlar da sübut edir. Deyək ki, bir dəfə Baş Dövlət Yol Polis İdarəsindən yolu düşənlər və burada şıdırığı pul yığımının getdiyini müşahidə edənlər insan amilinə nə qədər acgöz və sayğısız yanaşıldığını görə bilərlər. Baş Dövlət Yol Polis İdarəsinin nəqliyyat vasitələrinin ərizəsinin doldurulması şöbəsinə müraciət edilsə, polis əməkdaşının qaba və etik normaları pozan davranışından əlavə, "pul ver, pul ver" deyimi ilə rastlaşarsan. Etiraz etmək də olmaz. Çünki istəsən də, istəməsən də, 5 manat ödəməlisən. Əks halda, daha böyük məbləğdə cərimə olunarsan. Necə deyərlər, danışmaq gümüşdürsə, susmaq qızıldır. Beləcə üz tutursan, 7-ci otağa. Burada qeydiyyat və təkrar qeydiyyat sektorunun müdiri İlqar müəllim müəyyən məbləğ alıqdan sonra üz tutursan avtomobillərin axtarış bazası üzrə kompüterlə yoxlanılması şöbəsinə. Düşünürsən ki, onsuz da mənim avtomobilim axtarışda deyilsə, arayış almaqda problem olmayacaq. Ancaq sən saydığını say, gör bu şöbənin təlimat almış əməkdaşı nə sayacaq: "4 manat ödəməlisən".
Vəkalətnamələrin təsdiq olunması, avtomobillərə texniki baxış şöbələrinin qiymətləri 10 manatdan 150 manata qədər dəyişir. Belə ki, vəkalətnamənin təsdiq edilməsinə görə, 10-20 manat ödəyirsənsə, texniki baxışa görə polis əməkdaşına 40-150 manat civarında pul verməlisən. Əks-təqdirdə, heç bir ölçü cihazı ilə ölçülməsi mümkün olmayan fəlakətlə üzləşərsən. Bu, acı reallıq da olsa, faktdır.
Əgər nömrə almaq fikrinə düşsən, buna görə müxtəlif məbləğlərdə pul ödəməlisən. Beynəlxalq praktikaya əsasən, demək olar ki, avtomobillərə nömrənin alınması ən yüksək halda, ABŞ dolları ilə götürsək, 100-150 dollar civarındadır. Azərbaycanda isə, Baş Dövlət Yol Polis İdarəsinin özünün qiymət siyasəti var və bu siyasətdən Taarif Şurası da baş çıxara bilmir. Çünki qiymətlər o dərəcədə enişli-yoxuşlu, ziq-zaqlıdır ki, məşhur öncə görücülər belə, bu qiymətlərdən baş çıxara bilməzlər. Nə isə, əgər şöbənin rəisi Müşfiq Rəhimovun razılığı əsasında əvvəli 0-la başlayıb cüt rəqəmlərlə qurtaran nömrə almaq istəsən 500-800, bəzən isə 1000-1500 manat ödəməlisən. Burada araşdırma apararkən, nömrələrlə bağlı fantastik qiymətlərin alınması ilə də bağlı məlumat aldıq. Bəlli oldu ki, 5000, 8000 manat, hətta 10.000 manat dəyərində nömrələr var. 010, 002, 003, 004... nömrələrinin isə öz qiymətləri var. Ən maraqlısı və diqqəçəkən odur ki, bu "xidmətlər" müqabilində heç bir qəbz verilmir. Düzdür, binanın 1-ci mərtəbəsində "ödənilən rüsumlar qəbz şəklində təqdim olunmalıdır" lövhəsi asılıb. Ancaq söhbət etdiyimiz avtomaşın sahibləri (onların ad və soyadları, eləcə də fikirləri barədə növbəti sayımızda geniş məlumat verəcəyik - red.) ödədikləri pulun müqabilində hər hansı qəbz almadıqlarını söylədilər. Müşahidələrimiz də bu lövhənin formal olaraq asıldığını üzə çıxartdı. Bu isə, "Vergi Məcəlləsi haqqında" qanunun tələblərinin kobud şəkildə pozulması deməkdir. Keçmiş polis rəisi Mahmud Hacıyev bizimlə söhbətində bildirdi ki, istənilən formada ödənilən vəsaitə görə, vətəndaşa qəbz təqdim olunmalıdır. Əgər qəbz təqdim olunmasa, bu hal qanuna zidd hesab olunur. Ona görə də, pul alan şəxs məsuliyyətə cəlb oluna bilər. Bu barədə Vergilər Nazirliyinin nümayəndəsi də maraqlı fikirlər söylədi.
(Ardı var)
R.S. Növbəti sayımızda Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidməti əməkdaşlarının Qaradağ və Nərimanov rayon ərazilərində 100 manatı 300 dolarla əvəz etməyi avtomaşın sahiblərindən tələb etmələrindən, Türkiyənin "Arıhan" Kargo şirkətinin Cənubi Qafqaz üzrə marşurutunda çalışan Metin Başaran adlı sürücüdən 3 min dollar tələb etmələrindən söhbət açacağıq. Təbii ki, sonda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovun və Baş Dövlət Yol Polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidovun baş verən rüsvayçılığa maraqlı mövqelərini qeyd edəcəyik.