PDF Oxu

Araşdırma

  • 8

Erməni diasporu sərhədlərin açılmasının əleyhinədir

Erməni diasporu sərhədlərin açılmasının əleyhinədir
Türkiyə-Ermənistan sərhədlərinin açılmasında yaranan problemlər mətbuatda yayılan məlumatlardan da açıq-aydın görünür. Belə ki, hər iki ölkədə müşahidə olunan ictimai-siyasi proseslər bunu bir daha sübut etməyə imkan verir. Xüsusilə, Ermənistanda olan acınacaqlı vəziyyət adıçəkilən prosesin irəliləməsinə imkan vermir. Ölkənin siyasi həyatında yaranan və günü-gündən dərinləşməkdə olan böhranlı vəziyyət ölkə rəhbərliyinin də yeritdiyi siyasəti əngəlləmiş olur. Müxalifətin də burada xüsusi rolunu qeyd etmək yerinə düşərdi. Əlbəttə, müxalifət partiyalarının son zamanlar aktivləşməsinin bir səbəbi də məhz Türkiyə-Ermənistan sərhədlərinin açılması ətrafında aparılan danışıqlardır. Bununla bağlı olaraq Ermənistan müxalifətinin irəli sürdüyü tələblər Ermənistan rəhbərliyinin sərhədlərin açılmasında göstərdiyi mövqeyini sərtləşdirməsidir. Ermənistan müxalifəti belə düşünür ki, iki ölkə arasında razılaşdırılmış protokollar yalnız və yalnız Türkiyə dövlətinin maraqlarını əks etdirir və burada uduzan tərəf məhz Ermənistandır. Buna bənzər çıxışları istər erməni müxalifəti, istərsə də Ermənistanın digər ictimai-siyasi xadimlərinin dilindən eşitmək olar. Nəzərininzə çatdırmaq istərdik ki, məhz bu etirazların məntiqi davamı olaraq Ermənistan müxalifəti kütləvi etiraz mitinqləri təşkil etməyə və hətta aclıq aksiyaları keçirməyə də başlamışdır. Müxalif Daşnaksütun partiyası öz etiraz mitinqlərində başda prezident Serj Sarkisyan olmaqla iqtidarın istefası və Türkiyə ilə əldə olunan razılaşmanın ləğv olunması tələblərini səsləndirir. Bundan başqa, Ermənistanın sabiq prezidenti sədri olduğu Erməni Milli Konqresi də bu və buna bənzər tələblərlə çıxış edərək, ölkə iqtidarının yeritdiyi siyasəti pisləmək mövqeyi tutmuşdur.
Lakin iki ölkə arasında gedən danışıqlara diqqət yetirsək, görərik ki, burada danşıqların predmeti olan sənədlərdə Türkiyənin hansısa bir üstünlüyünü təmin edəcək maddə yoxdur. Hətta Türkiyə nəinki Azərbaycanın maraqlarını təmin edəcək Dağlıq Qarabağ ərazisinin azad olunması tələbindən, hətta qondarma erməni soyqırımının ləğv edilməsi tələbindən də imtina edərək regionda sabitliyi yaratmaq məqsədi güddüyünü bildirib. Bu sərhədlərin açılmasından Ermənistanın əldə edəcəyi üstünlüklər isə artıq bəllidir. Onun gələcəkdə də bu münasibətlərdən yüksək səviyyədə yararlanacağını qeyd etmək yerinə düşərdi. İqtisadi və sosial çətinliklər məngənəsində boğulan Ermənistan üçün münasibətlərin normallaşdırılması hava su kimi vacib bir məsələdir. Bununla o, yaşamaq şansı əldə etmiş olacaq.
Lakin ölkə daxili etirazlar, buna qarşı çıxan qüvvələr vəziyyətin heç də belə olmadığını göstərməyə çalışırlar. Bəs görəsən, Ermənistanın bu qədər üstünlük əldə edəcəyi bir məsələyə etirazlar haradan qaynaqlanır? Bu suala cavab verərkən, bir məsələyə də diqqət yetirmək yerinə düşərdi. Bütün bu daxili etirazlarla yanaşı, xarici etirazlar da baş almaqdadır. Belə ki, erməni lobbisi də artıq Ermənistanın yeritdiyi siyasətdən narzılığını bildirməyə başlayıb. Hətta bəzi məlumatlara görə ölkə daxili etirazlar məhz erməni diasporunun xaricdən verdiyi dəstək əsasında formalaşır. Bunu da başa düşmək çətin deyil. Belə ki, illərdir dünyanın müxtəlif yerlərində Türkiyəyə və türklərə qarşı mübarizə, onlara qarşı əks təbliğat aparan erməni diasporu iki ölkə arasında münasibətlərin normallaşmasını qəbul edə bilməz. Belə olan təqdirdə, onların bütün səyləri boşa çıxmış olur. Bu amilləri nəzərə aldıqda, müxalifətin etiraz mitinqlərinin xaricdən idarə olunduğuna inanmaq çətin olmur.

Digər xəbərlər