Türkiyə-Ermənistan arasında imzalanması gözlənilən protokollar hər iki ölkədə ciddi narazılıq doğurub. Ermənistanda isə ikitirəlik yaranıb. İqtidar Türiyə ilə sərhədlərin açılmasının xeyrini, müxalifət isə zərərini hesablamaqdadır. Pprosesə erməni lobbisi də ciddi müdaxilə etdiyindən, ölkədə ara qarışıb məzhəb itib.
"Əgər Rusiya üçün Türkiyə ilə münasibətlər məqbul deyilsə, niyə bu ölkəni özünə strateji tərəfdaş sayır? Rusiya Azərbaycanı da özünə strateji tərəfdaş sayır. Rusiya qazı və nefti olan ölkələrlə dostluq edir. Bəs biz bu halda nə etməliyik, hava ilə dolanmalıyıq?" Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı jurnalistlərlə söhbətində Ermənistan-Türkiyə yaxınlaşmasını şərh edərkən bildirib.
Bu arada "Moskovski komsomolets" qəzetində Sarkisyanın müsahibəsi dərc olunub. Ermənistan prezident bildirib ki, ermənilər işğal edilmiş əraziləri azad etməyəcəklər və bu, "onların torpaqlarıdır". Bundan başqa, Sarkisyan bildirib ki, Azərbaycan Qarabağın müstəqilliyini tanımasa, heç bir danışıqlar olmayacaq.
Müsahibədə Sarkisyan faktiki olaraq ATƏT-in Minsk Qrupu çərçivəsində artıq əldə edilmiş razılıqlardan imtina etdiyini etiraf edib. Maraqlıdır ki, müsahibə dərc edildikdən sonra Sarkisyan müsahibə vermədiyini bəyan edib.
"Moskovski komsomolets" qəzetinin redaktoru Pavel Qusev isə Sarkisyanın qəzetin müxbirinə müsahibə verdiyini iddia edib: "Bizim jurnalistimiz Ermənistanda olub və digər jurnalistlərlə birlikdə prezidentə suallar verib. Sonra müsahibə prezidentin mətbuat xidmətinə göndərilib. Lakin prezident onu təsdiq etməyib".
Sarkisyanın mətbuat katibi Samvel Farmanyansa əvvəlcə prezidentin müsahibə vermədiyini, sonrasa Sarkisyanın sözlərinin təhrif edildiyini deyib. Göründüyü kimi erməni lider daxili auditoriyaya hesablanmış cəsarətli bəyanatı ilə özünü biabır edib. Əslində, onun qorxusu sülh müqaviləsinə müxalifətin, əsasən də, erməni lobbisinin etirazından doğur.
Daşnaksütyun partiyası Ermənistan-Türkiyə protokollarının təsdiqlənməsinə qarşı imza toplamağa başlayıb. Müxalifətçi "İrs" partiyası, "Yeni zaman" partiyası, "Konstitusiya hüququ ittifaqı" və Ermənistanın Marksist Partiyası da daşnakları dəstəkləyir.
Sarkisyanın keçmiş komanda yoldaşı, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyansa Ermənistan-Türkiyə protokollarının imzalanmasına qarşı xalq hərəkatının ön sıralarında durmağa hazırdır. Onun fikrincə, bunun üçün geniş ictimaiyyətin, təxminən əhalinin 60-70%-nin narazılığı olmalıdır: "Erməni xalqının heç bir nümayəndəsinin Ermənistan-Türkiyə protokollarını hazırkı vəziyyətində imzalamağa haqqı yoxdur".
Oskanyan hesab edir ki, erməni xalqı başa düşməlidir ki, sərhədlər açılsa, bu, ermənilərin tarixi, psixoloji və özünüdərk baxımından ciddi güzəştlərə getməsi nəticəsində baş verəcək.
Oskanyan dolayı yolla Sarkisyana xəbərdarlıq edib: "Mən heç vaxt belə bir sənədi xalqımızın müzakirəsinə çıxarmazdım və belə sənədi imzalamazdım. Əmin edirəm ki, bu sənədə imza atacaq şəxsə həsəd aparmıram. Tarix proqnozları sevmir və heç kim gələcəkdə hadisələrin necə inkişaf edəcəyini təxmin edə bilməz".
Oskanyan Ermənistanın maraqlarına cavab verməyən bu sənədin tələm-tələsik və üçüncü dövlətlərin, o cümlədən, ABŞ-ın təzyiqi ilə hazırlandığını vurğulayıb: "Sərhədlərin açılması Türkiyəyə lazımdır, çünki Avropa və ABŞ bu ölkəyə təzyiq edir. Sərhədlərin açılması Türkiyənin sərhədyanı bölgələrinin inkişafına müsbət təsir göstərəcək".
Ümumiyyətlə, Ermənistanda sərhədlərin erməni qüvvələri Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdən çıxarılmadan açılacağına şübhə edirlər.
Ermənistan prezidenti Serj Sarkisyan ötən günlərdə iqamətgahında partiya liderlərini qəbul edib. Görüşə 64 partiyadan 52-si qatılmışdı. Qatılmayanlar arasında Sarkisyana qarşı daha çox radikal mövqedən çıxış edən "İrs" Partiyası və Erməni Milli Hərəkatı da olub. Erməni Milli Hərəkatı Sarkisyanın legitimiliyini qəbul etmir. Müxalifətdən görüşə qatılan Daşnaksütyun Partiyasının təmsilçisi isə toplantıdan sonra tərəfdarlarını məyus edən açıqlama səsləndirdi: "Sarkisyanın İsveçrədə razılaşdırılan protokollara heç bir dəyişiklik etməyəcəyi aydınlaşdı". Bunun nətcəsidir ki, indiyə qədər yalnız xarici işlər naziri Edvard Nalbandyanın istefasını tələb edən Daşnaksütyun son bəyanatında prezidentin də istefasını tələb edə biləcəyini açıqlayıb. Müxalifət mübarizənin növbəti mərhələsinə hazırlaşır.
Sarkisyan Türkiyə ilə münasibətlərin nizamlanması məsələsində tək ölkədaxili deyil, xaricdəki erməni lobbisinin də müqavimətiylə mübarizəyə hazır olmalıdır. Ermənistan prezidenti artıq protokollarla bağlı erməni lobbisinin təmsilçiləriylə görüşəcəyini də bildirib.
Lobbini yola gətirmək daha mürəkkəb məsələdir. Erməni lobbisinin varlığı və fəaliyyəti "soyqırım"ın tanınması üzərində qurulub. Bu mövzu aktuallığını itirsə, lobbinin fəaliyyətinə də ehtiyac qalmayacaq. Odur ki, lobbi var gücüylə Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasının əleyhinə çıxır.
Xəbər verdiyimiz kimi, Ermənistan iqtidarı Türkiyə ilə əlaqələrin ölkəyə iqtisadi fayda gətirəcəyini sübut etməyə çalışır. Maliyyə naziri Tiqran Davtyan Dünya Bankının hesabatına əsaslanaraq Türkiyə ilə sərhədin açılmasının hər iki ölkənin xeyrinə olacağını vurğulayıb. Ticarət naziri Neres Eritsyan da həmkarına şərik çıxaraq ölkəsinin Avropa Birliyi ilə gələcəkdə sərbəst ticarət anlaşması imzalayacağını xatırladıb: "Türkiyə Avropa Birliyinin Gömrük İttifaqının üzvüdür, sərhəd açıldıqdan sonra Türkiyə vasitəsilə Avropa Birliyi ölkələriylə ticarət əlaqələrinə başlayacağıq".
Bu arada Ermənistanın Sahibkarlar İttifaqının rəhbəri Qaqik Makaryan da bildirib ki, Türkiyə bazarının açılması erməni ixracının həcminin azalmasını dayandıra bilər. 2009-cu ildə Ermənistandan ixrac 2008-ci il ilə müqayisədə 1,1 milyarddan 600-700 milyon dollara düşəcək. Türkiyə bazarı açıldığı halda bu rəqəmi təxminən 20% artırmaq mümkün olacaq. "Türkiyə bazarı bir çox cəhətdən bizə əvvəlki həcmi bərpa etməyə yardım edəcək. Sərhədlər açılarsa, Ermənistandan ixracat hazırkı marşrutlardan daha tez və ucuz olacaq. Nəqliyyat xərcləri 15% azalacaq. "Türkiyə dəniz limanlarına yol bu gün Gürcüstan limanlarından daha rahat və ucuzdur. Orada yüklərin saxlanması və gəmi fraxtları da gürcü limanlarından ucuz başa gəlir. Bundan başqa, bizim mallar Avropaya 3-4 gün daha tez çatacaq",- deyə Makaryan bildirib.
Türkiyədən idxalsa 30% arta bilər. Makaryan erməni bazarının ucuz türk malları ilə zəbt edilməsi ilə bağlı narahatlıqları şişirdilmiş sayır, amma türk malları Çin mallarını sıxışdıra bilər: "Erməni istehsalçılarına gəlincə, türk mallarının onlar üçün qorxusu yoxdur".
Ermənistanın Statistika Xidmətinin məlumatına əsasən, Ermənistan və Türkiyə arasında ticarət dövriyyəsi ildə təxminən 270 milyon dollar təşkil edir. Ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Qeyri-rəsmi məluata görə isə, iki ölkə arasında real ticarət dövriyyəsi 3 milyard dolardan artıqdır.
Göründüyü kimi, sərhədlərin açılaması prosesi erməniləri həm şirnikləndirir, hə də qorxudur. Çünki gec-tez işğalçı siyasətin pis sonluqla bitəcəyini anlayırlar.